Lidersiz, partiyasız facebook müxalifəti - real müxalifətdən daha güclü...

5-03-2020, 10:24           
Lidersiz, partiyasız facebook müxalifəti - real müxalifətdən daha güclü...
Sosial medianın Azərbaycan seqmentində intellektual və sərt tənqidçi müxalifət oturuşub. Onların nə lideri, partiyası, nə söykəndiyi təşkilatı var.

Virtuala transformasiya olmuş müxalifətçilik son illərdə yerini elə möhkəmlədib ki, az qala ictimai rəyi də onlar müəyyən edirlər.

Hakimiyyətin bəzi hallarda həmin protest elektoratının mövqeyi ilə hesablaşdığını, tələb və çağırışları eşitdiyini də qeyd etmək olar.

Real siyasət və mübarizə, küçə fəaliyyəti kölgədə qalıb, hətta seçkinin nəticələrindən narazı qalan deputatlığa namizədlərin Mərkəzi Seçki Komissiyası önündə təşkil etdiyi aksiyalar da məhz facebook-da təyin olunurdu.

Feministlərin təşkilatlanmasından tutmuş ənənəvi müxalifətçilərə qədər hər kəsin etiraz arsenalı sosial şəbəkədir.

Həmin virtual müxalifət ordusu nə partiyalara qoşulur, nə üzv olur, nə onların liderlərini qəbul edir, nə də aksiyalarına gedirlər.

Yəni virtual şahmat taxtası kimidir, bütün oyunçular açıq hərəkət edirlər, hakimiyyət hansı dozada sərt tənqid olunursa, müxalif partiya sədrlərinə də yeri gələndə adekvat sözlər yazırlar.

Bu müxalif nəsil köhnə müxalifəti iqnor etməklə, siyasətə yeni baxış, yeni yanaşma gətirməklə daha çox məşğuldur.

“Sosial şəbəkədə etiraz etmək, kompüter arxasında cəsarətli yazmaq küçəyə çıxıb qışqırmaqdan, yürüşdə plakat qaldırmaqdan daha təhlükəsiz görünə bilər. Eyni zamanda günahı klassik müxalifət partiyalarında da axtarmaq lazımdır. Onlar əvvəlki nüfuzu və qüdrəti itiriblər. Bu mənada facebook müxalifətinin real müxalifətdən daha güclü olmasında hər iki amil qüvvədədir”. Aydınlar Partiyasının sədri, politoloq Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a virtual və real müxalifəti təhlil edərkən belə söylədi.

Qulamhüseyn Əlibəyli: “Kompüter arxasında cəsarətli yazmaq küçəyə çıxmaqdan daha təhlükəsiz görünə bilər”

Onun fikrincə, narazı və etirazçı qüvvə real siyasətlə məşğul olmaqdansa, kompüter arxasını seçir: “İqtidar və müxalifət partiyalarının həmin fəal təbəqəni öz arxasından aparmaq gücü qalmayıb. Bunu inamsızlıqla izah etməliyik. Ancaq vəziyyətin belə nəticələnməsi siyasət meydanının daralmasıdır. Nəzərə almaq lazımdır ki, həmin partiyalar parlamentdə təmsil olunmurlar, üzvləri zaman-zaman sıxışdırılıb, mitinqdə iştirak edənlər həbs olunub. Sosial şəbəkə isə real siyasi fəaliyyətdən daha təhlükəsizdir, insanlar fikirlərini ifadə etməklə, yazmaqla işlərini qurtarmış hesab edirlər”.

Partiya sədri hesab edir ki, qorxu ilə yanaşı insanlarda siyasi laqeydlik də var: “Virtualda fəallıq ”ərəb baharı"ndan sonra başladı.

Hətta o zaman sosial şəbəkələrdə aksiya təyin olunurdu, məsələn, Bakıda əsgər ölümlərinə etiraz mitinqləri facebook-da təşkilatlanma sayəsində baş tutmuşdu. Amma həm həbslər oldu, həm də proses virtualda fikrini yazmaqdan kənara çıxmadı.

Mənə elə gəlir ki, bu gün facebook-da böyük ordu kimi güclü görünən müxalifətçilik nə vaxtsa real işə gələndə həmin qüvvə olmayacaq. Onların arasında yenə virtualdan reallığa gəlmək istəməyənlər olacaq".

Q.Əlibəylinin fikrincə, Azərbaycanda partiyalaşma dövrü başa çatıb: “Meydan hərəkatından çıxanlar öz yerlərini tutublar. Amma fəaliyyət sferaları eyni deyil. Məncə, ölkədəki islahatlar fonunda siyasi partiyaların fəaliyyət imkanlarına da baxılmalıdır”.

Həsrət Rüstəmov: “Virtual mübarizə real həyatda özünü göstərməsə, boşboğazlıqdan başqa bir şey olmayacaq”

Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov “Yeni Müsavat”a dedi ki, bu, təqribən kinodakı qəhrəman rolunu ifadə edən aktyorun həyatdakı davranışının müqayisəsinə bənzəyir: “Virtual müxalifətçilik bir çox hallarda tam məsuliyyətsizlik ovqatı ilə aparılır. İnsanlar yalnız kompüter və ya smart telefonla üzbəüz qalanda özlərini meydandakı kimi aparırlar. Aydındır ki, psixoloji amillə əlaqədardır. Təbii ki, real müxalifət, virtual müxalifətçilikdən daha çətin olması, daha ciddi əmək tələb etməsi və indiyədək məruz qoyulduğu təqiblərlə bağlı olaraq xeyli dərəcədə zəifləyib”.

H.Rüstəmov hesab edir ki, istənilən halda virtual mübarizə bir mərhələ mübarizəsidir və nə vaxtsa mütləq real olaraq həyatda özünü göstərməlidir, əks halda, bu, sadəcə, demaqogiya və boşboğazlıqdan başqa bir şey olmayacaq.

Xaqani Səfəroğlu: “Hər status yazan şəxs o demək deyil ki, müxalifətin mitinqinə gələcək”

Azpost.info internet qəzetinin baş redaktoru Xaqani Səfəroğlunun sözlərinə görə, facebook sosial platformadır: “Burada ideya və siyasi çağırışlar öz tərəfdarlarını tapa bilər. Amma virtual məkanda olan azərbaycanlılar öz qaydaları ilə oynamağa üstünlük verirlər. Buradakı adamları real həyata, siyasi proseslərə qoşmaq siyasi qüvvələr üçün çətin işdir”.

Jurnalistin fikrincə, virtualda lokal narazılıq daha çox şəxsi zəmində nəzərə çarpır: “İstifadəçilər siyasi mövqelərini nümayiş etdirməkdən çəkinirlər. Bunun səbəbləri də müxtəlifdir. Daha çox sosial problemlərdən yazılır, cəmiyyəti silkələyən məsələlərə rəy bildirilir. Bəzən ikinci və üçüncü dərəcəli məsələlər ən vacib problem kimi də müzakirəyə çıxarılır.

Sosial şəbəkədə siyasi çağırışların arxasınca gedəcək kütləni müəyyən etmək ciddi iş tələb edir. İnsanlar realda virtualdakı kimi deyillər".

Jurnalist bildirdi ki, hər status yazan şəxs o demək deyil ki, hökmən müxalifətin mitinqinə gələcək: “Sosial platforma əhval müstəvisini daha çox xatırladır. Yəni öz başına gəlmiş, dostunun şahidi olduğu narazılıq paylaşılır, bu isə müəyyən çərçivədə oxunur. Virtual şəbəkədə siyasi kontentin həcmi bütün şəbəkə istifadçilərinin sayının yazdığı kontentlərin çox az hissəsini təşkil edir. Sosial narazılıq daha çox hökumətin cəmiyyət üçün müəyyən etdiyi qanunlar və qaydaların tənqidi çərçivəsində olur.

Məsələn, yol polisinin fəaliyyəti, tibb sahəsində həkim təcrübəsizliyi, təhsildə problemlər, pensiya, rüşvət və s. məsələlər..."

X.Səfəroğlu deyir ki, siyasi liderlər sosial şəbəkə ilə işləmək metodlarını zəif bilirlər və yalnız tərəfdarlarının olduğu səhifələrdə çıxış edirlər.

Azər Rəşidoğlu: “Müxalifət meydanlardan sosial şəbəkələrə gəlib”

Siyasi şərhçi Azər Rəşidoğlunun fikrincə, sosial şəbəkələrdə mübarizənin imitasiyasını yaratmaq daha asandır: “Müxalifət anlayır ki, real şərtlər onun əleyhinədir. Bir sıra amillərə görə fəal mübarizə apara bilmir. Bu isə elektorat itkisinə səbəb olur”.

Jurnalistin sözlərinə görə, müxalifət meydanlardan sosial şəbəkələrə gəlib: “Lakin belə yolla da uzun müddət elektoratı saxlamaq mümkün olmayacaq. Müxalifət real addımlar atmasa, durumu daha da ağırlaşa bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.