Büdcə xərclərinin 39,5 faizi sosial sahəyə ayrılır - Ölkə tarixində ilk dəfədir
7-11-2019, 09:39
Noyabrın 6-da Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclası keçirilib. İclası Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açaraq bildirib ki, iclasda “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə ediləcək.
Qeyd olunub ki, büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanuna, Azərbaycan Respublikasının milli iqtisadiyyatının başlıca sektorlar üzrə strateji yol xəritəsinə, habelə dünya və ölkə iqtisadiyyatında gözlənilən meyllərin təhlilinə uyğun hazırlanıb. Büdcənin sabitliyi və dayanıqlılığının təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. 2020-ci ilin büdcəsini Azərbaycanın müstəqillik tarixində irihəcmli büdcə adlandıran komitə sədri deyib ki, ölkə tarixində ilk dəfədir büdcə xərclərinin 39,5 faizi sosial sahəyə ayrılır. Sosial müdafiə xərclərinə ayrılan vəsaitin 31,3 faiz artırılması isə dövlətin iqtisadi qüdrətinin yüksəlişindən xəbər verir. İclasda iştirak edən maliyyə naziri Samir Şərifov gələn ilin büdcəsinin əsas parametrləri barədə ətraflı məlumat verərək bildirdi ki, ənənəvi olaraq, büdcənin sosialyönümlülüyü təmin ediləcək. Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması prioritet xərc istiqamətlərindən olacaq. Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi, xüsusi müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması 2020-ci ildə də davam etdiriləcək.
Qeyd olunub ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon manat, xərcləri isə 26 milyard 913 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaqdır ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur.
Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur.
Qeyd edilib ki, 2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyətin xərcləri 8402,3 milyon manat olacaq.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyini diqqətə çatdırıb.
Milli Məclisin komitə sədrləri Əhliman Əmiraslanov, İsa Həbibbəyli, Rəfael Hüseynov çıxışlarında bildiriblər ki, növbəti ilin dövlət büdcəsində xərclərin optimallaşdırılaraq səmərəliliyinin daha da artırılması, əhalinin sosial təminatının gücləndirilməsi, ölkənin müdafiə və təhlükəsizliyinin təmin edilməsi, mühüm investisiya layihələrinin həyata keçirilməsinin davam etdirilməsi, xarici öhdəliklərin tam və vaxtında yerinə yetirilməsi əsas hədəflər kimi qəbul edilib. 2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara həssaslıqla yanaşılıb.
Müzakirələr yekunlaşdıqdan sonra maliyyə naziri Samir Şərifov iclasda səslənən təklifləri cavablandırıb və qeyd edib ki, bir sıra təkliflər nəzərdən keçiriləcək.
Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub. Qeyd edək ki, plenar iclasda büdcə müzakirələri gələn həftə, üç gün ərzində keçiriləcək.
“Yeni Müsavat”