ABŞ rejimi sanksiyalarla çökdürür

30-05-2018, 23:01           
ABŞ rejimi sanksiyalarla çökdürür
Mayın 28-də İranda yenə qarşıdurma olub.

Etirazçılar yolu bağlayıb, polis güc tətbiq edib. İranın müxtəlif şəhərlərində yük maşınları sürücülərinin keçirdiyi etiraz aksiyalarına Güney Azərbaycan şəhərlərinin sürücüləri də qoşulub. Təbriz, Sulduz, Qoşaçay, Tikantəpə, Ərdəbil, Azərşəhr, Məlikan və digər Azərbaycan şəhərlərindən olan sürücülər aksiyalara qoşularaq, maşınların ehtiyat hissələri və yanacağının baha olmasına, sığorta haqlarının artırılmasına etiraz ediblər.

Məlikanda sürücülər bir neçə yolu bağlayaraq, avtomobillərin hərəkət etməsinə icazə verməyib. Məlumata görə, polis əməkdaşları etirazçılara hücum edərək, onları dağıtmağa çalışıb. Etirazçılardan bir neçəsinə güc tətbiq olunduğu bildirilir. Qoşaçay şəhərində keçirilən aksiyada da polisin müdaxiləsi və oxşar hadisənin yaşandığı deyilir.

İlk baxışda etirazların səbəbinin sosial tələblər olduğu görünür. Amma ekspertlər hesab edir ki, ABŞ-İran arasında iqtisadi münasibətlər yoxdur. İranın bankları ilə iki ölkə arasında pul köçürmələri də yoxdur. İki ölkə arasında iqtisadi münasibətlər iri miqyasda deyil. Amerikanın İrana sanksiya tətbiq etməsi ölkə üçün təhlükə törətməyəcək. Yalnız ABŞ-ın sanksiyaları dünya ictimaiyyəti tərəfindən qəbul olunduğu təqdirdə, ölkəni böyük böhran gözləyir.

Buna baxmayaraq bəzi şirkətlər İrana iqtisadi yatırımları dayandırıb, bəzi şirkətlər isə İranda fəaliyyətinə son verib. Bütün bunlar isə sosial etirazların qığılcımlarını nümayiş etdirir.
Bəzi ekspertlər isə hesab edir ki, ABŞ-ın İrana qarşı iqtisadi sanksiyaları ölkə üçün hələlik təhlükəli sayıla bilməz. ABŞ-ın İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların reallıqda rəsmi Tehrana təhlükə yaratması üçün dünya ictimaiyyətinin razılığı lazımdır. Belə ki, Avropa Birliyinin, eləcə də digər ölkələrin bu sanksiyalara dəstək verməsi İranı iqtisadi baxımdan iflic edə bilər.

Maraqlıdır, İrandakı aksiyaları sanksiyaların inqilaba təsiridirmi, yoxsa, Trampın inqilab ssenarisinin tərkib hissəsidir?

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan “Cümhuriyət” qəzetinə bildirib ki, sanksiyalar İran iqtisadiyyatına mənfi təsir göstərir: “Bu, yeni hadisə deyil. Yəni, İran 30 ildən çoxdur ki, sanksiyalar rejimi altında yaşayır. Yaxınlarda ABŞ prezidenti Donald Tramp 2015-ci ilin iyulunda qəbul edilmiş əhatəli razılaşma planından çıxdı. ABŞ-ın bu qərarı İranın dirçəlmək istəyən iqtisadiyyatına yenidən zərbə vurdu. Bunun ardınca Amerikanın İrana sanksiyaları gündəmə gətirməsi, heç şübhəsiz Avropa İttifaqı, eləcə də qonşu dövlətlərlə əlaqələrinə mənfi təsir göstərir. İran iqtisadiyyatı müəyyən çaşqınlıq vəziyyətindədir. Bu baxımdan ölkədə ayrı-ayrı sektorlar etiraz aksiyası keçirir. Təbii ki, inqilabın, dəyişiklik etməyin müxtəlif formaları var. Onlardan biri xarici müdaxilədir. Demokratiyanın gəlişi, yaxud daxildə terrorçulara qarşı mübarizə aparmaq adı ilə xarici müdaxilə edilir. Oxşar müdaxiləni İraqda, Suriyada da görmək olar”.

Ekspertin qənaətincə, ABŞ iqtisadi sanksiyalarla rejimi çökdürmək istəyir: “ABŞ sanksiya planını Rusiya və İran da daxil olmaqla bir sıra ölkələrə tətbiq edir. ABŞ iqtisadiyyatı çökdürməklə ölkədə sosial etirazların artmasına təsir göstərərək rejimi iddialarından əl çəkməyə vadar etmək istəyir. Ən pis halda isə rejimin süquta yetməsinə nail olmaqdır. ABŞ İranda hansısa etiraz aksiyası planlaşdırmasa belə, iqtisadi sanksiyalar səbəbindən ölkədə sosial vəziyyət narazılığa səbəb olur. Bu isə özünü etiraz aksiyalarında göstərir. Təbii ki, bu, regional hadisə deyil. Yəni, gedən prosesi Güney Azərbaycanla əlaqələndirmək olmaz. Bu, İranın bütövlükdə iqtisadiyyatına təsir edən bir hadisədir. Güney Azərbaycan hələ ki, İranın tərkibində olduğundan bu sanksiyalara məruz qalıb, əhali də öz etirazını bu formada bildirir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.