Əli Qaradağidən ikibaşlı fitva: “Müsəlmanlar arasında savaş...”

29-10-2017, 18:41           
Əli Qaradağidən ikibaşlı fitva: “Müsəlmanlar arasında savaş...”
Dünya Müsəlman Alimləri Assosiasiyasının Baş katibi Əli Qaradaği peşmərgə ilə İraq Silahlı Qüvvələri arasındakı hər hansı qarşıdurma və döyüşün haram olduğu barədə fitva verib.

Ovqat.com xəbər verir ki, Qaradaği öz fitvasında Şimali İraq Kürd Muxtariyyətini və İraq hökumətini münaqişələri dayandırmağa və dialoqa çağırıb.

Fitvada döyüşün və qan tökməyin faydasının olmadığı, xalqların iradəsinin döyüşlə ifadə edilmədiyi də vurğulanıb.

“Zəfər sərxoşluğunun” İraqda daha çox qan tökülməsinə gətirib çıxartdığını bildirən alim din ortaqlığının və terrorla mübarizədəki birlikdəliyin əhəmiyyətindən bəhs edib: "Əli Qaradaği olaraq mən, müsəlmanların arasında müharibənin haram olduğu barədə fitva verirəm. Dialoq qəbul edilməlidir. İslamın əleyhinə olmadığı halda belə, hərbi alternativi və təkəbbürü Allah qəbul etməz".

İraqdakı bütün din alimlərini və qurumlarını qarşıdurmaların önünü kəsmək üçün rol oynamağa çağıran Qaradağinin əsas hədəfi isə İraq hökuməti olub:

"Ərbilin Konstitusiya təməlində dialoq tələbini qəbul edin, çünki bu şəriət və milli mənafe baxımından fərzdir və qan tökməyin, talanın qarşısını alır. Dialoqu qəbul etməyən tərəf zülmkardır. Dialoq istədiyi halda, hücuma məruz qalan tərəf isə özünü müdafiə etmək hüququna malikdir. Məhkum olduğu mübarizədə öldürülən hər kəs şəhiddir və yeri cənnətdir. Əks tərəfin yeri isə cəhənnəmdir. "

Qaradaği fitvasını açıqladığı çıxışında dünya ölkələrini də İraqda tərəflər arasında dialoq qurmaq üçün köməyə səsləyib.

Qeyd edək ki, Qaradağinin fitvasından əvvəl Bağdadla Ərbil arasında onsuz da dialoq başlamışdı. Şimali İraq Kürd Muxtariyyəti referendumun nəticələrini dondurduğu barədə açıqlama vermiş və dialoqa hazır olduğunu bildirmişdi. İraq baş naziri Heydər İbadi isə ilk əvvəl bu çağırışı rədd etsə də, daha sonra danışıqlara başlamaq üçün 27 oktyabrda müvəqqəti atəşkəsə getdiyini bəyan etmişdi. Bu bəyanatdan bir gün sonra peşmərgə və İraq komandirləri Mosulda görüşmüşdülər. Həmin görüşdə iştirak edən rəsmilərin ifadələrinə görə, bəzi mövzularda həmrəylik əldə edilmişdi. Hazırda isə Bağdad Ərbildən referendumun nəticələrini ləğv edəcəkləri barədə qərar gözləyir.

Belə bir zamanda Əli Qaradağinin açıq şəkildə Ərbili müdafiə etməsi, üstəlik, dialoq istəyən tərəfin məhkum edildiyi savaşda ölərsə, şəhadətə qovuşacağını və cənnətə gedəcəyini, əks tərəfin isə cəhənnəmə vasil olacağını bildirməsi sülhdən daha çox, savaş fitvasına bənzəyir. Bu ikili mövqe nə qədər təzadlı görünsə belə, başadüşülməz də deyil. Nədən ki, müsəlman dünyasının ortaq adamı kimi görünən Əli Qaradaği bir çox cəhətlərdən Ərbilə daha yaxındır.

Əvvəla, o, 1948-ci ildə İraqın Səlahəddin vilayətinə bağlı Qaradağ qəsəbəsində anadan olub. Səlahəddin vilayəti isə Şimali İraqdadır və kürd bölgəsi kimi tanınır. Qaradaği ərəb olsa belə, doğulduğu bölgənin həssasiyyətlərindən çıxış etməsi anlaşılandır.

İkincisi, Qaradaği ortaq islam dəyərlərində danışsa belə, məzhəbcə sünnidir, 1980-ci ildə “müsəlman qardaşları”nın məskəni kimi tanınan əl-Əzhər universitetinin Hüquq fakültəsini bitirib və əldə etdiyi bütün uğurları bu təşkilatın sayəsində qazanıb. Hazırda isə körfəz ölkələrinin islami bank və sığorta şirkətlərində şəriət hökmlərini nizamlayan qurumların, həmçinin fitva mərkəzlərinin ən sözü eşidilən üzvüdür. Şübhəsiz ki, bu xüsusiyyətlər istər-istəməz Qaradağini bəlli tərəfə cəkir.

Onu da unutmaq olmaz ki, son zamanlar ABŞ hakimiyyəti Yaxın Şərqdə İranın “Şiə hilalı” strategiyasının qarşısını almaq üçün kürdlərdən istifadə edəcəyini açıq şəkildə dilə gətirmişdi. Deməli, Şimali İraqda başlayan qovğanın hansısa tərəfin xeyrinə tamamlanması super güclərə sərf etmir. Super iradənin yeganə məqsədi tərəfləri daha amansız hesablaşmalara sürükləmək üçün münaqişələrə müqəddəslik donu geyindirməkdir. Qaradağinin “sülh” fitvası da öz daxilində bu cür “ülvi” mesajlar ehtiva etməkdədir.

Böyük ehtimalla, yaxın günlərdə Qaradağinin cavabını İraqın digər böyük din adamı, ayətullah Əli Hüseyn Sistani verəcək və bununla da ara qarışıb məzhəb itəcək.

Heydər Oğuz












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.