Bin Ladenin kasset kolleksiyasında nələr varmış?
22-08-2015, 23:42
2001-ci ildə ABŞ Əfqanıstana hərbi müdaxiləyə başlayanda Üsamə Bin Laden 1997-ci ildən bəri məskun olduğu Qəndəhar şəhərindən qaçmalı olmuşdu.
Ona aid bir neçə düşərgə tələsik boşaldılmışdı və bunlardan biri də Talibanın xarici işlər nazirliyi ilə üzbəüz idi. Burada əl-Qaidənin başbilənləri toplaşardılar. İçəridə 1500 maqnitofon kasseti aşkar olunmuşdu.
Talan edilmiş mülkün içərisində bir əfqan ailəsi bir anbar audio kasset tapmış, tezliklə bu tapıntı yerli kasset dükanına aparılmışdı. Taliban çıxıb gedəndən sonra bu kassetləri pozub onun vaxtında qadağan olunmuş pop musiqilərini yazmaq və yaxşıca qazanmaq olardı.
Lakin CNN üçün işləyən bir operator bu barədə eşitmiş, dükan sahibinə kassetləri yerinə qaytarmağı tövsiyə etmişdi. O demişdi ki, bu kassetlərdə çox mühüm şeylər ola bilər. O haqlı idi. Bütün bu kassetlər əl-Qaidənin səs kitabxanasıymış.
Sonradan kassetlər Massaçussetsdəki Williams kollecində fəaliyyət göstərən Əfqan Media Layihəsinə gəlib çıxmışdı. Layihə üzvləri Deyvisdəki Kaliforniya Universitetində ərəb dili və ədəbiyyatının bilicisi sayılan Flagg Millerdən dualardan, mahnılardan və mərhəm söhbətlərin səs yazılarından ibarət bu “dəryaya” baş vurmasını xahiş etmişdilər.
"Bu nəhəng bir iş idi” – deyə Miller 2003-cü ildə ona toz bağlamış iki qutu kassetin verildiyi günü xatırlayır.
“Mən təkcə elə bu işi necə görəcəyim barədə düşünə-düşünə üç gecə yatmadım” – deyir alim.
Bu hadisədən on il sonra Miller öz tapıntılarına dair “Dəyanətli dərviş” (The Audacious Ascetic) kitabını yazıb. Bu kitab təkrarsız bir səs kolleksiyası barədədir. Bu kassetlərdə 1960-cı illərdən 2001-ci ilədək dövrü əhatə edən səs yazıları var. Bu səslər Bin Laden də daxil 200-dək insana aidir.
Onun səsi ilk dəfə 1987-ci ilə aid kassetdən eşidilir. Bu əfqan-ərəb mücahidləri ilə sovet spetsnazı arasındakı döyüşün səsidir. Bu o vaxtlar idi ki, Bin Laden Səudiyyə Ərəbistanında böyüyüb başa çatdığı dəbdəbəli evi tərk etmiş və özünə ad qazanmaq üçün Əfqanıstanın kafir işğalçıları ilə döyüşməyə getmişdi.
"Bin Laden burada bacarıqlı döyüşçü obrazını yaratmağa çalışırdı. Bu çətin bir iş idi, çünki burada onu bir az modabaz kimi tanıyırdılar. Onun ayaqlarında dizayner səhra çəkmələri vardı” – deyir Miller.
"Lakin o özünümarketinqdə çox bacarıqlı idi və bu kassetlərdən bir çoxunda bunun şahidi oluruq - mif yaradıcılığının”.
Bu səs kolleksiyasına həmçinin Bin Ladenin 1980-ci illərin sonlarında, 1990-cı illərin əvvəllərində Səudiyyə və Yəməndəki dinləyicilər üçün etdiyi nitqlər də var.
"Bin Ladenin Ərəb yarımadasına yönəlik təhlükələr barədə necə danışdığını dinləmək heyran edir. Lakin düşmən kimdir? Burada düşmən Birləşmiş Ştatlar və ya Qərb deyil, bunlar başqa müsəlmalardır” – deyir Miller.
Əlbəttə, ABŞ tədricən Bin Ladenin bir nömrəli hədəfinə çevrilib, lakin onun erkən çıxışlarında “uzaq düşmən” söhbəti yoxdur.
Bir neçə il ərzində onu daha çox müsəlmanların İslamın onun sərt interpretasiyasında olan versiyasına “inamsızlığı” narahat edib.
"Bunlar ilk növbədə şiələrdir, İraq bəəsçiləridir, kommunistlər və Misir naserçiləridir” – deyə izah edir Miller.
“Bin Laden cihadı kimin əsl müsəlman olması məqamına gətirməyə çalışırdı”.
Audio kassetlər dinə gətirmənin və təbliğatın mükəmməl aləti idi. Onları asanlıqla köçürüb paylamaq olardı. Onlar əldən-ələ keçirdi və senzura onlara nadir hallarda diqqət yetirirdi. Bu kassetlər həmçinin Yaxın Şərqdə və Ərəb dünyasında çox populyar idi. Bu yerlərdə adamlar bu kassetlərə adətən geniş çevrədə, dostları ilə qulaq asırdılar.
Bu kolleksiyada moizələr və nitqlər daha çox yer alsa da, maraqlı məqamlar da var idi. Kassetlərin arasında insanın bədəninə girmiş cinlə söhbətlər də var. Hərçənd deyirlər ki, Bin Laden belə möcüzəbazlığa o qədər də meylli olmayıb.
Burada həmçinin Sovet işğalçı qüvvələrinə qarşı vuruşan əfqan-ərəb döyüşçülərin səsləri də var. Bunlardan biri də 1980-ci illərdə təlim düşərgələrindən birində səhər yeməyi zamanı yazılıb. Bu söhbətlər cəbhə xəttindəki həyatın yeknəsəqliyini əks etdirir. Bu söhbətlərdə yaxşı bir yeməyin xiffəti və ya Məkkədə “Mister Hellfire” ləğəbi ilə tanınan məşhur aşpazın əl qabiliyyəti barədə danışıqlar üstünlük təşkil edir.
Kassetlərin arasında İslam marşları da var. Bunlarda döyüş meydanının dramatikliyi, mücahidləri ruhlandıran musiqi mesajları var. Bu, başlıca səfərbərlik alətlərindən biridir.
"Bir çox mənalarda cihada gedən yol budur – ürəkdən keçir” – deyir Miller.
"Bu mahnıların emosional yükü var. Bu, bir çoxlarının haqqında oxuyacağı və ya televizorlarda görəcəyi döyüş səsini evlərə gətirir. Bu mahnılara qulaqcıqlı audiopleyerlərdə qulaq asmağın mərhəmliyi var, çünki bu musiqi doğrudan da təsəvvürü riqqətə gətirir”.
Burada Phil Collins, Fleetwood Mac və ya Rolling Stones varmı? Təəssüf ki, yox. Lakin Qərb pop musiqisi var bu kassetlərdə. Bu səslərin arasında Enrico Macias adı ilə çıxış dən Əlcəzair yəhudisi Gaston Ghrenassia var. O, özünə Fransada şöhrət tapsa da, sonradan, 1960-70-lərdə dünya məşhurluğu qazanıb.
"Düşünürəm ki, burada fransız mahnıları toplusunun olması Qəndəhardakı əfqan-ərəblərin neçə dildə danışa bilmələrini, çoxlu dünya təcrübəsinə malik olduqlarını göstərir. Bunlardan çoxu Qərbdə uzun müddət yaşamış insanlardır və təsəvvür etmək çətin deyildir ki, onların çoxçalarlı həyatları olub” – deyir Miller.
"Bu mahnılar onu göstərir ki, bu adamlardan kimsə həyatının müəyyən bir mərhələsində bu əlcəzairli yəhudinin mahnılarını xoşlayıb və əgər bunun küfr olduğunu hökm edən başqa mübarizələr olmasaydı, həmin adam onları xoşlamaqda davam edəcəkdi”.
Bu kassetlərin arasında adı çəkilən başqa bir gözlənilməz şəxs Mahatma Qandidir. Bin Laden 1993-cü ilin sentyabrına aid çıxışlarından birində ondan sitat gətirib.
Bu həm də ilk çıxışdır ki, burada Bin Laden tərəfdarlarını Amerika mallarının boykotuna çağırır.
"Britaniyanı düşünün, bu, bəzilərinin dediyi kimi elə bir imperiyadır ki, burada günəş heç vaxt batmır” – deyir Bin Laden.
“Qandı adlı bir hindli onun mallarının boykotuna çağırmaqla Britaniyanı özünün ən böyük müstəmləkələrinin birindən çıxmağa məcbur edib. Biz bu gün eyni işi Amerika barəsində görməliyik” – deyir Bin laden.
Bin Laden həmçinin öz auditoriyasını ABŞ səfirliklərinə məktub yazmağa, Amerikanın Yaxın Şərq münaqişəsindəki rolu ilə bağlı narahatlıq ifadə etməyə həvəsləndirir. Burada da Amerika əleyhinə zorakılıqdan söhbət getmir.
“Lakin bu münasibət 1996-cı ildə o Sudandan sürgün ediləndən sonra dəyişir” – deyir Miller.
"ABŞ-ın təzyiqi altında o, 1994-cü ildə Səudiyyə Ərəbistanı vətəndaşlığından məhrum edilib. Bu zaman o həm də bütün pullarını itirib. Özünü çıxılmaz vəziyyətdə hiss edib. Buna görə də Bin Laden öz ekstremist tərəfdarlarını riqqətə gətirmək üçün nə isə fövqəladə bir hərəkətə əl atmalıydı. Və bu barədə artıq 1996-cı ildə Tora Borada yazılmış kassetdən öyrənirik”.
Hindiquşda səngərlənmiş Bin Ladenin bu çıxışını çox vaxt onun ABŞ-a müharibə elan etməsi kimi qiymətləndirirlər. Lakin Miller bunun bir o qədər də dəqiq olmadığını bildirir.
"Onun çıxışının son üçdə biri 15 şeirdən ibarətdir və hər dəfə bu çıxış tərcümə ediləndə o 15 şeiri ötürürlər. Məhz buna görə də bu çıxışın medianın qələmə verməsinə rəğmən heç də tamamilə müharibə elanı olmadığını qiymətləndirmək çətindir”.
"O burada Birləşmiş Ştatların üzərinə hücumun zərurətindən danışır, lakin bunu daha böyük mübarizənin – Saudiyyə korrupsiyasına qarşı mübarizənin bir hissəsi kimi izah edir”.
Yalnız son kasset yazılarından birində 11 sentyabra müəyyən işarə edilib. Söhbət Nyu York və Vaşiqnton üzərinə basqına bir neçə ay qalmış Bin Ladenin cangüdəni Umarın toyunun qeyd olunmasından gedir.
"Bu kassetdə bir şənliyin səsi var, lakin Bin Laden gələn kimi şənlikdən əsər-əlamət qalmır. O deyir ki, “bayram etmək mühümdür, lakin bu ciddi məsələlərin üstünə kölgə salmamalıdır”.
Bundan sonra Bin Laden tükürpədən bir bəyanat verir.
“O açıq-aşkar “plan” haqqında danışır, təfərrüatları açmır. O deyir ki, “tezliklə yaxşı xəbər eşidəcəyik" və Allahdan “qardaşlarımıza kömək olmasını” xahiş edir” – deyir Miller.
"Mən başa düşürəm ki, burada söhbət 11 sentyabrdan gedir, çünki burada o konkret olaraq ABŞ-dan danışır”.
Çox maraqlıdır ki, Üsamə Bin Ladenə aid bir onilliyi əhatə edən səs yazılarında onun ən çox əlaqələndirildiyi məqama – Qərb üzərinə hücuma bu qədər az yer ayrılıb.
“Bu kassetlərin əksəriyyətində, əksər vaxtlarda adları əl-Qaidənin əsas düşməni kimi çəkilənlər müsəlman liderlərdir” – deyir Miller.
"Əl-Qaidənin Yəməndəki davamlı mövcudluğu, onun İraqdakı təsirləri və müsəlman dünyası boyunca müsəlman həyatlarının davam edən viran qoyulması sübut edir ki, bu təşkilat, bu ideya bir çox qanlı çığırları açıb”.
“Bu kassetlərdə 11 sentyabrın qaçılmaz olduğunu göstərən heç nə yoxdur. Bu yadıma düşəndə bu kassetlərlə işləmək çox çətin olurdu” – deyir Miller.
bbc