Anti-demokratik və anti-humanist qərarımız
6-12-2015, 22:32
Bir sıra yazı və müsahibələrimdə Xətalar Məcəlləsinə edilən yeni dəyişıkliklər layihəsində nəzərdə tutulan Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynlərinin cərimələnməsi ilə əlaqədar məsələnin yazılı və elektron mediada geniş müzakirələrə və mübahisələrə yol açdığından bəhs edərək, məsələyə münasibətimi bildirmiş, məcəlləyə təklif olunan bu dəyişıkliyı dərindən düşünülməmış, kökündən yanlış bir addım kimi qiymətləndirmişdim.
Onu da xüsusi olaraq qeyd etmışdim ki, belə bir sanksiyanın tətbiqi digər daha ciddi fəsadların yaranmasına gətirib çıxara bilər. Bu əslində övladının əməlinə görə valideynin cəzalandırılması anlamına gəlir. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, genış müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır.
Habelə konkret faktlarla əsaslandırmağa çalışmışdım ki, hələ Sovet dönəmində təhsildən yayınmaya görə məktəb rəhbərlərinə qarşı vəzıfədən azad olunmaya qədər ən ağır cəza növləri tətbiq edilirdi, təlimatla nəzərdə tutulan normadan artıq dərs buraxan şagird isə proqram materialını mənimsəməmiş, biliyi isə qiymətləndirilməmış hesab olunaraq, həmin şagirdin müvafiq olaraq payız imtahanına cəlb edilməsi və ya təkrar sinifdə saxlanılması barədə qərar çıxarılırdı. Hazırda qonşu Türkiyənin təhsil sistemində də belə bir qayda tətbiq olunur. Yəni il ərzində 30 və bundan artıq gün dərs buraxıldığı halda şagird təkrar sinifdə saxlanılır.
Layihəyə əlavə olunan “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla” şərtinə qalınca isə, belə səbəblər həmişə tapılıb və bundan sonra da tapılmayacağına heç kəs zəmanət verə bilməz. Nəzərə alsaq ki, dərsdən yayınmada maddiyatla bağlı məsələlərin də həlledici rolu vardır, onda bu cərimələrin əhalinin müəyyən sosial təbəqəsi üçün əlavə problemlər yaradacağını da istisna etmək olmaz.
Yənı, məktəbdə elə bir mühit yaradılmalıdır ki, şagird məktəbə həvəslə getsin, məktəb həyatı onun maraq dünyasının ayrılmaz tərkib hissəsinə çevrilsin. Yox, əgər biz təhsilə cəlb etmək üçün dünya təcrübəsində belə bir halın olmasına istinad ediriksə, onda dünya təcrübəsindəki digər anoloji halları da nəzərə almalıydıq. Deyək ki, məsələn Dubayda gəncləri təhsilə stimullaşdırma vasitəsi kimi maqistraturada təhsil alanlara 3000 dollar həcmində təqaüd verilməsini və s.
Hesab edirdim ki, məhz dərs hesabına repetitor yanına, digər əlavə kurslara getmək üçün şərait yaradanlara qarşı cəza tədbirlərinnin tıtbiqi bu sahədə vəziyyətin normallaşmasına öz töhvəsini verə bilər. Digər tərəfdən məktəb mühitinin sağlamlaşdırılması istiqamətındə konkret tədbirlərin həyata keçırilməsi daha çox effekt verərdi, nəinki valideynlərin cərimələnməsi. Məsələyə kompleks yanaşılmalıdır, cərimə çıxış yolu deyil, əksinə təhsildə yeni rüşvət mənbəyidir.
Təəssüflər olsun ki, Milli Məclisin plenar iclasında İnzibati Xətalar məcəlləsinə dəyişıklık edilərək, Azərbaycanda bir ay müddətində 7 gündən çox dərs buraxan şagirdin valideyninin 100 manat miqdarında cərimə olunması barədə qərar çıxarıldı. Başqa sözlə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi səbəblər istisna olmaqla , dünyəvi icbari ümumi orta təhsil üzrə dərs gününün şagird tərəfindən 1 ay ərzində 7 gündən çox buraxılmasına görə bundan sonra 100 manat miqdarında cərimə tətbiq olunacaq.
Məlum oldu ki, xalq tərəfindən seçilən, millətin elçilərindən formalaşan Milli Məclisi xalqın səsi əsasında formalaşan ictimai rəy qətiyyən maraqlandırmır. Layihənin Milli Məclisə təqdim olunduğu ərəfədə millətin sayılıb-seçilən, böyük hörmət və nüfuz sahibi olan professorları Şahlar Əsgərov, Əjdər Ağayev, Firudin Cəlilov, ölkənin tanınmış təhsil ekspertləri Vurğun Əyyub, Etibar Əliyev, Məlahət Mürşüdlü, və bir çox digər ziyalılarımızın, hətta Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ağacan Abiyevin, Milli Məclisin deputatı Elmira Axundovanın belə gündəmə çıxarılacaq layihənin absurd xarakteri ilə bağlı sərt təpkilərinə məhəl qoyulmadı.
Yəni, bu qədər özümüzə əminik ki,100 manatlıq cərimə tətbiq etməklə erkən nikahların qarşısı alınacaq, bir daha heç kəs dərsdən ayrılıb, repetitor yanına, əlavə hazırlıq kurslarına getməyəcək, uşaqlarımız evdə hansısa işlərə cəlb olunmayacaq, valideynlərinə kömək etməyəcək, birdən-birə qərardan çəkinərək ateistə çevrilib, dini təhsildən imtina edəcəklər? Bunu son hadisələrlə əlaqələndirmək əgər sadəlövhlük deyilsə, bəs onda nədir? Heç olmasa layihəni əsaslandırmaq üçün başqa, daha tutarlı və ağlabatan arqumentlər ortalığa qoyulardı.
Belə çıxmırmı ki, təhsilimiz də bundan sonra cərimə ilə idarə olunacaq, istənılən imkanlı valideyn istədiyi vaxt 100 manatını ödəyib, uşağını məktəbə göndərməyəcək? O da maraqlıdır ki, bu 100 manatların aqibəti necə olacaq, bütün bu ziddiyətli prosesə kim və necə nəzarət edəcək, ödənişlər hara yönələcək və hansı formada həyata keçiriləcək, bir ay müddətində 7 günlə 31 gün arasında müəyyən fərq qoyulacaqmı, aşkarlıq və şəffaflığa zəmanət təmin olunacaqmı, ışlək mexanizmlər hazırlanıbmı? Yəqin bu suallar və digər bir çox qaranlıqlar barədə də nə vaxtsa ətraflı məlumatımız olar.
Tətbiq olunacaq yeniliyin aqibətinin necə olacağına qaldıqda isə bunu da yəqin ki, tarixin hakimi olan zaman deyəcək. Bizə aydın olanı isə odur ki, çox güman, Milli Məclis cəmiyyət üçün belə bir yabançı ideyanı dəstəkləyəndə “aylıq” alış- verişi sahəsində kifayət qədər təcrübəmiz olduğunu nəzərə alıb. Yəni bütün sahələrimizdə “aylıq” olduğu halda, elə isə nə üçün “məktəblərdə dərs aylığı” olmasın?
Ən başlıcası isə ondan ibarətdir ki, odu qoyub küllə oynayırıq, daha anlaşıqlı şəkildə desək təhsildən yayınma ilə dərsdən yayınmanı qarışıq salırıq. Halbuki, təhsildən yayınma, cəmiyyət üçün dərsdən yayınmadan daha təhlükəli tendensiya olub, ildən-ilə daha genış xarakter alır, coğrafiyası daha da genışlənir. Xüsusilə, regionlarda minlərlə 7 yaşlı var ki, onlar təhsilə cəlb olunmayıblar.Bütövlükdə təhsildən yayınanların sayı isə on minlərlə ölçülür. Ona görə də bu qəbıldən olan məsələlərə qaçaraqdan, səthi şəkildə deyil, kompleks halında baxılmalı idi. Ən böyük səhvə isə “məcburi” təhsili “icbari” təhsil ifadəsi ilə əvəzləyəndə yol vermişik.İndi gəl bu icbariliyin nə olduğunu kiməsə başa sala bil. Nə isə....
.
PS: Bəlkə, elə qonşu Türkiyədə olduğu kimi il ərzində 30 gün dərs buraxıldığı halda şagirdin təkrar sinifdə saxlanılması sisteminin tətbiq edilməsi təhsilin keyfiyyətinin yüksəldilməsi, şagirdlərimizin məsuliyyətinin artırılması və valideynlərimizin əlavə maliyyə qayğılarından azad olunması üçün daha məqbul sayılardı? Kim bilir, bəlkə məktəblərimizi də cərimə tətbiq etmək sahəsində Dövlət Yol Polisi ilə “sosializm yarışına” qoşublar? Hər halda bu dəfə də istəyimizdən asılı olmayaraq “təskinlik simvolumuza” sadiq qalmaq zorundayıq: “Keçənə güzəşt deyiblər”
Belə bir anti-demokratik, anti-humanist qərara Mill Məclis tərəfindən yaşıl işıq yandırılması ilə bir daha təsdiq olundu ki, ictimai rəy hər hansı bir qərarın qəbul olunmasında heç bir rol oynamır və o cümlədən təhsilin həm də ümumxalq işı olduğu barədəki təsəvvürlərimizdə və inanclarımızda da sən demə bərk yanılmışıq.
Təəssüf, bir daha böyük hərflərlə TƏƏSSÜF.
Nadir Israfilov