`Möhtəkirlər süni ajiotaj yaratmışdılar` - Baş bankir
19-01-2016, 16:05
“Hazırda bank sektoruna yardım proqramı üzərində iş aparılır”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Baş bankirin sözlərinə görə, bank sektorunun nizama salınması ilə bağlı hökumətlə birgə tədbirlər planı hazırlanır: “Bu istiqamətdə həm Dövlət Neft Fondu, həm də Mərkəzi Bank bazarda aktiv çalışır. Atdığımız vacib addımlardan biri də banklardan kənarda olan valyuta məntəqələrinin ləğvi idi. Çünki həmin məntəqələr müəyyən ajiotaj yaradırdı. Müəyyən möhtəkirlər valyuta kursunu qaldırmağa çalışırdı. Lakin görürsünüz ki, hazırda hər şey stabilləşib”.
E.Rüstəmov keçirilən son hərracda təklif etdilən valyutanın hamısının alınmadığını qeyd edib: “Hərracda dəvət etdiyimiz 35 bankdan cəmi 28-i iştirak edib. Bu da onu göstərir ki, bazarda stabil vəziyyət yaranıb. Lakin məzənnə yenə də üzür. Proses davam edir, çünki burada müəyyən təsir var. Neftin qiymətinin aşağı düşməsində xarici amillərin də özünəməxsus təsiri var. Bu gün manatın məzənnəsinə təsir edən əsas amil xarici amillərlə bərabər, əhalidə yaradılan süni ajiotaj və möhtəkirlərin yaratdığı gözləntilərdir. Əhali bilməlidir ki, Mərkəzi Bank və digər hökumət qurumları ilə birlikdə ölkədə manatın məzənnəsinin dinamıkasını proqnozlaşdırmaq, kəskin üzməsinin qarşısını almaq üçün ciddi tədbirlər görmək iqtidarındadır. Bu istiqamətdə beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığı daha da genişlənidirəcəyik”.