Rusiya bazarlarından asılılığımıza son qoymalıyıq - İqtisadçı ekspert
Bu gün, 08:26

Yekaterinburq hadisəsindən sonra Rusiya və Azərbaycan arasında gərginlik özünü bir sıra aspektlərdə göstərməyə başlayıb. Son günlər qarşı tərəfin media orqanlarında kənd təsərrüfatı məhsullarının ixracatı ilə bağlı müxtəlif xəbərdarlıqlar yer alır. Moskva ticarət əlaqələrini siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Bu isə ikitərəfli iqtisadi əlaqələrin nə qədər həssas və asılılıq üzərində qurulduğunu ortaya qoyur.
Azərbaycanda aqrar məhsul ixracında Rusiya bazarından asılılığın azaldılması üçün hansı konkret addımlar atılmalıdır?
Globalinfo.az-a danışan iqtisadçı Pərviz Heydərov deyib ki, ticarət və iqtisadi əlaqələrdə Azərbaycan Rusiyadan çox asılıdır:
“İki ölkə arasında ticarət əlaqələrində Azərbaycanın mənfi saldo ilə üzləşdiyi müşahidə olunur. Yəni, rəsmi Kreml Bakıya daha çox mal və məhsul ixrac edir. Bu proses hər il artır. Rusiyada ixracımızın məhdudlaşdırılması ilə bağlı səsləndirilən fikirlər, əlbəttə, arzuolunan hal deyil. Onlar 2023-cü ildə ölkəmizə ən çox məhsul ixrac edən ölkə olub. Yalnız keçən il Çin kiçik bir fərqlə Moskvanı əvəz edib. Həmçinin Azərbaycanın qeyri-neft sektoru üzrə məhsul ixracında da Rusiya birinci yerdədir. Bütün kənd təsərrüfatı və digər qeyri neft–qaz sektoru məhsullarımızın əksəriyyəti ilk növbədə bu ölkənin bazarlarına çıxarılır. Səbəb isə həmin malların digər bazarlara çıxarılması imkanlarının məhdud olmasıdır”.
İqtisadçı bildirib ki, vaxtikən bu yöndə ixracımızın yalnız Rusiya bazarına yönəldilməməsi istiqamətində çağırışlar edildi:
“Təəssüf ki, lazımi addımlar atılmadı. Lakin hələ də gec deyil. Hazırda Moskva iqtisadi sanksiyalar altındadır. Buna görə də məhsullarımızdan asanlıqla imtina etməsi gözlənilmir. Siyasi münasibətlərin pisləşdiyi bir dövrdə iqtisadi təhlükəsizliyimizi qorumaq üçün digər alternativ bazarlar barədə mütləq qərar verilməlidir. Qısa zamanda sahibkarlarımızın başqa bazarlara çıxışı təmin edilməlidir”.