Ramzan Kadırov Rusiya məhkəmə və prokurorluğunu təhqir etdi
10-09-2015, 13:01
Çeçenistanın dövlət başçısı Ramzan Kadırov Rusiya Baş Prokurorluğunun ünvanlandığı tənqidə cavab verib.
Avropa.info xəbər verir ki, Kadırovun Cənubi Saxalin məhkəməsinin hakimini şeytan adlandırmasına cavab olaraq prokurorluq hakim və prokurorların iş fəaliyyəti ilə bağlı təhqir olunmasının qəbuledilməz olduğunu bildirmişdi.
Kadırov prokurorluğun iradına özünəməxsus şəkildə cavab verib:
“Mən Quranı ekstremist kitab kimi qəbul edən hakim və prokuroru şeytan və təxribatçı adlandırmışam. Onların qəbul etdiyi sənədin peşəkar fəaliyyətləri ilə heç bir əlaqəsi yoxdur. Rusiyanın qanun və maraqlarını qorumaq əvəzinə stabillik və təhlükəsizliyi pozurlar. Siz istəyirsiniz ki, cavabımı ictimaiyyətdən gizlədim? Xeyr, sabah bu haqda bütün dünya biləcək. Baş Prokurorluq yalnız hüquqi sahəyə aid olan sualları həll edə bilər. Maraqlıdır ki, məhkəmənin qərarı qanunsuzdur. Qanuna uyğun apelyasiya şikayəti vermişəm”.
Kadırov deyib ki, üzr istəmək fikrində deyil. Çünki məhkəmə Rusiya və dünyada milyonlarla müsəlmanın hislərini təhqir edib.
Qeyd edək ki, dünən Kadırov “Allaha dua: Onun İslamdakı yeri” kitabının Cənubi Saxalin məhkəməsi tərəfindən ekstremist material sayılması barədə qərarına sərt reaksiya vermişdi.