“Efirlərə avaraları dəvət edirlər” - VİDEO
Bu gün, 00:13

“Uzun illərdir efirlərdə yox idim. Ona görə ki, indi efirləri hazırlayanlar o avara insanları verilişlərə çıxarırlar. Onların da heç bir musiqi savadları yoxdur. Mənim kimilər ona görə də kənarda qalıb. Mən nə etməliyəm? Gedib yalvarmalıyam ki, məni də dəvət edin?”
Bunu Moderator.az-a açıqlamasında məşhur “Kukla” mahnısının ifaçısı, bəstəkar-müğənni Zabitə Məmmədova deyib. O daha sonra əlavə edib:
“Mən uzun illərdir Azərbaycan Bəstəkarlar İttifaqının üzvüyəm. Əfsər Cavanşirovun “Bənövşə” uşaq xorunda oxumuşam. 5 yaşımdan “Qızıl Fond”-a düşmüşəm. Qonorar verməmişdilər. Əsərlərim bu gün də ifa olunur. Mahnılarımı xalq artistləri Flora Kərimova, Səkinə İsmayılova, Faiq Ağayev, Mənsum İbrahimov oxuyub. İndi kim daha çox onlara qulaq asırsa, onlar üçün məşhurdur. Yutubda hamısı var” deyə Zabitə Məmmədova deyib.
Zabitə Məmmədova “Kukla” mahnısını oxuyan digər ifaçılardan da danışıb:
“Bu mahnı yalnız mənim ifamda “Qızıl Fond”-a düşüb. Mahnının bəstəkarı Ağabacı Rzayevadır. Əfsər Cavanşirov Moskvadan gələndə mənə kukla hədiyyə etmişdi. Bu mahnını kim istəyir oxuyur. Mən heç kimdən icazə tələb etməmişəm. Elnarə Xəlilova bu mahnını ifa edib. Elnarə hörmət etdiyim, dəyərli səs sahibidir. Amma o bu mahnını uşaq kimi oxumayıb, böyük kimi oxuyub. Uşağı xatırladacaq orada məqam təkcə onun geyimidir. Bu axı böyüklərə aid mahnı deyil. Əyər-əskikləri demək lazımdır. Heç kimdən incimirəm. Mahnıdır oxuyub, amma yarada bilməyib” deyə bildirib.
Zabitə Məmmədova bugünki fəaliyyətindən də danışıb:
“Əsərlərimi yazıram. Böyük bir üvertura işləyirəm. Simfonik poemadır. Özümə aid əsərləri işləyirəm. Nə fəxri adım var, nə də qazancım. Aidiyyatı qurumlara məktub da yazmışam. Kənarda qalmışam. Yoldan ötənlərin hamısının fəxri adı var. İstəmirəm şikayətlənim, amma bu mənim haqqımdır” deyə o bildirib.
Zabitə Məmmədova bildirib ki, indi uşaqları düşünüb, onlar üçün mahnı yazanlar çox azdır:
“İndiki uşaqlara “ölürəm sənin üçün, sevirəm səni” kimi mahnılar oxutdururlar. Bunlar böyüklər üçün oxunan mahnılardır. Başqa heç nə yoxdur. 300-dən çox uşaq mahnısı ifa etmişəm” deyə o bildirib.