Gürcüstanın azərbaycanlı deputatları Söyün Sadıqovu təxribatda suçladılar

30-01-2019, 08:39           
Gürcüstanın azərbaycanlı deputatları Söyün Sadıqovu təxribatda suçladılar
“O, heç vaxt Gürcüstanın çətin günlərində soydaşlarımıza dəstək olmayıb...”
Gürcüstanın Axalkalaki rayonunun Buğaşen kəndində Qarabağda azərbaycanlılara divan tutan erməni terrorçu Mikael Avakyana abidə qoyulmasına etiraz edən Rusiyada yaşayan Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti, Rusiya prezidenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı milyoner Söyün Sadıqov Gürcüstan hökumətini azərbaycanlıların muxtariyyət tələb etməsini təşkil edəcəyi ilə hədələyib. O deyib ki, bu hadisə Gürcüstanın dövlət və hökumət rəhbərlərinin Azərbaycana qarşı açıq xəyanətidir.

“Bunun bir adı var - Azərbaycana xəyanət! Bu hadisə Azərbaycan xalqına qarşı böyük hörmətsizlikdir, təhqirdir. Bu həm də gürcü xalqına qarşı xəyanətdir. Bununla başda Gürcüstan prezidenti və baş naziri olmaqla, ölkənin dövlət və hökumət rəhbərliyi separatizmi dəstəklədiyini ortaya qoydu... Mən Gürcüstan xalqına çağırış edirəm ki, öz hökumət və dövlət başçılarını bu abidənin ləğv edilməsinə səsləsinlər. Əks halda, Azərbaycan kimi müttəfiqlərini itirəcəklər... Azərbaycanın dəstəyi olmasaydı, Gürcüstan çoxdan erməni və gürcü separatçılarının qurbanına çevrilərdi. Gürcüstanı bir dövlət kimi ayaqda saxlayan Azərbaycan dövlətinin verdiyi dəstək və bu ölkədə yaşayan azərbaycanlılardır. Əgər belə davam etsə, yaxın gələcəkdə erməni separatçıları Gürcüstanda öz muxtariyyətini elan edəcək”.

S.Sadıqov Gürcüstan prezidentinə və baş nazirinə sözügedən erməni terrorçusunun abidəsinin sökülməsi üçün 2 ay vaxt verib: “Əks halda, bu onlar üçün baha başa gələcək. Onlar bu səhvlərini düzəltməsələr, o zaman mən məcbur olub Gürcüstanda yaşayan soydaşlarımızı öz muxtariyyətlərini tələb etmək üçün ayağa qaldıracam”.

Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” Partiyasının azərbaycanlı deputatı Mahir Dərziyev “Yeni Müsavat”a açıqlamasında Söyün Sadıqovun təxribatla məşğul olduğunu bildirdi: “Söyün Sadıqovun bəyanatı çox təhlükəli bir çağırışdır və təxribatdır. Gürcüstan demokratik ölkədir. Büst məsələsini həm azərbaycanlılar, həm də gürcülər qınadılar, pislədilər. Gürcüstan öz daxilində separatçılıqdan əziyyət çəkən ölkədir. Həmin erməninin büstünün burada ucaldılması ilk növbədə Gürcüstana qarşı hərəkətdir. Bu, Azərbaycan-Gürcüstan münasibətlərinə xələl gətirmək üçün həyata keçirilən işdir. İndi də Söyün Sadıqovun çağırışı həmin təxribatın davamıdır. Söyün Sadıqov əslən Borçalıdandır. Onu Gürcüstana ancaq və ancaq burada doğulması bağlayır. O, Rusiya vətəndaşıdır, buradakı azərbaycanlılarla başqa heç bir əlaqəsi yoxdur. Onu Gürcüstan azərbaycanlıları qəbul etmirlər. Söyün Sadıqov Rusiya Federal Təhlükəsizlik Xidmətinin polkovnikidir, Rusiyanın digər xüsusi xidmət orqanları ilə əlaqəsi olan adamdır. O, Rusiyanın istəklərini, maraqlarını güdən adamdır. İndiyə qədər Gürcüstanda müşahidə olunan bəzi qanunsuz olaylarda da onun adı hallandı. Söyün Sadıqovun Gürcüstanda yaşayan azərbaycanlılara müraciət etməyə, buradakı azərbaycanlılar adından danışmağa heç bir mənəvi haqqı yoxdur. O, heç zaman Gürcüstanın çətin günlərində soydaşlarımıza dəstək olmayıb. Onun azərbaycanlılar arasında heç bir nüfuzu, hörməti yoxdur. Hər kəs onu Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı hesab edir və heç bir sözünə inanmır. Söyün Sadıqov o bəyanatı ilə faktiki olaraq cinayətə yol verib, Gürcüstanın qanunlarını pozub. Onun təhrikçi fikirləri Gürcüstan Konstitusiyasının və Cinayət Məcəlləsinin konkret maddələrinin pozulmasıdır. Gürcüstanın konstitusiya quruluşunun pozulmasına cəhd, xalqı separatçılığa çağırmaq ağır cinayət əməlidir. Söyün Sadıqov barədə cinayət işi açıla bilər. Yəqin ki, o, nə zamansa Gürcüstana gəlsə, hüquq-mühafizə orqanları onun hərəkətinə hüquqi qiymət verəcək”.

Deputat bəyan etdi ki, Gürcüstan azərbaycanlılarından heç kim Söyün Sadıqov kimilərinin hansısa çağırışlarına qoşulmaz: “Onun hansısa çağırışına burada məhəl qoyan yoxdur. Hər kəs bilir ki, Söyün Sadıqov əslində o cür fikirlərlə erməni dəyirmanına su tökür və bu, Ermənistanın xeyrinədir. Ermənistanın və Rusiyadakı bir sıra qüvvələrin marağındadır ki, Azərbaycanla Gürcüstanın münasibətləri pozulsun, korlansın. Həmin büstün qoyulması və Söyün Sadıqovun məlum fikirləri məhz buna hesablanıb. Bütün gücləri ilə çalışırlar ki, iki dost ölkə arasında münasibətlər pozulsun. Amma bilsinlər ki, istəklərinə nail ola bilməzlər. Azərbaycanla Gürcüstanın, azərbaycanlılarla gürcülərin dostluq münasibətlərini pozmaq mümkün deyil. Bizi çox sıx tellər bir-birimizə bağlayır”.

Gürcüstan parlamentindəki müxalif Vahid Milli Hərəkat Partiyasının azərbaycanlı deputatı Azər Süleymanov da Söyün Sadıqovun təxribatçılıqla məşğul olduğunu və həmişə Gürcüstanda yaşayan soydaşlarımızı təxribata çəkmək istədiyini bildirib: “Söyün Sadıqov bir dəfə də olsun Gürcüstana gəlməyib və hər bir çağırışında çalışır ki, burada yaşayan azərbaycanlıları təxribata çəksin. Ya muxtariyyət, ya da qarşıdurma çağırışlarında olub. Gürcüstan bizim vətənimizdir və heç vaxt bu ölkənin parçalanmasına razı ola bilmərik, onun bütövlüyü, müstəqilliyi uğrunda mücadiləyə hazırıq. Söyün Sadıqova cinayət işi açılmalı və o, hüquqi məsuliyyətə cəlb olunmalıdır”.

A.Süleymanov Azərbaycan torpaqlarının işğalında iştirak etmiş Mixeil Avagyanın büstünün sökülməsinin vacibliyini də vurğulayıb: “Gürcüstan hakimiyyəti bu hadisəyə göz yummaqla bütün dünya azərbaycanlılarına arxadan zərbə vurdu. Gürcüstan prezidenti Salome Zurabişvili seçkiqabağı Axalkalaki rayonunda erməni seçiçiləri ilə görüşündə onlara vədlər verib. Belə çıxır ki, bu gün həmin vədlər yerinə yetirilir. Necə ola bilər ki, hakimiyyətin bundan xəbəri olmasın? Bütün icra strukturları, bələdiyyələrdə hakimiyyətin adamları yerləşdirilib. Belə bir tədbir keçirilsin, Ermənistanın Gürcüstandakı səfiri həmin tədbirdə iştirak etsin, amma hakimiyyətin bundan xəbəri olmasın. Bu gün Zurabişvili hakimiyyətinin iç üzü ortaya çıxır. Çünki Borçalı bölgəsi seçkilərdə Mixail Saakaşviliyə səs verdi. Salome Zurabişvili indi də intiqam alır. Həm də proseslərin arxasında Bdzina İvanişvili hökuməti durur və birbaşa dəstək verir”.

Gürcüstan parlamentinin digər azərbaycanlı deputatı, “Gürcü Arzusu” fraksiyasının üzvü Savalan Mirzəyev isə bildirib ki, terrorçuya abidə qoyulması müəyyən qüvvələrin Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışmasıdır. Modern.az-a açıqlamasında deputat deyib ki, torpaqları işğal altında olan və separatçılıqdan əziyyət çəkən Gürcüstan heç bir zaman separatizmi dəstəkləməyib: “Mən bu hadisəni Azərbaycana qarşı yox, ilk növbədə Gürcüstana qarşı atılan bir təxribat hesab edirəm. Çünki bələdiyyə səviyyəsində verilən bu qərar nə hakimiyyətin, nə də Gürcüstan dövlətinin qərarıdır. Baş verən hadisəni pisləyir və qınayıram, bu cür təxribatların qarşısının alınacağına inanıram”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.