Professor Saleh Məmmədov: “Dəmir yolu – gələcəyin nəqliyyatıdır”

13-11-2019, 00:07           
Professor Saleh Məmmədov: “Dəmir yolu – gələcəyin nəqliyyatıdır”
“Qəbələ dəmir yolu haqqında qeyd olunan iradlar olduqca məntiqsiz və əsassızdı, həm də zərərlidi. Dəmir yolu ekoloji cəhətdən ən təmiz, maliyyə cəhətdən ən sərfəli və ucuz, son nəticə etibarlılığı ilə ən faydalı nəqliyyat növüdür”.

Ovqat.com xəbər verir ki, bu sözləri keçmiş Maliyyə naziri, professor Saleh Məmmədov bu gün paylaşdığı facebook statusunda yazıb.

Ləki–Qəbələ dəmir yolu xəttinin tikintisi işlərinin davam etdirilməsi məqsədilə 2019-cu il dövlət büdcəsindən 45 milyon manat vəsait ayrılmasına qarşı çıxan iqtisadçı ekspertlərin arqumentləri ilə razılaşmayan professor statusunda müqayisəli qiymətləndirmələr apararaq bu qənaətə gəlir ki, sözgedən qərar Azərbaycan hökümətinin son illərdə büdcədən maliyyələşən ən vacib və uğurlu investisiya lahiyəsidir. Saleh Məmmədov bu iddiasını 3 arqumentlə əsaslandırır:

“1. Qəbələ turizm bölgəsidi, dəmir yolu isə ekoloji cəhətdən ən təmiz nəqliyyat növüdü. Turizm bölgələrində ümumiyyətlə təbiəti çirkləndirən vasitələri imkan daxilində məhdudlaşdırmaq lazımdı. Bu zonalarda dəmir yolundan və elektromobillərdən daha yaxşı vasitə yoxdu. Yalnız yanacaqla işləyən maşınlar vasitəsilə təbiətə, ekologiyaya vurulan zərərin qarşısının alınması bu layihəyə tam bəraət qazandırardı.

Ümumiyyətlə, Qəbələ böyük rayondu, xeyli istehsalı var, istehlak məkanı isə başqa bölgələrdi, dağ bölgəsində yerləşir, iri maşınlarla yüklərin daşınması çox ağırdı və baha başa gəlir. Yükdaşımada (həm də Qəbələyə daşınan məhsullar üzrə) məhsulların pozulmasının qarşısının alınması amili belə dəmir yolunun çəkilməsini zəruri edir. Həm də inkişaf etməkdə olan rayondu, istehsal, istehlak, yükdaşıma sürətlə artır, qonşu rayonlar var, bunlar da eyni çətinlik şəraitində yaşayırlar.
3. Azərbaycan dəmir yol şəbəkəsinə görə xeyli geri qalır; bir çox rayonlar var ki, hələ də dəmir yolu çəkilməyib, bu ekoloji təmiz nəqliyyat vasitəsindən çox az istifadə olunur, müstəqillik illərində bu çox vacib sahə (daha çox Bakı, tramvay yolları daxil) dağıdılmışdı. Dünya təbiəti çirkləndirən vasitələrdən qaçır, biz isə təmiz nəqliyyat vasitələrini dağıdırıq. Mənə elə gəlir ki, dəmir yolu nəqliyyatı ölkənin bütün regionlarına çəkilməlidi, Bakının, Sumqayıtın, Gəncənin tramvay parkı, xüsusilə şəhərin mərkəzində nəqliyyat əsasən tramvay və elektromobillər üzərində qurulmalıdı. Elə sahələr var ki, onun birbaşa səmərəsi görünmür, amma dolayı yolla təsirlərini balansa vuranda çox böyük fayda üstünlüyü ortaya çıxır. Müasir dəmir yolu belə sahələrdəndi, o, gələcəyin nəqliyyatıdı.

Qeyd edək ki, dövlət büdcəsində dəmir yolunun inkişafına iqtisadçı ekspert Natiq Cəfərli qarşı çıxmışdı. O, ötən gün mətbuat açıqlamasında bildirmişdi ki, ümumiyyətlə bu yolun çəkilməsinə ehtiyac yoxdur və bu investsiya layihəsi sadəcə məmurların cibini doldurmasına xidmət edir:

“Keçən il Ləkidən Qəbələyə cəmi 42 km dəmir yolu çəkilməsi üçün 30 mln. manat pul ayrılmışdı. Arqument kimi də deyirdilər ki, bu turizmin inkişafına səbəb olacaq. Bu addımın lazımsız və mənasız olduğu haqqında o zaman fikir bildirdik, əsaslandırdıq, hətta qeyd etmişdim ki, bu pul hələ başlanğıcdır, yenə büdcədən vəsait ayrılacaq, bu layihə turizmə heç bir dəstək olmayacaq, ancaq bəzi məmurların özünə təzə bahali maşın, villa almasına səbəb olacaq.O zaman ADY-nın rəhbərliyi TV lərə çıxıb heç bir arqument gətirmədən məni tənqid etdi, hətta yalançı adlandırdı. Gətirdiyi arqument də bu idi ki, Qəbələyə xizək sürməyə gələn xarici turistlər öz avadanlığını qatarla aparacaq, buna görə bu yol çox vacibdi. Siz heç öz avadanlığı ilə sürüşməyə gələn turist görmüsünüzmü? Xub, lap gəldi, Bakıdan Qəbələyə maşınla 2 saata gedə biləcəyi halda hansı axmaq turist hava limanından əvvəl 1 saata dəmir yol stansiyasına, sonra da qatarla 5 saat Qəbələyə gedəcək?! Turist lox zaddı?! Hətta öz avadanlığı ilə gəlsə belə, otellər buna icazə verməz ki, öz avadanlığını icarəyə verə bilsinlər.

Görünür, məmurlara daha bahalı maşınlar, daha böyük villalar lazımdı. Turizmin inkişafı üçün isə qatar yox, ağıl, plan, elmi yanaşma, rəqabətli mühit və məmurların biznesdən qovulması lazımdır”.

Məlumata görə, ekspertlət tərəfindən birmənalı qarşılanmayan yeni dəmir yolu xətti Ləki stansiyasının sağ tərəfindən, Ağdaş rayon mərkəzinin yanından keçməklə, Qəbələnin hava limanına qədər davam edəcək.

43 kilometrlik dəmir yolu xətti boyunca 75 suötürücü, 14 tunel və körpü, Ağdaş rayonunun Qarağan-Şıxlar ərazisində stansiya, Qəbələ hava limanı yaxınlığında isə vağzal tikiləcək.

Artıq 1 ədəd yoldəyişən qurğu qoyulub, 4 km dəmir yolu xətti çəkilib, Nehrəxəlil-Şəmsabad avtomobil yolunun üzərindən 1 tunelin tikintisi başa çatıb. Eləcə də Bakı-Şamaxı-Yevlax avtomobil yolunun üzərində 1 körpünün inşası davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.