Prezidentdən Quluzadəyə: Bunları ciddi təhlil edin...

16-01-2020, 00:00           
Prezidentdən Quluzadəyə: Bunları ciddi təhlil edin...
Mən sizə tapşırıq verirəm ki, bu işləri ciddi təhlil edin. Hər bir şəhərdə nə qədər taksi fəaliyyət göstərir? Taksi avtomaşınlarının keyfiyyəti nə səviyyədədir? Təhlükəsizlik necə təmin edilir, hesablaşma necə aparılır? Biz elə etməliyik ki, bütün şəhərlərimizdə, ilk növbədə, böyük şəhərlərimizdə müasir taksi xidmətləri olsun. Müasir taksi dayanacaqları, sürücülərin hazırlanması, onların tibbi müayinədən keçməsi təşkil olunmalıdır. Hər bir sahədə olduğu kimi, bu sahədə də biz nağd hesablaşmadan kartla hesablaşmaya keçməliyik, taksometrlər quraşdırılmalıdır. Yəni, təkcə Bakıda yox, ilk növbədə, bütün böyük şəhərlərdə və ondan sonrakı mərhələdə digər şəhərlərdə.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəni qəbul edərkən deyib. Prezident daha sonra qeyd edib:

Bu, eyni zamanda, avtobus nəqliyyatına da aiddir. Çünki hazırda Bakı və Sumqayıt şəhərlərində avtobusla sərnişin daşımaları müasir standartlara uyğundur. O da hər yerdə deyil. Hələ də Bakı şəhərində keyfiyyəti yüksək olmayan və istismar müddəti bitmiş avtobuslar fəaliyyət göstərir. Bu məqsədlə biz hər il ölkəmizə 300 avtobus gətizdiririk. Mənə verilən məlumata görə, Gəncə şəhərində avtobus təsərrüfatı köhnəlib. Digər şəhərlərdə nə qədər avtobus fəaliyyətdədir, nə qədər avtobus alınmalıdır? Əlbəttə ki, ilk növbədə, paytaxt Bakının bu məsələsi həll olunmalıdır. Amma digər şəhərlər də diqqətdən kənarda qalmamalıdır.

Şəhərlərarası nəqliyyat məsələsi öz həllini necə tapır və bu sahədə hansı problemlər, hansı nailiyyətlər var?

Ramin Quluzadə: Möhtərəm cənab Prezident, biz bir ay öncə şəhərlərarası gecə reyslərini istifadəyə verdik. Əsas məqsədimiz odur ki, bizim vətəndaşlar təkcə gündüz yox, eyni zamanda, gecə reyslərindən də istifadə etsinlər. Biz bu reysləri müasir standartlara cavab verən “MAN” tipli avtobuslarla həyata keçiririk. Eyni zamanda, biz bu gün mövcud avtobus parkını daha müasir standartlar səviyyəsində yeniləyirik. Artıq biz standartları təkmilləşdiririk. Gələcəkdə də biz iş adamları ilə bu standartlarla bağlı işlər aparacağıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.