Neft bazarı şokdan çıxa biləcəkmi? - TƏHLİL

20-03-2020, 09:54           
Neft bazarı şokdan çıxa biləcəkmi? - TƏHLİL
Koronavirus və OPEK+ çərçivəsində hasilatın azaldılması razılaşmasının pozulması neft bazarında vəziyyəti kritik həddə çatdırıb. Martın 18-də “Brent” markalı neft 25 dollardan aşağı düşüb. Kəskin qiymət enişindən sonra dünya bazarında neftin cüzi bahalaşması müşahidə olunub. Belə ki, səhər birjalar açıldıqdan sonra neftin qiymətində 6,1 faizlik artım baş verib.

Londonun ICE birjasında “Brent” markalı neftin bir bareli 26,42 dollara satılıb. Nyu-York birjasında WTI neftinin qiymətində isə 12,3 faizlik artım baş verib və bir bareli 23,4 dollara satılmağa başlayıb.

Lakin əksər analitik mərkəzlər bu bahalaşmanın müvəqqəti olduğunu bildirir, tezliklə neftin qiymətinin 20 dollaradək ucuzlaşmasını gözləyirlər. Bunun iki mühüm səbəbi göstərilir: OPEK+ razılaşmasının pozulması, koronavirus pandemiyasının qlobal iqtisadiyyatda yaratdığı şok effektə görə tələbin azalması. Qeyd edək ki, dünən iri neft hasilatçılarından biri olan Nigeriya da hasilatın artırılması yarışına qoşulmaq qərarını açıqlayıb. Bu ölkənin energetika naziri Timipr Silva bildirib ki, gündəlik hasilatı indiki 1 milyon 789 min bareldən 2,5 milyon barelə çatdıracaqlar. Nazirin sözlərinə görə, qiymət müharibəsi bütün neft hasilatçılarına mənfi təsir göstərir, buna görə də Nigeriya ucuzlaşmadan itirdiyini satış həcmini artırmaqla kompensasiya etmək istəyir. Silva həmçinin yaxın vaxtlarda Ər-Riyadla Moskva arasında hasilatın azaldılmasına dair konsensusun əldə olunacağına ümid etdiyini vurğulayıb.

Bu arada Rusiyanın neft nəhəngi olan “LUKoİl”un vitse-prezidenti Leonid Fedun ölkənin hasilatı artırmaq imkanlarının çox cüzi olduğunu deyib. RBK-ya müsahibəsində neft maqnatı qeyd edib ki, bu artım da uzun müddət davam etməyəcək və 2-3 ildən sonra Rusiyanın neft hasilatı azalmağa başlayacaq: “OPEK+ razılaşması zamanı Rusiya faktiki olaraq hasilatı azaltmamışdı. Rusiyanın hasilatı artırmaq imkanları hazırda ən yaxşı halda gündəlik 300 min bareldir. O da qısamüddətli dövr üçün. Səudiyyə Ərəbistanı isə gündəlik hasilatı 3 milyon barel artırmaq imkanındadır. Üstəlik, onun fars körfəzindəki müttəfiqləri hasilatı daha 2-2,5 milyon barel çoxaltmaq gücündədirlər. Bu isə o deməkdir ki, onların bazar payı müxtəlif qiymətləndirmələrə əsasən indiki 21 faizdən 25-26 faizə qədər artacaq”.

Fedunun sözlərinə görə, qiymətlər 60 dollar olanda Rusiyanın əksər şirkətləri hökumətdən yeni yataqların işlənməsi üçün güzəştlər istəmişdilər, çünki mövcud vergi rejimində bunu etmək mümkün deyil: “Təsəvvür edə bilmirəm ki, hətta vergi güzəştləri olsa belə neftin indiki 25-28 dollarlıq qiyməti şəraitində hasilatı necə artırmaq mümkündür? Buna görə də hasilatın azaldılması barədə razılaşma olmasa və qiymət 35 dolların altında qalacaqsa, 2022-2023-cü illərdən başlayaraq Rusiyada hasilat azalacaq”.

Vitse-prezident onu da bildirib ki, Rusiya razılaşmadan çıxanda heç kimin ağlına belə gəlmirdi ki, qiymətlər 25 dollardan da aşağı düşəcək: “OPEK+ iclasına qədər Rusiya rəhbərliyinin neft şirkətləri ilə görüşü keçirildi. Orada vahid rəy belə oldu ki, mövcud sazişin müddəti uzadılsın. Yəni razılaşmadan çıxılması ilə bağlı heç bir ideya müzakirə olunmadı. Halbuki mən bəzi şirkətlərin, əsasən dövlət şirkətlərinin bu ideyanın aktiv lobbiçiliyini etdiklərini bilirdim. Hətta bu şirkətlər belə nefti bu gün 25 dollardan aşağı satacaqlarını öz qorxulu yuxularında da təsəvvür etmirdilər. Amma fakt budur ki, Rusiya razılaşmadan çıxdı və nümayişkəranə şəkildə bəyan etdi ki, hasilatı artıracaq. Bu isə birinci növbədə Rusiya Federasiyasının iqtisadiyyatına zərbədir”.

L.Fedunun fikrincə, Rusiyanın razılaşmadan çıxması əhalinin gəlirlərini azaldacaq. Neft bazarındakı bu qarşıdurmadan isə ən çox dünyanın birinci böyük neft hasilatçısı olan ABŞ qazanclı çıxacaq, çünki onlarda benzin və dizelin qiyməti neftin qiymətinə bağlıdır: “Bizim hesablamalarımıza görə, bu müharibə nəticəsində ABŞ əhalisinin gəlirləri 6 faiz artacaq. Neftin və ona uyğun olaraq benzinin, dizelin qiyməti aşağı düşəcək, şist neftinin hasilatındakı problemlərin zərəri bu ucuzlaşmadan əldə olunan gəlirdən çox az olacaq. Bundan əlavə, Çin uduşlu çıxacaq - əhalisinin gəlirləri 2 faiz artacaq, nəhayət, Hindistan və Avropa qazanacaq - onlarda da əhalinin neftin ucuzlaşmasından qazancı 2 faiz olacaq. Bizdə isə xoşbəxtlikdən, ya bədbəxtlikdən, benzinin qiyməti dempferlə qorunur: neft bahalaşanda əhali bundan zərər görmür, ucuzlaşanda isə xeyir. Rublun kursu isə göründüyü kimi, düşə-düşə gedir və təəssüf ki, bunu dayandıracaq amillər də yoxdur. Buna görə də əhalinin gəlirləri azalacaq”.

Tarixdə neftin qiymətində belə kəskin ucuzlaşma nə zaman qeydə alınıb? İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, hazırda baş verən qiymət enişinin analoqu yoxdur: “Neft birjası tarixində qiymət zəlzələlərinin tarixi xronologiyası belədir:

Dekabr 1973 - yanvar 1974: 3 dollardan 13 dollara yüksəlir

Aprel 1979 - iyun1979: 21 dollardan 33 dollara yüksəlir

Noyabr 1985 - fevral 1986: 29 dollardan 16 dollara enir

İyul 1990 - sentyabr 1990: 16 dollardan 32 dollara yüksəlir

Oktyabr 1997 - dekabr 1998: 20 dollardan 9 dollara enir

Dekabr 1998 - avuqst 1999: 9 dollardan 20 dollara yüksəlir

Sentyabr 2001 - dekabr 2001: 26 dollardan 18 dollara enir

Fevral 2007 - oktyabr 2007: 57 dollardan 84 dollara yüksəlir

Yanvar 2008 - iyul 2008: 90 dollardan 134 dollara yüksəlir

İyul 2008 - oktyabr 2008: 134 dollardan 72 dollara enir

Oktyabr 2008 - fevral 2009: 72 dollardan 41 dollara enir

Aprel 2009 - noyabr 2009: 50 dollardan 78 dollara yüksəlir

İyun 2014 - yanvar 2015: 108 dollardan 47 dollara enir

İyun 2015 - yanvar 2016: 62 dollardan 30 dollara enir

Fevral 2020 - mart 2020: 58 dollardan 25 dollara enir.

Bu tarixlərin içərisində cəmi bir neçə gün ərzində qiymətin kəskin sıçrayışı yalnız 1973-cü ilin sonunda olmuşdu - o da qiymətin yüksəlməsi istiqamətində. Eniş xarakterli qiymət zəlzələrində 1 həftə ərzində belə çöküş ilk dəfə baş verir.

Bu amilin özü əvvəlki bazar böhranları ilə müqayisədə vəziyyətin daha kritik olduğunu göstərir".

Neftin qiymət enişinə səbəb olan faktorlara gəlincə, ekspert hesab edir ki, OPEK+ çərçivəsində razılaşmanın pozulmasından daha çox virusun yaratdığı fəsadlar burada həlledici rol oynayır: “OPEK+ çərçivəsində münaqişənin təsiri var, amma qlobal iqtisadi eniş daha həlledicidir. OPEC və Rusiya razılaşmasının pozulmasına qalsaydı, uzağı qiyməti 40 dollara düşə bilərdi. İqtisadi daralma həlledicidir. Çin son 30 ildə ilk dəfə sənaye istehsalının 14 faiz azalması ilə üzləşib - söhbət dünya fabriki adlandırılan ölkədən gedir. ABŞ və AB iqtisadiyyatı cidd durğunluq və azalma ilə üzləşib”.

Neft bazarında qiymətlərin yenidən artımı isə qlobal iqtisadiyyatın bərpa sürətindən, pozulmuş kartel sövdələşməsinin yenidən bərpa olunub-olunmamasından, bazara əlavə həcmlərin (İran, Liviya, Venesualanın timsalında) girib-girməməsindən asılı olacaq

ABŞ-da yaşayan iqtisadçı-alim Fariz Hüseynlinin fikrincə, qiymətlərin yenidən üzüyuxarı qalxması 3 mühüm faktorun təsiri ilə baş verə bilər: “Üç faktor var - birincisi OPEC və Rusya əməkdaşlığı yenidən bərpa olmalıdır. Nəticədə neftin qiymətini monopoliya idarə edirdi və indi kartelin buna davam edib- etməyəcəyi maraqlıdır. Ticari baxımdan rasional fikirləşsək, davam etməlidirlər, amma başqa amillər var deyə çətindi nəsə demək.

İkinci faktor daha qısamüddətlidir və indiki virus böhranından çıxıb iqtisadiyyatlar istehsala başladıqca, tələb-təklif öz yerini tapsa bunun təsiri müsbət olacaq. Bu faktorun qiymətləri haradasa 40-50 dollara qaldırma gücü var. Hazırda Çindən gələn xəbərlər bir az müsbətdir. Məsələn, dünən rüblük gəlir açıqlaması edən "Fedex" şirkəti (nəqliyyat və daşımaçılıq iqtisadi aktivliyin xəbərçisi olur) bildirdi ki, Çində son iki həftədir yaxşı artım var işlərində. Bu da vəziyyətin ən azı pisləşmədiyini göstərir və ola bilsin, bir aya Avropa və Amerika iqtisadiyyatında da pisləşmə dayanacaq və yenidən insanlar heç olmasa işə və restoranlara gedə biləcək.

Üçüncü amil də bazar iştirakçılarıdır. Araşdırmalar göstərir ki, spekulyasiyanın neftin qiymətinə təsiri adətən 10-15 dollar ətrafında olur. Spekulyantlar (manipulyantlarla qarışdırmayin) risk götürdükləri üçün qiymətə əlavə prim yeri qoyurlar, aşağı düşəndə də, yuxarı qalxanda da. İndi vəziyyət elədir ki, onlar risk almaq istəmirlər və aşağıya doğru bu primi tələb edirlər. İqtisadi vəziyyətin dəyişəcəyini gözləyəndə həmin spekulyantlar yavaş-yavaş yuxarı trendə keçərək həmin primləri tələb etməyə başlayacaqlar. Ümid edirəm bu çox cəkməyəcək".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.