Ukraynada həbs edilən jurnalist Putinə müraciət etdi –İttihamlar sübuta yetirilsə, onu 15 ilədək həbs gözləyir

2-06-2018, 01:24           

“RIA Novosti-Ukrayna”nın həbsdə olan rəhbəri Kiril Vişinski Rusiya və Ukrayna prezidentlərinə müraciət edərək, onlardan kömək istəyib. O, Ukrayna vətəndaşlığından imtina etdiyini açıqlayıb.

Vişinski iyunun 1-də məhkəmədə deyib ki, Putindən “azadlığa buraxılması üçün gərəkən bütün tədbirləri görməsini” istəyir. O, Rusiyadan hüquqi yardım istəyib.

2015-ci ildə Rusiya pasportu almış Vişinski iki həftə öncə saxlanıb, vətənə xəyanətdə ittiham olunub. Özü ittihamları rədd edir.

Xatırladaq ki, Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) “RIA Novosti-Ukrayna”nın əməkdaşlarına qarşı irimiqyaslı əməliyyat aparıb, həm ofislərini, həm mənzillərini axtarıb. Vişinski evinin yaxınlığında saxlanıb.

SBU daha sonra yaydığı bəyanatda bildirirdi ki, Ukraynaya qarşı hibrid müharibə aparan media strukturları şəbəkəsi aşkarlanıb.

Vişinskinin Moskvanın xahişilə Rusiyanın Krım yarımadasını ilhaqına haqq qazandıran reportajlar hazırladığı bildirilir. Buna görə hər ay Rusiyadan 53 min avro (60 min dollar) aldığı iddia olunur.

İttihamlar sübuta yetirilsə, Vişinski 15 ilədək həbsə məhkum edilə bilər.

Azadlıq Radiosu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru