Regional idarəetmə: Əyalət sisteminə keçid nəyi dəyişə bilər? - AÇIQLAMA
10-09-2020, 16:13

Son zamanlar müzakirə edilən mövzulardan biri də idarəetmədə optimallaşdırmaya nail olunmasıdır.
Qeyd edək ki, bu istiqamətdə bir sıra addımların atılması müşahidə olunur. Belə ki, bəzi nazirliklərin rayon şöbələrinin ləğvi və ya digərlərinə birləşdirilməsi həyata keçirilib. Bir qədər əvvəl isə Gəncə şəhərinin Nizami və Kəpəz rayonları ləğv edilib ki, bu da qeyd olunan istiqamətdə atılan addım kimi xarakterizə olunur.
Deputat Vahid Əhmədov yerli mətbuata açıqlamasında rayonlarla əlaqədar idarəetmə strukturunda ciddi dəyişikliklərə ehtiyac olduğunu bildirib.
Onun fikrincə, son vaxtlar dövlət orqanlarında baş verən həbslər, korrupsiya faktları onu göstərir ki, bu sahəyə kifayət qədər fikir verilməyib:
"Ölkədə 11 iqtisadi rayon var. Ona görə təklif edirəm ki, ölkədə 11 əyalət yaradılsın, 11 əyalətdə də icra başçısı, qubernator təyin edilsin"
Deputatın sözlərinə görə, burada bir şərt əsas yer tutur, bu da bələdiyyələrə münasibətin dəyişməsidir:
"Bələdiyyələrə səlahiyyətlər verilsin. Bələdiyyələrin statuslarına əlavələr edilsin. Bir sözlə, Azərbaycan bələdiyyələri Türkiyə idarəçilik variantına keçirilsin. Sosial-iqtisadi məsələlərlə bələdiyyələr məşğul olsun".
Deputat qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət idarəetmə strukturunda ciddi dəyişikliklər baş verməyib.
Onun fikrincə, idarəetmədə təkmilləşdirmə hələ başa çatdırılmayıb, struktur islahatları bitməyib.
Regional idarəetmənin təşkil olunması çevik sistemə keçid üçün əlverişli hesab olunurmu?
“Mülki cəmiyyətə doğru” Mərkəzi İctimai Birliyinin rəhbəri Abil Bayramov Cebhe.info-ya açıqlamasında regional idarəetməyə keçidi əlverişli hesab etdiyini bildirib:
“Biz dəfələrlə bununla bağlı təkliflər vermişik, təklif etmişik ki, tədricən regional idarəetməyə keçid edilsin. Yerli əhəmiyyətli ictimai xidmətlər bələdiyyələrin səlahiyyətinə verilməlidir, birbaşa mərkəzi idarəetməyə bağlı olan səlahiyyətlər isə regional orqanların səlahiyyətində qalmalıdır. Təbii ki, müxtəlif variantlar təklif olunub. 9 iqtisadi rayon üzrə idaretmənin təşkili də variantlardan biridir. Bu təkliflər müzakirə olunmalıdır. Bəlkə də idarəetmənin bu cür təşkili ən optimal varinatlardan biri ola bilər”.
Ekspert deyir ki, bu cür təşkiletmə idarəemənin effektivliyini artıra bilər:
“Həm mərkəzi hakimiyyətin yükü azalar, həm də resurslara qanaət imkanı yarana bilər. Yerli resurslardan daha səmərəli istifadə etməklə yerli ictimai xidmətlərin keyfiyyətini də artırmaq mümkündür. Bu cür idarəetməyə keçid üçün ciddi araşdırmalar tələb olunur. Bütün hallarda biz bunu idarəetmənin təkmilləşdirilməsinə yönələn təklif olaraq qiymətləndiririk”.