14 ildə 14 əyaləti fəth edən böyük sərkərdə - ilginc faktlar
5-03-2020, 09:42
Şah İsmayıl Xətainin Azərbaycan üçün hansı tarixi xidmətləri var; ekspertlərimiz danışır: “O, gələcək nəsillərə bir ucu Kəngər körfəzini, digər ucu Ərzincanı, başqa bir ucu isə Dərbəndi ağuşuna alan bir dövlət ərməğan etdi”; “Xətai ətrafında söhbətlərin əsas ideya mənbələri Tehran və Piterdir”
Ötən həftə Şah İsmayıl Xətainin (17 iyul 1487 - 23 may 1524)) Bakıdakı abidəsinin iki magistral yolun ortasındakı ərazidən götürülərək daha münasib ünvanda qoyulması Azərbaycanın tarixi şəxsiyyəti ilə bağlı mövzunu yenidən gündəmə gətirdi.
Qeyd edək ki, Səfəvilər dövlətinin başçısı Birinci Şah İsmayıl Xətainin heykəli 1993-cü ildə əvvəlki ünvanda qoyulmuşdu. Lakin dövlət xadimi, sərkərdə, filosof və şairin heykəlini ziyarət etmək istəyənlər zaman-zaman narazılıqlarını bildirirdilər və abidənin köçürülməsi barədə təkliflər səsləndirilirdi. Bundan sonra Şah İsmayıl Xətainin heykəli ziyarətlər və müxtəlif tədbirlərin keçirilməsi, nəqliyyat vasitələrinin maneəsiz yaxınlaşması və vətəndaşların istirahəti üçün daha uyğun yerə köçürülüb. Azərbaycan prezidenti İlham Əliyev şəxsən bu ünvanda oldu və yeni salınmış parkda qoyulmuş abidəni ziyarət etdi, bu da tarixi şəxsiyyətə ən yüksək səviyyədə göstərilən diqqətin bariz nümunəsidir.
Bu da sirr deyil ki, vaxtaşırı ayrı-ayrı şəxslər Ş.İ.Xətainin şəxsiyyəti, onun keçdiyi yolla əlaqədar qeyri-ciddi və uyğunsuz ifadələr səsləndirirlər. Düzdür, tarix təftişə açıqdır, amma yetər ki, qərəzli olmayasan, şəxsiyyəti alçaltmayasan və faktlara əsaslanasan. Bu mənada araşdırmaçıların təftişləri normal görünə bilər. Necə olur ki, hətta böyük alman filosofu Karl Marks 14 yaşında taxta oturmuş, cəmi 37 il yaşamış, amma bu dövrdə ucsuz-bucaqsız sərhədlərə malik dövlət qurmuş Şah İsmayıla böyük dəyər verir, “Səfəvilər sülaləsinin yaradıcısı Şah İsmayıl fateh olub. O, hakimiyyətdə olduğu 14 il ərzində 14 əyaləti fəth edib” deyir, ancaq böyük sərkərdənin məmləkətinin varisləri olan bizlərdən bəziləri onun keçdiyi yola və fəaliyyətinə qınayıcı nəzərlərlə baxırıq? Təbii ki, söhbət bütövlükdə toplumdan getmir, fərdlərdən gedir, amma istənilən halda bu, normal görünmür. Düşmənlərimiz hətta cəlladlarını belə qəhrəman qiyafəsində təqdim edir, onlara heykəllər qoyurlarsa, biz tarixi şəxsiyyətlərimizə birmənalı olaraq sahib çıxmalıyıq. Yeri gəlmişkən, müsəlman qonşumuz İranın rəsmi və qeyri-rəsmi şəxsləri ara-sıra Səfərvilər dövlətinə iddia edirlər ki, bu da başqa bir mövzudur. Şah İsmayıl və ailə üzvləri Ərdəbildə uyuyursa, yaxud 1501-ci ildə özünü Təbrizdə şah elan edibsə, o demək deyil ki, o, İran şahıdır. Sadə məntiq var, bu gün İran ərazisinə daxil olan Təbriz və Ərdəbil daxil, böyük bir ərazilər tarixi Azərbaycan torpaqları, həm də Səfərvilər imperiyasının bir hissəsi olub.
AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Şah İsmayıl əleyhinə fikirlər söyləyənlər onu yaxından dərk edə bilməyənlərdir: “Dünya tarixində elə tarixi şəxsiyyətlər vardır ki, onlar haqqında daima yazılır və tədqiqatlar aparılır. Belə tarixi şəxsiyyətlərdən biri də Şah İsmayıl Xətaidir. Xətai şəxsiyyətini dərindən anlamaq üçün bir neçə sahəni dərindən bilməlisən. İlk olaraq orta əsr dünya dövlətçilik sistemi və bu sistemdə Azərbaycanın yeri və rolunu müəyyən etməyi bacarmalısan. Onda qarşında böyük dövlət xadimi Şah İsmayıl Xətai canlanacaq. İkincisi, müharibələr tarixini və bu müharibələrdə böyük zəfərlər qazanan sərkərdələrin hərbi məharətini ortaya qoymağı bacarmalısan. Ondan qarşında yenilməz sərkərdə, az qüvvə ilə çox saylı qüvvələri darmadağın edən məharətli bir hərbiçi dayanır. Uduzduğu bir müharibəni də özünə həddən artıq arxayın olması ilə qazandı. Hesablaya bilmədi ki, ağır topların səsi hərb atlarını ürküdəcək və müharibədə qələbəyə yaxın olduğu halda uduzacaqdır. Bu insan o qədər təmiz idi ki, o dövrdə hərbdə istifadə olunan tüfəng və toplardan istifadə etməni kişiliyə sığışdırmırdı. Hesab edirdi ki, meydanda qılınc və qolla döyüşmək əsl kişilikdir. Üçüncüsü isə sufiliyi dərindən bilməlisən. Bu insan uşaq yaşlarından dövrün məşhur sufiləri tərəfindən yetişdirildi və mürşidi-kamil səviyyəsinə qədər yüksəldi”. Tarixçi alim qeyd etdi ki, nəfs anlayışı Şah İsmayıla yad idi: “Nəzərində qızılın, gümüşün əhəmiyyəti belə yox idi. Xəzinəsi həmişə boş idi. Çünki yetim-yesirə paylayırdı. Yaratdığı Azərbaycan Səfəvi dövləti də sufi dövləti idi. Şah sufi idi, təriqət rəhbərı idi. Bütün varlığı ilə Allaha və Əhli-Beytə (ə) bağlı idi. Bu insan sufiliyin həqiqət mərhələsinə qədər ucalmışdı. Əslində onun bu statusu dövlətdə şah statusu ilə uzlaşmırdı. Sonradan ona şiəliyi rəsmiləşdirdi deyənlər də bunu dərindən anlaya bilmədilər. Çünki o, imamiliyi ortaya qoydu. Bu isə bugünkü İran siyasi şiəliyindən çox fərqli idi. Əhli-Beytə (ə) sevgi şiəlikdə də var, sünnilikdə də... O, sufi idi.... Onun bütün şeirlərində yalnız Əhli-Beytə (ə) sevgi əks olunur, şiəlikdən bir dəfə də söz açılmır. Onun zamanında şəriət qaydaları hökm sürmürdü... Çünki o, təriqət piri idi... Təriqət isə şəriətdən daha yüksək mərtəbə idi... Böyük mərifət sahibi idi. Bu da sufilikdən irəli gəlirdi. Çünki mərifət sahibi olmadan həqiqət mərhələsinə yetişə bilməzdin... Dördüncüsü, bu insanı dərindən anlamaq üçün şeiriyyəti, yəni ədəbiyyatı dərindən bilməlisən.... Bu insan türk dilində şeirlər yazdı, divan bağladı. Bu zamana qədər hansı Azərbaycan şahı doğma türk dilində divan bağlayıb? Bu çox böyük bir hadisədir. İndi baxın, bunları bilmədən onun haqqında danışa bilməzsən...”
D.Əzimli təəssüflə bildirdi ki, Xətainin əleyhdarları daha çox ona dini müstəvidən yanaşırlar: “Bunlar onun Türklük məsələsinə, Türk dilini qorumaq məsələsinə, Bütöv Azərbaycan dövləti yaratmaq məsələsinə göz yumurlar. Bunlar onun Azərbaycan aşıq ədəbiyyatına xalq dilini gətirməsinə göz yumurlar. Bax, bu, faciədir! Təsəvvür edin ki, bu insan bu işləri görməsəydi, biz bu gün bütöv Azərbaycan coğrafiyasını təsəvvür edə bilərdikmi? Bu insan Türk ənənələri ilə İslam ənənələrinin sintez olaraq yaradılan Qızılbaşlığı daha da inkişaf etdirdi. Onların hesabına Bütöv Azərbaycan dövlətini yaratdı. Qızılbaşlar bugünkü bordoberellərdir!!! Onların savaş taktikası dövrün mənbəşünaslarını elə heyrətləndirib ki, onlar haqqında düşmənlər belə sayğı və məhəbbətlə yazıblar. Qızılbaşlıq sufilikdə hərbi sistem idi. Vaxtilə bu sistemin ana qaynaqlarından olan əxiliyin hesabına Osmanlı imperiyası dünya xəritəsində yer aldı.... Bunları öyrənmək və sonra söz demək lazımdır. Bu gündən o günə boylanıb söz deyənlər yalnız tarixi həqiqətləri təhrif edirlər. Şah Xətai haqqında dünyanın böyük şərqşünasları sevə-sevə yazıblar. Braun onun haqqında yazır ki, dünyanın ən gözəl beş kişisindən və dünyanın ən qüdrətli yeddi sərkərdəsindən biridir. Hətta onun haqqında yazan Petruşevski gizli şəkildə İslamı qəbul etmişdi. Bu ona sevgidən irəli gəlirdi. Türk dünyasında bu insanı Alp Ər Tunqa ilə müqayisə edirdilər. İslam dünyasında isə Həzrəti Əli (ə) ilə müqayisə olunurdu. Bu insan Şah Xətai idi! O, gələcək nəsillərə bir ucu Kəngər körfəzini, digər ucu Ərzincanai, başqa bir ucu isə Dərbəndi ağuşuna alan bir dövlət ərmağan etdi. Bu, tarixi Azərbaycan ərazisi idi”. Tarixçi alim Xətainin vəsiyyətlərinə də toxundu: “O, Türk dilini dövlətə səviyyəsində rəsmiləşdirdi və bizə onu saxlamağı vəsiyyət etdi. O, bizə həmişə qeyrətli olmağı və Vətəni bölməməyi tapşırdı. Hansını qoruya bildik? Vətən torpaqları parça-parça oldu. Dilimizin adı dəyişdirildi. Qeyrət məsələsində də geri düşdük. İndi durub bu insanın hədəf alır və utanmadan hücumlar edirik. Sonda bir məsələni də qeyd edim ki, əgər Şah İsmayıl Xətainin yaratdığı Azərbaycan dövləti olmasaydı, sonradan Nadir şah Əfşar kimi böyük şəxsiyyət çıxa bilməzdi... Məhz Azərbaycan ərazilərini yenidən öz sərhədlərində bərpa edən Nadir şah Əfşar Şərq tarixində son Azərbaycan imperiyasını yaratdı!!! Nadir şah Əfşar Böyük Səfəvi məktəbində yetişmişdi. Bu məktəb öz ətrafında Türk tayfalarını toplamışdı. Bunlardan biri də döyüşkən Əfşar tayfaları idi. Şah Xətai haqqında söhbət açanlar gətirdiyimiz bu faktları unutmamalıdırlar!”
“Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə bu qənaətdədir ki, Şah İsmayıl barədə neqativ fikirlərin yayılması təsadüfi deyil: “Xətai ətrafında söhbətlərin əsas ideya mənbələri Tehran və Piterdir. Azərbaycan dövlətçiliyinin tarixən olmaması, millətimizin etnik kimliyinə, qabiliyyətinə şübhə toxumu səpmək həmin mərkəzlərin strateji maraqlarına xidmət edir. Bu coğrafiyada türk millətinin tarixini şübhə altına almaq, mənəvi Turan və ya gerçək Turançılıq cərəyanına əngəl olmaq, həm də bu iki mərkəzə dəstək verən Qərb ideoloji mərkəzlərinin maraqlarına uyğundur. Bütöv Azərbaycan ideyası birbaşa Xətai adı ilə həmahəng səslənir. Bu, gerçəklikdir. Zaman-zaman Şah Xətai şəxsiyyətinə qarayaxmalar, aşağılamalar, Çaldıran döyüsünu gündəmə daşıyanlar bütövlük idealına kölgə salmaq, eyni zamanda Turan idealının mərkəzi dövlətləri olan Türkiyə ilə Azərbaycan arasında ziddiyyətlər yaratmağa xidmət edir. Şah İsmayıl Xətai böyük türk hökmdarı, ünlü söz ustadı, fitri istedadlı Azərbaycan böyüyü, türk dilini, irfan ruhunu saraya daşıyan bütöv Azərbaycan savaşının haqq memarıdır”. Z.Məmmədli Xətainin abidəsinin qoyulması tarixində izinin olmasından da məmnunluqla bəhs etdi: “Tərcümeyi-halımda Şah İsmayıl Xətainin adının Xətai rayonuna verilməsində, eyni zamanda onun abidəsinin təşəbbüskarı və 1993-cü il iyun ayının 4-də açılışını etmək mənə nəsib olduğu üçün çox xoşbəxtəm. Abidənin yerinin dəyişməsini indiki durumda doğru hesab edirəm. 1993-cü illərdə həmin ərazinin planlamasında fərqli layihələr nəzərdə tutulmuşdu. Zaman və layihə dəyişdi”. Z.Məmmədli heykəlin yeni ünvanından razılığını vurğuladı: “Abidənin yeni ünvanına kənardan baxdım, məni tam qane elədi. Yenə aeroport yolunun üstündə olması və ziyarət imkanlarının yaradılması məni qane etdi. Azərbaycanımıza və Türk dünyasına xeyirli olsun!”
Vaxtaşırı iki Türk imperiyasının - Səfəvilər və Osmanlı arasındakı Çaldıran döyüşünü xatırladanlar isə o imperiyaların varisləri olan Türkiyə və Azərbaycanın arasını vurmaqdan ötrü cəhdlər göstərirlər. Amma əbəs yerə. Bəlkə də üçüncü qüvvənin dövriyyəyə girməsi nəticəsində əsrlər öncə iki qardaş bir-birinə əl qaldırmışdısa, ondan sonrakı dönəmlərdə, Çanaqqalı savaşında, Qarabağ döyüşlərində, Bakının işğaldan azad edilməsində və elə bu günün özündə bu iki qardaş bir yerdə olub və birgədir. “Bir millət, iki dövlət” reallığı var və araya nifaq toxumu səpmək istəyənlər buna nail ola bilməyəcəklər!
E.PAŞASOY,
“Yeni Müsavat”