Ekspertlər Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşünü şərh etdilər: “Azərbaycanı Qarabağsız olmağa hazırlayır”
27-08-2020, 12:51
![Ekspertlər Azərbaycan və Rusiya Xarici İşlər nazirlərinin görüşünü şərh etdilər: “Azərbaycanı Qarabağsız olmağa hazırlayır”](/uploads/posts/2020-08/1598518333_1.jpg)
Xəbər verildiyi kimi dünən Moskvada Azərbaycan və Rusiya Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş baş tutub.
Bizimyol.info xəbər verir ki, Qarabağ münaqişəsinə toxunan C.Bayramov deyib ki, Ermənistan Azərbaycan ərazilərinin 20% - ni işğalda saxlayaraq dinc əhalini oradan qovmaqla beynəlxalq hüququ pozmaqda davam edir.
İyulun 12-16-da Ermənistanla sərhəddə gedən döyüşlər Azərbaycanın nəqliyyat infrastrukturunu təhlükə altına salmaq məqsədilə təxribat idi.
C.Bayramov qeyd edib ki, beynəlxalq birlik nizamlanmaya dair məzmunlu danışıqların davam etdirilməsi və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin həyata keçirilməsi, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi üçün Ermənistana təsir göstərməlidir.
Öz növbəsində S.Lavrov deyib ki, danışıqları aparanların tərkibini dəyişmək cəhdləri olub ki, bu da qəbuledilməzdir.
Politoloq Elxan Şahinoğlu bildirib ki, Lavrovun mesajı Bakıya və Ankarayadır: “Çünki, həm Bakı, həm də Ankara Minsk Qrupu həmsədrlərinin hazırki formatının münaqişəni həll etmədiyi düşüncəsindədir”.
Politoloq bildirib ki Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı ilə görüşdən sonra erməni həmkarı Zöhrab Mnatsakanyana zəng edir və regional vəziyyəti müzakirə edir: “Görünür, Lavrov bununla mesaj verir ki, Azərbaycanla iqtisadi və regional layihələr çərçivəsindəki “strateji tərəfdaşlıq” öz yerində, ancaq Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın maraqlarının əleyhinə addım atılmayacaq”.
Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiya hər vəcdlə Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə qarşı çıxış edir: “Dünən Lavrovun Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdikləri mətbuat konfransında BMT qətnamələrini öz erməni təəssübkeşliyi ilə şərh etməsini böyük əsəb və streslə dinləyəndən, rusların müdafiə naziri Şoyqunun Bakıda Rusiyadan Ermənistana təyyarələrlə həri yükün daşınmadığını deməsi əsas verir ki, Putin və komandası Azərbaycanı Qarabağsız olmağa hazırlayır və bunun başqa adı yoxdur.
Rusiyanın məqsədi mənasız danışıqlar prosesini daha da uzatmaq, bizim nəslin dünyasını dəyişəndən sonra Qarabağda növbəti erməni dövlətini elan etməkdir.
Bunlar hələ uzun illər Qarabağla bağlı məkrli oyunlarını davam etdirmək istəyirlər. Nəinki Qarabağla, planlarında başqa çirkin, xain məqsəd və məramlar da mövcuddur”.
Hərbi ekspert bildirib ki, Azərbaycan həm Rusiyaya, həm Amerikaya, həm də Fransaya mövqelərini qətiləşdirməsi üçün onlara vaxt verməlidir: “Əks halda, biz çox ağır, çox rüsvayçı bir vəziyyətlə üz-üzə qalacağıq. Hələ məni narahat edən bir başqa məsələ də var ki, belə gedişlə bizə maddi və mənəvi dəstək verməyi dəfələrlə bəyan edən qardaş saydığımız Türkiyə, Pakistan da belə vəziyyətdən bezib, bizdən Qarabağ məsələsində tədricən uzaqlaşacaqlar.
Biz ya ATƏT-in erməni maraqlarına tam xidmət göstərən Minsk qrupundakı danışıqlar prosesindən çıxmaq və başımızın çarəsini qılmaq haqqında ciddi-ciddi düşünməliyik, ya da birdəfəlik Qarabağın da tarixin yaddaşına köçəcəyi ilə barışmalıyıq”.