Ölmüş heyvan cəmdəklərinin topdansatış məntəqəsi aşkarlandı ABŞERONDA
4-02-2016, 17:37
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ət satışına nəzarəti gücləndirib. Yoxlamalar zamanı sağlamlıq üçün təhlükəli ətlərin satılması ilə bağlı daha bir fakt təsdirqini tapıb.
Respublika Baytarlıq Labaratoriyası analizlərinin nəticələri barədə virtualaz.org saytına xidmətin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.
Onun sözlərinə görə, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində keçirilən növbəti monitorinq zamanı ət kəsimi sexinin həyətindəki otaqların birində mənşəyi məlum olmayan, yararlığı şübhə doğuran, göyərmiş və üfunət iyi verən 2 heyvan cəmdəyi, 13 heyvan skleti və sümükləri, həmçinin 1 nömrəli soyuducuda 15 heyvan cəmdəyi, 2 nömrəli soyuducuda 5 heyvan cəmdəyi, plastik ləyənlərdə sümükdən ayrılmış 150 kiloqramdan çox ət və ət məhsulları, ətin sümükdən ayrılma otağında isə daha 3 heyvan cəmdəyi, sexin həyətində olan avtomobillərdə 2 baş xırdabuynuzlu heyvan cəmdəyi və 6 iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. Cəmdəklərin əksəriyyəti kaxeksiya və göyərmiş vəziyyətdə olub.
Ət kəsimi məntəqəsi qeydiyyat sənədlərində heyvan kəsimi meydançası (sallaqxana) kimi göstərilsə də, əslində həmin məkan ayrı-ayrı rayonlardan qanunsuz yolla aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş müxtəlif növ heyvan cəmdəklərinin tədarük edildiyi və yararsız heyvan ətinin "topdansatış"ının həyata keçirildiyi obyekt kimi fəaliyyət göstərib. Həmin yerdə müəyyən edilmiş heyvan cəmdəklərinin və sümükdən ayrılmış ət məhsullarının mənşəyi və qida üçün yararlılığı şübhə doğurduğuna görə onlardan nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına müayinə üçün göndərilib.
Laboratoriyada aparılan bakterioloji müayinə zamanı isə heyvan cəmdəklərində və sümüksüz ətlərdə bakterioloji çirklənmə (BÇQB, Stafilakokkus aureus) aşkar olunub, biokimyəvi müayinə zamanı yoxlanılan ət nümünələrinin keyfiyyətsiz olduğu, iki cəmdəyin at cəmdəyi olduğu, həmçinin 19 nümunə ətin aqoniya halında və ya öldükdən sonra kəsildiyı müəyyən edilib.
İnsan və heyvan sağlamlığına təhlükəli olduğuna və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyinə görə 4 (dörd) tondan artıq heyvan cəmdəkləri və sümüksüz ət məhv edilib.
Məlum olub ki, məntəqənin sahibi əvvəllər də bu işlə məşğul olub. Belə ki, 2014-cü ildə müxtəlif rayonlardan tədarük etdiyi ölmüş və aqoniya halında kəsilmiş, qida üçün təhlükəli olan 5500 (beş min beş yüz) kiloqramdan çox müxtəlif növ heyvan, o cümlədən at cəmdəklərini və sümükdən ayrılmış əti Bakı şəhəri, Nəsimi rayonu, A. Məhərrəmov küçəsi, 113 ünvaninda satarkən onun qeyri- qanuni əməllərinin qarşısı Bakı şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən alınıb.
Bundan sonra S. M. Şahverdiyev qanunsuz əməllərini Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində davam etdirib. İnsanların və heyvanların sağlamlığına ciddi təhlükə yaratdığı nəzərə alınaraq toplanmış materiallar Baş Prokurorluğa göndərilib.