Süni intellekt işimizi əlimizdən almayacaq – Nə etməliyik?
Bu gün, 11:14

Süni intellekt həyatımızı nə qədər asanlaşdırsa da, iş həyatında fərqli düşüncələr nümayiş etdiririk. Düşünürük ki, süni intellekt işimizi əlimizdən alacaq, bizim hər gün gördüyüymüz işləri robotlar əvəz edəcək, beləliklə biz işsiz qalacağıq. Lakin mütəxəssislər fərqli düşünür.
“The Josh Bersin Company”nin yeni araşdırması fərqli mənzərə göstərir. Məlumata görə, "AI" iş yerlərini tamamilə aradan qaldırmaq əvəzinə “superişçi” anlayışını ortaya çıxarır. Bu işçilər ənənəvi həmkarlarından 30%-dən çox yüksək məhsuldarlıq nümayiş etdirirlər.
Ekspertlər hesab edir ki, bəzi təkrarlanan, rutin iş yerləri yox olacaq, lakin ümumi mənzərə dəyişiklik və transformasiyadan ibarətdir. Əsas problem texnologiyanın özü deyil, bu güclü alətləri idarə edə biləcək yetərli kadrların tapılmasıdır. "AI" insanın yaradıcılıq, məntiq və mürəkkəb problemləri həll etmək bacarığını daha da gücləndirir.
“Superişçi” kimdir?
Bu, "AI"dən istifadə edərək məhsuldarlığını, yaradıcılığını və performansını əhəmiyyətli dərəcədə artıran işçidir. Onlar "AI" vasitələrini iş proseslərinə tətbiq edərək eyni vaxtda ikiqat nəticə əldə edə bilir və dəyişikliklərə açıq yanaşırlar.
"AI"nin iş dünyasını dəyişmə mərhələləri:
Yardımçı – "AI" gündəlik işləri sürətləndirir, məsələn, e-poçtların xülasəsini çıxarır.
Gücləndirmə – Rutin işləri "AI" görür, insan isə daha dəyərli tapşırıqlara yönəlir.
Selektiv əvəzləmə – Sadə proseslər tam avtomatlaşdırılır, yeni iş yerləri yaranır.
Avtonom sistemlər – "AI" bütün iş axınını idarə edir, insan əsas qərarlara nəzarət edir.
Şirkətlərin uğur nümunələri:
Döhler (Almaniya) – HR proseslərini AI köməkçisi ilə sürətləndirib, işçilərin müraciətləri daha tez cavablanır.
Darussalam Assets (Bruney) – İşə qəbul müddətini 3-4 aydan 3-4 həftəyə endirib.
Delta Air Lines – 100 min işçisini daxili karyera imkanları ilə AI vasitəsilə uyğunlaşdırır, rəhbər vəzifələrin 25%-i daxili işçilərlə doldurulub.
Aşağıda göstərilən nümunələrdən aydındır ki, "AI" əslində insanlar üçün bir rəqib deyil, amma onu düzgün başa düşməsək və öyrənməsək, gələcəkdə peşə bacarıqlarımızı itirmək təhlükəsi ilə üz-üzə qala bilərik. Texnologiyaya qarşı qorxu əvəzinə, onun imkanlarını mənimsəmək və ondan yararlanmaq lazımdır ki, gələcəyimizi öz əlimizlə məhv etməyək.
Superişçinin əsas bacarıqları:
Yeni texnologiyaları sınamaq istəyi
"AI" nəticələrini tənqidi qiymətləndirmək bacarığı
Güclü ünsiyyət və izah etmə qabiliyyəti
Problemləri dərindən analiz etmək
Necə superişçi olmaq olar?
Həftədə bir rutin işi "AI" ilə avtomatlaşdırmağı sınaqdan keçirin.
“Prompt engineering” bacarığını inkişaf etdirin.
Təcrübələrinizi həmkarlarla paylaşın, AI layihələrinə könüllü qoşulun.
Mütəxəssislərin fikrincə, gələcəyin iş dünyasında qalib gəlmək üçün uyğunlaşmaq, öyrənmək və "AI"dən yararlanmaq əsas şərtdir. Süni intellekt əksər hallarda işinizi əlindən almayacaq, əksinə, sizi daha məhsuldar və dəyərli edəcək.