İnsanlar uşaq sahibi olmağı dayandırsa, bəşəriyyət nə vaxt məhv olacaq? - Alim cavab verdi
Bu gün, 16:48

Hazırda dünya əhalisinin sayı 8 milyard nəfəri ötüb. Lakin əgər insanlar tamamilə uşaq doğmağı dayandırsalar, bu, bəşəriyyətin yoxa çıxmasına səbəb ola bilər.
Qaynarinfo xəbər verir ki, "Live Science" nəşri bu barədə antropoloq, Binqemton Universitetinin professoru Maykl A. Littlin fikirlərinə istinadən yazır.
Professorun sözlərinə görə, doğumun kəskin şəkildə dayanması insanlığın yavaş-yavaş yox olmasına gətirib çıxarar. Əvvəlcə əmək qabiliyyətli gənclərin çatışmazlığı başlayar, bu isə dünya üzrə cəmiyyətlərin dağılmasına səbəb olar.
Maykl A. Littl xatırladır ki, BMT-nin hesablamalarına əsasən, 1974-cü ildə dünya əhalisi 4 milyard nəfər idi. Bu göstərici 2022-ci il noyabrın 15-də 8 milyardı keçərək iki dəfə artıb.
Hazırda bir çox ölkələrdə qadınlar əvvəlki illərə nisbətən daha az uşaq doğurlar. Ən kəskin azalma Hindistan və Cənubi Koreya da daxil olmaqla bir sıra ölkələrdə müşahidə olunur.
Professor qeyd edir ki, doğumun tamamilə dayanması nəticəsində ərzaq istehsalı və səhiyyə xidməti ilə bağlı ciddi problemlər ortaya çıxacaq. İnsanların sayı azalsa da, ərzaq və tibbi resurslar qıtlığa çevriləcək.
Maykl A. Littlin proqnozuna görə, əgər doğumlar dayansa, bəşəriyyətin yoxa çıxması 100 ildən tez, təxminən 70-80 il ərzində baş verə bilər. Bu, əsasən ərzaq, təmiz su və dərman çatışmazlığı səbəbindən ola bilər.
Bununla belə, professor qeyd edir ki, doğumun kəskin və qlobal şəkildə dayanması real görünmür. Belə bir ssenariyə səbəb ola biləcək yeganə amil yüksək yoluxuculuğa malik xəstəlik və ya nüvə müharibəsi kimi qlobal fəlakətlər ola bilər.
Alim əlavə edir ki, belə vəziyyətlərdə yaşlı və gənc nəsillər arasında tarazlıq da pozular. Gənc nəsil adətən texnoloji və sosial inkişafın əsas hərəkətverici qüvvəsidir və yaşlı nəslin çoxu məhz gənclərin köməyinə ehtiyac duyur.