İran sabiq israilli nazirin öz casusu olduğunu təsdiqlədi
29-08-2018, 15:47

İranın kəşfiyyat naziri Mahmud Ələvinin İran dövlət müəssisələrində xarici ölkələr üçün çalışan onlarla casusun həbs olunduğunu açıqlayarkən işlətdiyi bir ifadə diqqəti çəkib. İran kəşfiyyat naziri Ələvi düşmən bir ölkənin hökumət üzvünün İran kəşfiyyatı üçün çalışdığından bəhs edərkən nazirin kim və hansı ölkədən olduğunu bildirməyib. Amma qısa müddət öncə İran üçün casusluq etməkdə təqsirləndirərək, həbs olunan İsrailin sabiq energetika və infrastruktur nazirlərindən Gonen Segevə işarə etdiyini hər kəs anlayıb. Beləliklə, İran hökuməti İsraildə İran hesabına çalışmaqda ittiham olunaraq, həbs edilən keçmiş nazirin həqiqətən öz casusu olduğunu dolayı yolla da olsa təsdiqləyib. Ələvi bunu, "Yaxın zamanda eşitdiyiniz kimi düşmən bir ölkənin bir hökumət üzvünü nəzarətimiz altına almışdıq", - sözləri ilə ifadə edib. Xatırladaq ki, İsrail daxili kəşfiyyat xidməti "Şin Bet" Gonen Segevin 2012-ci ildən başlayaraq, İran kəşfiyyatıyla əməkdaşlıq etdiyi və keçmiş əlaqələri vasitəsilə əldə etdiyi İsrail ilə bağlı müxtəlif məlumatları Tehrana ötürdüyünü açıqlamışdı.