Merts Aİ sammitində Rusiyaya qarşı sanksiyalar barədə qərar qəbul ediləcəyinə ümid edir
Bu gün, 16:14

Almaniya kansleri Fridrix Merts 26-27 iyun tarixlərində Brüsseldə keçiriləcək Aİ sammitində Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi barədə qərar qəbul ediləcəyinə ümid edir.
“Report” xəbər verir ki, bu barədə Baş nazir Yeddilik Qrupunun (G7) sammitinə qatılmaq üçün Kanadaya yola düşməzdən əvvəl jurnalistlərə açıqlama verib.
“Biz birlikdə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə başlanan [Rusiya – Ukrayna] atəşkəs danışıqlarında irəliləyişə nail olmalıyıq”, – Merts bildirib.
Onun sözlərinə görə, “Moskvanı danışıqlar masasına oturtmaq” üçün əlavə təzyiq lazımdır. “Buna görə də biz ayın sonunda Aİ-də yeni sanksiyalar tətbiq etmək istəyirik. Siz hamınız bu barədə təklifləri bilirsiniz”, – kansler əlavə edib. O, Kanadada keçiriləcək G7 görüşündə tərəfdaşların, xüsusilə də ABŞ-nin dəstəyini qazanmaq və onların öz tərəflərindən Rusiyaya qarşı yeni məhdudlaşdırıcı tədbirlər üzərində işləməsinə nail olmaq niyyətindədir.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen bildirib ki, Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzərində işləyir. Bu paketə neft sektoru ilə bağlı tədbirlər, neft üçün qiymət həddinin aşağı salınması, həmçinin “kölgə donanması” adlandırılan quruma qarşı yeni məhdudiyyətlər daxil olacaq.
G7 liderləri və bir sıra digər dəvət olunmuş dövlətlər 15-17 iyun tarixlərində Kanadanın Kananaskis kurort bölgəsində (Alberta əyaləti) keçiriləcək 51-ci illik sammitdə görüşəcəklər.