Zəngilansız Zəngilanlı...

29-10-2019, 10:49           
Zəngilansız Zəngilanlı...
Vətən! Uğrunda canımızdan keçdiyimiz, qanlar tökdüyümüz Vətən! Vətən təkcə üzərində gəzdiyimiz torpaq deyil, Vətən bizim qürurumuz, şərəfimizdir. Vətən bizləri bir məqsəd və amal uğrunda birləşdirən dəyərli bir məkandır. Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı Vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən varlığımızın bir parçasıdır. Vətən atalarımızın qəbiristanlığı, övladlarımızın dünyaya gəldiyi yerdir. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, Vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Vətən - elə biz özümüzük.
Mən - bu sadaladıqlarım dəyəri ölçüyə belə gəlməyən qiymətli sözlərlə böyüdüm. Vətənini canı qədər sevən böyüklərimdən, doğmalarımdan bu sözləri eşidərək yurd sevgisinin nə olduğunu anladım. 15 yaşım olan zaman isə bir gün həsrəti ilə yaşayacağım doğma elimdən hər kəs üçün öz qucağını açan Bakıya üz tutdum. O vaxtlar uşaqlığımın ömrümdə açdığı izlər, cığırlar sanki mənim üçün yeni bir mərhələydi. O vaxt düşünməzdim ki, 1 il sonra, mənim 16 yaşım olanda qoynundan pərvazlandığım, yeni ümidlər, xəyallar ardınca getdiyim, tərk etdiyim ZƏNGİLANIMA həsrət qalacam. Heç bilməzdim ki, Kiçik Qafqaz dağlarının cənubunda Arazboyu hissədə yerləşən, sıldırımlı qayaları, laləli düzləri, göz oxşayan meşələri, kolları, gur çayları, uca sərv boylu çinarları olan Ana Vətənimin doymadığım o gözəl mənzərələri, yerləri üçün burnumun ucu göynəyəcək.
Ağlımın ucundan keçməzdi ki, bu gün Allahdan tək bir şey istəyəcəm ki, o yerləri görmək üçün şirin bir yuxu görüm. Və o yuxudan heç ayılmayım. Yenə əvvəlki tək sözü kəsərli mərd kişilərin olduğu o gözəl diyarımda bir də gəzim, dolaşım. Əvvəlki kimi uşaqlığımın keçdiyi günləri tək-tək xatırlayım. Yenə Oxçu və Bərgüşad çayları arasında olan Süsən dağı silsiləsinə tamaşa edim. Dünyada ll, Avropada l olan nadir Çinar Meşələrində uca boylu çinarların kölgəsində oynayım. Buz bulaqlardan su içim, gur şırıltı ilə axan çaylardan ayaq yalın keçim. Heç nəyi, heç kəsi düşünmədən axşam şər qarışana kimi kəndin küçələrində dolaşım.
Lakin illərdir ki, o yuxudan ayılıram və bu söylədiklərim üçün nələri verməzdim söyləyirəm... Keşkələrlə dolu neçə günlərin arxada qaldığını düşünürəm... Üzərindən 26 il ötən 1993-cü ilin 29 oktyabrını lənətləyirəm. O günü və özümüzü qınayıram... Çünki təqvimdə olan bu tarix ailəmin, nəslimin, el-obamın çırağının söndüyü gündür... Vətən adlı məmləkətimin - ZƏNGİLANIMIN işğal günüdür... Həmişə vətənpərvər olan, yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan, Vətənini düşməndən azad etmək üçün ölümün gözünə dik baxan Azərbaycanın igid, cəsur oğul və qeyrətli qızlarının boy atdığı, üzərində ayaq izləri olan Ana yurdumun düşmən caynağına keçdiyi gündür...
Deyirlər ümid sonda ölür... 15 yaşında ikən gördüyü doğma ZƏNGİLANının hər qarışını yaddaşına kino lenti kimi həkk edən o oğlan Vətən adlı niskilinin bir gün bitəcəyinə inanır. ZƏNGİLANlı günlərin xatirələrini özündə təsəlli kimi saxlayaraq, bu gün yuxuda gördüklərinin gerçək olacağına böyük ümid bəsləyir.
Bu gün özü haqqında ZƏNGİLANLI olsa belə ZƏNGİLANSIZ söyləyərək o yurda qayıdacağı günü səbirsizliklə gözləyir. Bilirsiz niyə belə tələsir? Birincisi ZƏNGİLAN adlı həsrətini bitirərək doğma elinə-obasına qovuşmaq, yenidən ZƏNGİLANlı söyləmək üçün... İkincisi isə ZƏNGİLAN söyləyərək, yurd həsrəti çəkərək bu fani dünyanı yurd-yuva niskili ilə tərk edən insanlara son nəfəsində verdiyi sözləri tutmaq üçün... Kim bilir... bəlkə o gün elə də uzaqda deyil...

Dönməz Zəngilansız












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.