Elxan Şahinoğlu: “5 ildən sonra istəməsək, rusiyalı sülhməramlılar Qarabağda olmayacaq”

14-11-2020, 10:43           
Elxan Şahinoğlu: “5 ildən sonra istəməsək, rusiyalı sülhməramlılar Qarabağda olmayacaq”
Rusiya sülhməramlıları Xankəndində - Türkiyə bu prosesdə də yanımızda yer alacaq

Rusiyanın 15-ci əlahiddə motoatıcı briqadasının sülhməramlı batalyonu Xankəndinə daxil olub. Mətbuatda yayılan məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib. “Noyabrın 12-də Rusiya sülhməramlı kontingentinin ön xətt bölmələri Dağlıq Qarabağ ərazisində atəşin və hərbi əməliyyatların dayandırılması ilə bağlı razılaşmaya nəzarət etmək üçün tapşırıqlarının icrasına başlayıblar. Atəşkəs bütün təmas xəttində müşahidə olunur”, - Konaşenkov deyib.

Modern.az “RİA Novosti”yə istinadla xəbər verir ki, İ.Konaşenko Dağlıq Qarabağda və Laçın dəhlizindəki təmas xətti boyunca 10 müşahidə məntəqəsi yerləşdirildiyini vurğulayıb. Bildirib ki, onlardan dördü “Cənub” məsul zonasındadır: “Sülhməramlı kontingentin bölmələri Laçın dəhlizini və Laçın yolunun bir hissəsini - Lısoqorski sovxozunu nəzarətə götürərək, orada altı müvəqqəti müşahidə postu yaradıb”. Qarabağda atəşin dayandırılması rejiminə bütün təmas xətti üzrə riayət edilir. Bu barədə Konaşenkov brifinqdə bildirib.

Noyabrın 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin birgə bəyanatına əsasən əməliyyat zonasında yerləşdiriləcək Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Görüşdə sülhməramlı missiyanın təşkili və həyata keçirilməsi məsələləri müzakirə edilib.

Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi birmənalı qarşılanmayıb və bir çoxları narahatlıqlarını ifadə etməkdədirlər. Amma ardınca qardaş Türkiyənin hərbi kontingentinin də Qarabağa gətiriləcəyi barədə anonsların eşidilməsi narahatlıqları arxa plana keçirməkdədir.



“Türkiyə Rusiya ilə birgə sülhməramlıların tərkibində yer alacaq. Bəyanatın imzalanması ilə Azərbaycan xalqını və qardaşım İlham Əliyevi təbrik edirəm. Hər zaman olduğu kimi biz Azərbaycanın yanında olduq və işğalın sona çatması üçün hər bir şeyi etdik”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Qarabağ sazişində ”Türkiyənin yeri harada" deyə soruşanlara cavab verirəm: Türkiyənin yeri bu məsələnin kökündə, həm döyüş meydanında, həm də danışıqlar masasındadır". Türkiyənin Milli müdafiə naziri Hulusi Akar belə deyib. “Türkiyə Qarabağda atəşkəsə nəzarət və təftiş ilə bağlı razılaşmanın tətbiq olunmasını müşahidə və təftiş etmək üçün ortaq sülhməramlı qüvvələrdə yer alacaq”, Hulusi Akar əlavə edib. Nazir deyib ki, Rusiyadan Ankaraya geniş bir heyət gələcək: “Taktikamız və texniki olaraq kimin yeri harada olacaq, bunlar müəyyən ediləcək”.



Qafar Çaxmaqlı: “Bu qərarın çıxarılması belə, yenə Ermənistana biabırçı məğlubiyyətdən yaxa qurtarmaq şansı vermir”

“Azərbaycan ərazisində yerləşəcək, atəşkəs rejiminə və bütün hərbi əməliyyatların dayandırılmasına nəzarəti həyata keçirəcək Birgə Mərkəzin işinin təşkili ilə əlaqədar ən qısa zamanda Birgə İşçi Qrupun fəaliyyətə başlayacağını məmnunluqla qeyd edirik. Birgə Mərkəzin fəaliyyətinin atəşkəs rejiminə nəzarətin səmərəliliyinin artırılmasına və beləliklə də bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyinə inanırıq”, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin yaydığı açıqlamada bildirilib.

Bir neçə gündür Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Qarabağla bağlı proseslərdə rəsmi Bakı ilə bir yerdə olduğunu növbəti dəfə açıqlayıb. “Atəşkəsə nəzarət mərkəzi Azərbaycan torpaqlarında bizə verdiyi yerlərdə olacaq. Ev sahibinə hörmətsizlik etmək olmaz. Mən bunu ruslara da dedim”, - Çavuşoğlu bildirib.

Türkiyə hərbçilərinin bölgədə olması isə Azərbaycan üçün əlavə üstünlükdür və bu, hər hansı təhdidlərin qarşısının alınmasında önəmli rol oynayacaq.



Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Qarabağa sülhməramlı qüvvələrin gəlişi məsələsi Ermənistandan gəlmişdi: “Paşinyan son açıqlamasında da dedi ki, olanı qorumaq üçün bunu ən düzgün yol bildik. Çünki bir neçə gün də bu edilməsəydi, heç bir müdafiəsi olmayan Xankəndi tutulacaqdı və 20 mindən artıq erməni ordu hissələri mühasirəyə düşəcəkdi. Paşinyan olanı qorumaq üçün bunu etdiklərini və anlaşmaya imza atdığını da məğlubiyyətin qaçılmazlığı ilə əlaqələndirib”.

Q.Çaxmaqlı qeyd etdi ki, Ermənistanda proseslər hər an gərginləşir: “Ötən gecəyə qədər istefa verməsini istəyən siyasi təşkilatların rəhbərləri həbs olunsa da, küçələr etirazçılarla doludur. Onlar nə istəyirlər? İmzanın geri çəkilməsini, savaşın davam etdirilməsini ölkədə yeni müvəqqəti bir qurumun yaradılmasını. Nikolun cəzalandırılmasını və digər tələblər qoyublar. Ermənistan parlamentinin fövqəladə toplantısı kvorum olmadığından hələ baş tutmur. Onlar parlamentdə bu anlaşmanın tanınmaması qərarını çıxarmaq istəyirlər. Bu qərarın tətbiqi isə Rusiya və Azərbaycandan asılıdır. Bu qərarın çıxarılması belə, yenə də Ermənistana biabırçı məğlubiyyətdən yaxa qurtarmaq şansı vermir”.



Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a bildirdi ki, atəşkəs sazişi Şuşanın işğaldan azad olunmasına qədər imzalansaydı, Şuşa şəhəri erməni separatçılarının nəzarətində qala bilərdi: “Buna görə də, Azərbaycan ordusunun xüsusi təyinatlı bölməsi Şuşa uğrunda ağır döyüşlərə başladı. Azərbaycanın xüsusi təyinatlıları ağır silahlar olmadan 3 istiqamətdən Şuşa qalasına dırmaşaraq azərbaycanlılar üçün tarixi və müqəddəs şəhəri azad etdilər. Bundan sonra Ermənistan hərbçiləri ağır vəziyyətə düşdülər. Ermənistanın baş naziri Nikol Paşinyan bundan sonra erməni generallarla görüşdü və Paşinyana aydın oldu ki, müharibəni davam etdirə bilməyəcək”.

Politoloq qeyd etdi ki, bu vəziyyətdə Paşinyan Rusiyanın hazırladığı bəyanatı qəbul etmək məcburiyyətində qaldı: “Azərbaycan prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiyanın prezidenti Vladimir Putinin qəbul etdikləri bəyanat ümumilikdə Azərbaycanın müharibədə qələbə çaldığını təsdiqləyir. Birincisi, Dağlıq Qarabağ ətrafındakı bütün rayonlar dekabrın 1-ə qədər boşaldılacaq və azərbaycanlılar bu bölgələrə qayıdacaqlar; ikincisi, Azərbaycanla Naxçıvan arasında quru yol açılır; üçüncüsü, Azərbaycan ordusu işğaldan azad etdiyi ərazilərdə qalacaq, yəni ermənilər Hadruta və Xocavəndin azad edildiyi hissələrə qayıda bilməyəcəklər; dördüncüsü, Dağlıq Qarabağda ermənilərin yaşadığı əraziləri azaldı və bundan sonra onlar separatçı fəaliyyət apara bilməyəcəklər”.

E.Şahinoğlu da qeyd etdi ki, buna baxmayaraq, Azərbaycan cəmiyyətində bəyanatla bağlı suallar da az deyil: “Rusiyalı sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsi məndə təəssüf doğurdu. Çünki vaxtilə məhz SSRİ və Rusiyanın Dağlıq Qarabağdakı hərbi bazaları erməni separatçılarına silah vermişdilər. Erməni separatçıları həmin silahlarla etnik təmizləmə aparmış və Azərbaycan torpaqlarını işğal etmişdilər. Digər tərəfdən, rusiyalı sülhməramlılar Gürcüstan və Moldovada var və bu ölkələrin ərazi bütövlüklərinin təminatına əsas problemdir. Əlbəttə, imzalanan bəyanatda belə bir bənd var ki, tərəflərdən hər hansı biri 5 ildən sonra Rusiya sülhməramlılarının bölgədən çıxarılmasını istəyərsə, onlar bölgəni tərk edəcəklər. Yəni Azərbaycan 5 ildən sonra istəməsə, rusiyalı sülhməramlılar Dağlıq Qarabağdan çıxacaqlar”.



Politoloq xatırlatdı ki, Rusiyanın Azərbaycanın Qəbələdəki bölgəsində hərbi bazasını tərk etmişdi: “Deməli, Azərbaycan rusiyalı sülhməramlılarının 5 ildən sonra Dağlıq Qarabağdan da çıxarılmasına nail ola bilər. Digər tərəfdən Dağlıq Qarabağın ətrafında türkiyəli sülhməramlılar da olacaq. Məsələn, türkiyəli sülhməramlılar azərbaycanlı hərbçilərlə birgə Şuşada, Kəlbəcərdə və ya Ağdamda yerləşdirilə bilər. Başqa sual budur: Naxçıvanla Azərbaycanın materik hissəsini birləşdirən və Ermənistan ərazisindən keçən koridoru rusiyalı sülhməramlılar qoruyacaqlar. Əgər Azərbaycan 5 ildən sonra rusiyalı sülhməramlıların Dağlıq Qarabağdan çıxarılmasını istəsə, Naxçıvanla Azərbaycanın materik hissəsindəki koridorun təhlükəsizliyini kim təmin edəcək? Dağlıq Qarabağdakı ermənilərə çətin olacaq. Erməni separatçıları Azərbaycanın 20 faiz ərazisini işğal etmişdilər. Onlar Azərbaycan əarzilərini azad etdikdən sonra ermənilər cəmi 7-8 faiz əraziyə nəzarət edəcəklər. Azərbaycanlı köçkünlər geri qayıtdıqdan sonra isə azərbaycanlıların sayı 700-800 min olacaq. Yəni Dağlıq Qarabağda yaşamaq istəyən 60 və 70 min erməni 800 min azərbaycanlının əhatəsində yaşayacaqlar. Digər tərəfdən azərbaycanlılar artıma meyllidirlər, ermənilərin sayı isə artmayacaq. Ona görə də məlum deyil ki, ermənilərin Dağlıq Qarabağda sayı nə qədər olacaq? Ancaq gələnlər mütləq şəkildə Azərbaycanın qanunlarını, pasportunu, bayrağını və digər atributlarını qəbul etməlidirlər. Etməsələr, yenə bizə problem yaşadacaqlar”.

Rusiya Federasiyası, Azərbaycan və Ermənistanın Dağlıq Qarabağla əlaqəli bağladığı üçtərəfli razılaşmaya görə, Yerevanın üzərinə gələcək nəsillərin belə ödəməli olacağı 50 milyard dollardan (85 mlrd. AZN) çox öhdəlik qoyulub. Bu barədə Ermənistanın keçmiş Baş prokuroru və respublikanın Avropa İnsan Haqları Məhkəməsində sabiq nümayəndəsi Qevork Kostanyan açıqlama verib.

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyandan narazılıqlar sürətlə artmaqdadır və artıq erməni müxalifəti istefa tələbləri ilə meydanlardadır. Həbs dalğasının genişlənməsi də “Paşinyansız Ermənistan” şüarı ilə meydana çıxanları çəkindirmir. Əslində bütün bunlar gözlənilən idi. Aylar öncə Paşinyan diqqəti hakimiyyətindən yayındırmaq üçün cəbhə boyunca gərginlikləri tətikləmişdi. Amma Qarabağda erməni ordusunun biabırçı məğlubiyyətə uğraması N.Paşinyan üçün əcəl zənginin çalınmasını tezləşdirdi.

Beləcə, Ermənistan “Azərbaycanın 90-cı illəri”ni “yaşayır”. Azərbaycan böyük potensialı və resursları hesabına ayağa dura, qüdrətli orduya sahib ola, iqtisadiyyatını inkişaf etdirə bildi. Ermənistan isə “cəhənnəmin dibinə” yuvarlanmaq ərəfəsindədir...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.