28 il gözlədiyimiz Qələbəyə çatdıq !

11-11-2020, 16:35           
28 il gözlədiyimiz Qələbəyə çatdıq !
Bu gün harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlıda qürur hissi var. Dövlətimizin başçısı İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun rəşadəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin həllində tarixi qələbəyə imza atdıq. 28 il ərzində Azərbaycan dövlətinin diplomatik mübarizədə uğurları döyüş meydanında tarixi qələbəni yazmağa stimul verdi. Ordumuz gücünü, qüdrətini nümayiş etdirdi. Ən əsası Azərbaycan istər döyüş meydanında, istərsə də diplomatik müstəvidə qalibiyyəti ilə işğalçı Ermənistanın münaqişənin «diplomatik həlli yoxdur», ona dəstək verən dövlətlərin isə «hərbi yolu yoxdur» fikirlərinin nə qədər yanlış olduğunu təsdiqlədi. Ordumuz döyüş meydanında böyük şücaət göstərərək 44 gün ərzində 300-ə yaxın yaşayış məntəqəsini, 5 şəhərimizi, 4 qəsəbəmizi, xeyli sayda strateji yüksəkliklərimizi işğaldan azad etdi, Ermənistanın «yenilməz erməni ordusu» mifini dağıtdı, qələbə əzminin, döyüş ruhunun nə qədər yüksək olduğunu təsdiqlədi.
Noyabrın 8-də Qarabağın döyünən ürəyi Şuşamız, onun ardınca 9 Noyabr - Dövlət Bayrağı Günündə 71 yaşayış məntəqəsi, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad edildi. Məhz döyüş meydanındakı bu uğurlarımız noyabrın 10-da Azərbaycanın siyasi qələbəsinin təsdiqi olan Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin bəyanatını şərtləndirdi. Bu sənəd, eyni zamanda, Ermənistanın məğlubiyyətinin etirafıdır.
Münaqişənin həllində Azərbaycanın qələbəsi ümumilikdə regionda yeni əməkdaşlıq formatının inkişafını təmin edəcək. Hazırda Rusiya və qardaş Türkiyə arasında yaxın münasibətləri nəzərə alsaq, yeni əməkdaşlıq formatının uğurlu olacağını deyə bilərik. Prezident İlham Əliyev xalqa müraciətində də bu məsələyə diqqət yönəldərək bildirdi ki, bəyanatın beşinci bəndində münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılması qeyd olunub. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Beləliklə, Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaq.
Ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində qələbəni şərtləndirən amillərdən geniş bəhs etmişdir. Reallıq budur ki, son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət nəticəsində Azərbaycan həm regionda, həm də dünyada söz sahibinə çevrilib. Dövlətimizin başçısının da vurğuladığı kimi, bu gün Azərbaycanın sözü imzası qədər əhəmiyyətlidir. İki tərəfli və çoxtərəfli çərçivədə əlaqələrin qurulması və inkişaf etdirilməsi həqiqətlərimizin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verir. Ulu öndər Heydər Əliyevin siyasətinə sadiqlik onun xarici ölkələrə hər bir səfərində, eyni zamanda, keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə əsas diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəltməsində də özünü qabarıq şəkildə göstərir.
Azərbaycan müharibə şəraitində yaşayan ölkə olaraq ordu quruculuğu sahəsində də mühüm addımların atılmasına nail olub ki, bu da özünü son 44 gündə Silahlı Qüvvələrimizin qəhrəmanlığında qabarıq şəkildə göstərdi. Hərbi imkanlarını genişləndirməklə döyüş meydanında qələbə qazanan Azərbaycan həm də diplomatik cəbhədə diktə edən tərəfə çevrildi. Azərbaycan Ordusu ədaləti bərpa edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etdi.
Azərbaycan haqq işi uğrunda illərdir apardığı ədalətli mübarizənin uğurlu nəticəsini yaşayır. Qələbəmizi şərtləndirən amillər sırasında xalqımızın milli birliyi, həmrəyliyi də əsas yer tutur. Əks-hücum əməliyyatları başladığı gündən siyasi əqidəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan xalqı yumruq kimi birləşdi. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar da dövlətimizin başçısının ətrafında sıx birləşərək, dəstəklərini ifadə etdilər. Prezident İlham Əliyev xalqa müraciətində bu məsələyə də xüsusi diqqət yönəldərək bildirmişdir: «Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Bu illər ərzində bizə qarşı aparılan qara piar kampaniyası, qarayaxma, şər-böhtan kampaniyasının da əsas məqsədi o idi ki, bizi əsas vəzifəmizdən uzaqlaşdırsınlar, biz uzaqlaşaq, daxili problemlər içində boğulaq və işğal edilmiş torpaqlar işğalçıların əlində əbədi qalsın. Güclü siyasi iradə, xalq-iqtidar birliyi bu planları da alt-üst etdi».
Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün uğurlu hərbi əməliyyatlara davam etdiyi zaman Ermənistan və onun havadarlarının ölkəmizə təzyiq cəhdləri məhz informasiya savaşının da sərkərdəsi olan Müzəffər Ali Baş Komandanımızın diplomatik bacarığı, beynəlxalq münasibətləri doğru dəyərləndirməyi, məntiqli arqumentləri sayəsində qısa zamanda iflasa uğradı. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu müddət ərzində onun xarici mətbuata 30-a yaxın müsahibəsinin hər biri informasiya müharibəsində Azərbaycanın uğurunun göstəricisidir. Prezident İlham Əliyev faktlarla sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır, əsrlər boyu burada azərbaycanlılar yaşayıb. Dövlətimizin başçısının uğurlu xarici siyasəti sayəsində bütün aparıcı dünya təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barəsində ədalətli qətnamələr qəbul edib. Həmin sənədlər birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıdır ki, bu da münaqişənin həllində möhkəm hüquqi bazadır.
Müqəddəs vəzifəsini layiqincə icra edən Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunması müjdəsini verməklə həm bir xalqın illərlə həsrətində olduğu arzusunu, həm də bir övlad olaraq ata vəsiyyətini yerinə yetirmiş oldu. O, Şuşanın azad olunduğu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, Ümummilli Liderin ruhu qarşısında baş əydi: «Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya Azərbaycanlıları!»
Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarix yazaraq, onun səhifələrini qələbələrlə, ədalətin bərpa edilməsi ilə zənginləşdirdi. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.