Dünən Ağ Evdə atılan imzalar regionumuz üçün xüsusi əhəmiyyətə malikdi...
Bu gün, 00:06

Dünən Cənubi Qafqaz üçün önəmli, tarixi, təməl paradiqmaları dəyişən bir gün oldu, məncə, 8 avqust tarixi də təsadüf deyildi – Rusiyanın Cənubi Qafqazda Gürcüstana qarşı aqressiyasının, qonşu, dost dövlətin 20% torpaqlarının işğal etməsindən düz 17 il keçir. Əminəm ki, dost Gürcüstan da mütləq öz ərazi bütövlüyünü və suverenliyini bərpa edəcək, işğala son verib Rusiyanın Cənubi Qafqazda tam zəifləməsini təmin edəcək.
Yeri gəlmişkən, son 5 ildə müxtəlif beynəlxalq konfranslarda, tədbirlərdə, xarici diplomatik nümayəndələr, “beyin mərkəzləri”, jurnalistlərlə görüşlərdə Azərbaycanın atdığı addımların son nəticəsi olaraq Kremlin bölgəmizdə zəifləyəcəyini dəfələrlə söyləmişdim – o zaman bu tezisə həddən artıq skeptik yanaşırdılar, hətta bizim TV kanallara verdiyim müsahibələrdə də bu tezisi dəfələrlə izah edib, əsaslandırırdım - nə xoşdur ki, son günlərdə həmin o skeptik yanaşanların bir çoxu şəsxi təmaslarda səhv ediklərini etiraf etdilər.
Dünən Ağ Evdə atılan imzalar regionumuz üçün xüsusi əhəmiyyətə malikdir, son 5 ildə Azərbaycan və Türkiyənin addım-addım getdiyi yolun təntənəsi və bəhrəsidir. Prezident İlham Əliyevin bu mənzərənin yaranmasında böyük payı var – necə deyərlər, düzə-düz, əyriyə-əyri. Prezident Əliyevin son 5 ildə atdığı addımlar, qurduğu ittifaqlar Azərbaycan dövlətinin xarici siyasətini ən yüksək səviyyəyə qaldırdı – indi artıq daxili məsələlərə yönəlmənin, Cənubi Qafqazda yaranmış yeni paradiqmanın dividendlərinin toplanması vaxtıdır.
Bunun üçün çox asan atılacaq addımlar da var, aylar-illər çəkəcək ciddi islahatlar da - əsas odur ki, başlamaq, işləmək lazımdır. Çox tez bir zamanda görülə biləcək addımlar bunlardır: 1) Quru sərhədlərin açılması, 2) Yeni, sıfırdan, kiçik-orta sahibkara dost olacaq vergi və gömrük məcəlləsinin qəbulu, Gömrük Komitəsinin ləğvi, onun funksiyasının İqtisadiyyat, və ya, Maliyyə nazirliyinə, kiçik bir şöbə olaraq, verilməsi. Yeni məcəllələrdə vergi dərəcələri və gömrük rüsumları kəskin azaldılmalıdır, bunun əvəzinə mənasız “sosial öhdəliklər”, ləğv edilməlidir.
Orta-uzun vadədə görüləcək işlər: 1) Yeni Ana yasanın qəbulu – idarəetmə sisteminin tam dəyişdirilməsi, 2) Ölkənin inzibati-ərazi bölgüsünün yenidən təsis edilməsi – 14 iqtisadi rayonun inzibati-ərazi vahidinə çevrilməsi və İcra Başmısı institutunun ləğvi, 3) Yerli öznüidarə institutlarının gücləndirilməsi, şəhərlərdə Mer vəzifəsinin təsisi və birbaşa seçkilərlə müəyyən edilməsi, 4) Təhlükəsizlik xərclərinin kəskin azaldılması, hüquq-mühafizə sistemində ixtisarlar, onların vəzifə və funksiyalarının iqtisadiyyata müdaxilə hissəsinin tam ləğv edilməsi, 5) Məhkəmə islahatları – hakim sayının artırılması, ədalətli, çevik hüquq sisteminin təsis edilməsi, 6) Aşırı tənzimləmə gətirən, iqtisadiyyata, biznesə mane olan qanun və qaydaların ləğvi, “kiçik-effektiv hökumət” modelinə keçid. Yəni, bir çox nazirlik, dövlət idarələri, agentliklər ləğv edilməli, və ya, funksilaraı azaldılaraq təkmilləşdirilməlidir.
Bir daha – Prezident Əliyev və Azərbaycan Dövləti xarici siyasətdə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsində fantastik uğur qazandı, post-sovet məkanında Kremlin yaratdığı problemləri həll etməyi bacaran yeganə dövlət olduq, bu fəxr edilməli, tarixi uğurdur, indi əsas fokus daxili problemlərə yönəlməli, Rifah Dövlətinin yaranması üçün əzmlə çalışmalıyıq.
Natig Jafarli
TEREF