Ermənistanın kriminal səfiri vəzifəsindən getdi

23-08-2018, 07:37           
Ermənistanın kriminal səfiri vəzifəsindən getdi
Ermənistanın Ukraynadakı fövqaladə və səlahiyyətli səfiri Andranik Manukyan diplomatik fəaliyyətini bitirib.

Musavat.com xəbər verir ki, Manukyan bu barədə özünün Feysbuk hesabında yazıb.

“İndiki anda Ermənistanda keyfiyyətcə tamam başqa bir situasiya yaranıb. Düşünürəm ki, artıq yolu özünü göstərmək istəyən gənclərə verməyin vaxtıdır”, - Manukyan yazıb.

Erməni mətbuatının verdiyi məlumata görə, yeni hakimiyyət strukturlarındakı Qarabağ klanından təmizləmələri diplomatik korpusda da aparır. Məsələn, bu yaxınlarda Ermənistanın Belarusdakı səfiri Oleq Yesayan XİN tərəfindən geri çağırılıb.

Yesayanın ümumiyyətlə diplomatik kadrlardan gəlmədiyi, lakin sırf qarabağlı olduğu üçün bu vəzifəni daşıdığı bilinirdi.

Konkret olaraq Andranik Manukyana gəlincə, bu adamın adı ilk öncə 1999-cu ilin oktyabrın 27-də parlamentdə törədilən terror hadisəsi ilə tarixə düşüb. Həmin vaxt parlamentin deputatı olan A.Manukyan aldığı güllə yaralarından möcüzəvi şəkildə sağ qalıb. Hadisədən sonra o, bir müddət prezident Robet Köçəryana qarşı radikal müxalifətdə olub və hətta onu “27 oktyabr qətliamı”nın təşkilatçısı olmaqda ittiham edib.

Lakin sonralar Köçəryan onun ağzını yummağın yolunu tapa bilib.

2000-ci ilin mayın 20-də Andranik Manukyan baş nazir Andranik Markaryanın kabinetində Ermənistan hökumətinin aparatının rəhbəri vəzifəsinə təyin olunub. Daha sonra dövlət gəlirləri naziri, nəqliyyat və rabitə naziri kimi vəzifələrin sahibi olub.

Köçəryanın “xeyirxah ənənələri”ni Serj Sərkisyan da davam etdirib. 2010-cu ildə Andranik Manukyan Ermənistanın Ukraynadakı səfiri vəzifəsinə təyin olunub.

Ermənistan mətbuatı onun bu vəzifədə özünü əsl alverçi kimi apardığını qeyd edir.

Məsələn, 2015-ci ilin iyulun 13-də çıxan bir xəbərə görə, Ukraynanın xarici işlər nazirinin müavini Natalya Qalibarenko A. Manukyanla görüşərək ona səfirliyin fəaliyyəti ilə bağlı ciddi iradlar bildirib. N.Qalibarenkonun sözlərinə görə, Ermənistan səfirliyi uzun illər boyunca kriminal avtoritetlərə saxta diplomatik dövlət nömrələri paylamaqla məşğul olub. Erməni kriminallar bununla, diplomatik toxunulmazlıq statusları sayəsində Ukraynaya şübhəli mallar gətiriblər və müqavilələr bağlayıblar.

Lakin bu Andranik Manukyanın yeganə “qəhrəmanlığı” sayılmır. Erməni səfir Ukraynada məşhur bahalı rəsm taciri kimi də tanınıbmış. Manukyanın çoxlu sayda rəsm əsərlərinə sahib olduğu bilinir. Bundan başqa, Ukraynada elitar bir evlə bağlı yaranan qalmaqalda səfirin adı da işin fiqurantlarından biri olaraq keçib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.