Moskvada qəbul edilən bəyannamənin 4-cü maddəsi Azərbaycan üçün ziyanlıdır - TƏHLİL
13-10-2020, 03:49

Minsk Qrupunun üzvləri arasında Belarus, İsveç, Hollandiya və Portuqaliya da var. Belarus məlum, öz hayındadır, İsveçi Hollandiyanı və Portuqaliyanı Dağlıq Qarabağ münaqişəsi çoxmu maraqlandırır? Bu dövlətlərin Qrupda olmasının bizə nə faydası var?
Teref.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyir.
Moskvada qəbul edilən bəyannamənin 4-cü maddəsində yazılıb ki, danışıqlar formatı dəyişdirilməməlidir. Bu maddənin Azərbaycan üçün zərərli olduğunu bəyanat qəbul edilən gün bildirdim.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 4-cü bəndin zərurətini belə izah etdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın istəyi alınmadı, Dağlıq Qarabağ separatçıları danışıqlarda iştirak edə bilməyəcəklər.
Ancaq bu bəndin başqa tərəfi də var ki, danışıqlar formatının dəyişməməsi Türkiyənin masada oturmasını əngəlləyir. Onsuz da separatçılarla birbaşa danışıqların mümkün olmadığı çoxdan bəllidir, Türkiyənin masada oturmaması isə bizə ziyandır.
Təsadüfi deyil Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün erməni həmkarıyla Moskvadakı görüşündə İrəvanın narahatlığına səbəb olmadığını, 4 –cü bəndə görə Türkiyənin danışıqlarda iştirak etməyəcəyinə işarə etdi.
Teref.az