Rusiyanın Azərbaycana təsir rıçaqları nədir və onları necə neytrallaşdırmaq olar
12-10-2020, 06:12

Rusiyanın Azərbaycana təsir rıçaqları nədir və onları necə neytrallaşdırmaq olar:
a) İqtisadi məsələlər:
1) İxracımız əsasən neft-qazdır, onu da Qərbə satırıq, ən böyük alıcılar İtaliya və İsraildi. Amma qeyri-neft ixracının böyük bir hissəsi Rusiyayadır, yəni bu məsələdə çoxşaxəli ixrac modelinə keçə bilməmişik. Rusiya kefi istəyəndə bizim pomidorda qurd, xiyarda xəstəlik "tapıb" sərhədi bağlayır - bu məsələdə təsiri azaltmaq üçün yeni bazarlara çıxmaq lazımdır,
2) Rusiyadan çox çeşidli məhsullar alırıq, mənfi saldomuz var, yəni satdığımız aldığımızdan azdır, ordan aldığımız malları başqa ölkələrdən almaq olar, amma taxıl məsələsi var, biz hələ özümüzü taxılla təmin edə bilmirik, keyfiyyətli buğdamız alınmır, taxılı Rusiya, Qazaxstan və Ukraynadan alırıq. Kreml hərdən bunu da təzyiq vasitəsinə çevrə bilir - bu rıçaqı da əllərindən almaq lazımdır,
3) Və nəhayət əsas iqtisadi təsir rıçaqı - 2 mln. azərbaycanlının Rusiyada pul qazanması məsələsi, bu təsir "silahı" çox güclüdür, zaman-zaman Rusiya bu məsələ ilə təzyiq edir. Birdəfəlik bu fobiyadan da qurtulmaq lazımdı - zatən onların 700 mini artıq Rusiya vətəndaşıdır, onlara heç nə etməzlər, yerdə qalanları ölkəyə qaytara bilərlər, rəsmi Bakı bundan qorxur ki, qayıdanlar qeyri-sabitlik ocağı yaradarlar. Hökumət qorxmaqdansa adam kimi investisita şəraiti, normal rəqabətli mühit yaratsın, gələnlər burda iş-güc qura, iş tapa bilsinlər. Bu zatən edilməlidir, Moskvaya 2 mln. azərbaycanlı kartından istifadə etməyə imkan vermək olmaz.
b) Hərbi məsələlər:
1) Hərbi gücü bölgədə həlledicidi, bu gücü dəngələmək asan deyil, amma dəfələrlə yazdığımız kimi bir böyük gücü, başqa böyük güclə balanslaşdırmaq lazımdlr,
2) Böyük səs-küylə addımlar atmağa ehtiyac yoxdur, həmən Türkiyə ilə Hərbi Tədris və Təlim Mərkəzlərinin yaradılması ilə bağlı dərhal müqavilə bağlanmalı, ölkə ərazisində bir neçə belə Mərkəz yaradılmalıdı. Adını "hərbi baza" qoyub Kremli qıcıqlandırmaq lazım deyil, əsas mahiyyətdir. Sonra həmin Mərkəzlər NATO ilə birbaşa əlaqələrin qurulması üçün körpü ola bilər - bu isə o deməkdir ki, bir gücü, digər güclə balanslaşdlrmaq mümkün olacaq,
3) Rusiya bizə silah satmaya bilər - olsun, əvvəl çətin olacaq (ehtiyat hissələri, sursat), amma bu bizə tezliklə NATO standartlarına keçməyə imkan verəcək.
Biz müharubəni də, müzakirəni də Ermənistanın yiyəsi ilə aparırıq, bunu unutmadan Kremlin təsir rıçaqlaqlarını bir-bir neytrallaşdlrmağı bacarmalıyıq ki, indi və gələcəkdə hərbi uğurları diplomatik zəfərlərə çevirə belək...
Natiq Cəfərli
Teref.az