“NECƏ OLDU Kİ, BU ADAM DİREKTOR OLDU?” – Təhsil naziri kimdən kimə şikayət edir?

23-01-2021, 19:51           
“Biz sual verməliyik - necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm - bu, vacib sualdır. Biz səhvmi etdik o direktor oldu?! Yoxsa bu, sadəcə sistemdə baş verə bilən 100 haldan biridir ki, bu indi təsadüf oldu. Və ya o, 10-15 il direktor işləyib. Bütün necə oldu suallarının qiymətləndirilməsi və təkrar olaraq eyni səhvlərin buraxılmaması vacib məsələdir”.

Bu fikirlər ötən ilin iyul ayında Təhsil naziri vəzifəsinə təyin olunan, 2015-ci ildən isə həmin nazirlikdə yüksək vəzifələr tutan Emin Əmrullayevə məxsusdur. Nazir dünən keçirdiyi brifinqdə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovanın bu yaxınlardakı qalmaqaldan sonra vəzifəsindən azad olunması barədə sualı cavablandırarkən bunları deyib.

Ümumiyyətlə, nazirin son açıqlamaları bəzi məqamlarına görə cəmiyyətdə birmənalı qarşılanmayıb. Direktorların təyinatında və fəaliyyətindəki qüsurlu, bəzənsə cinayət xarakterli məqamlar haqda danışarkən, nazirin “necə oldu ki, bu adam direktor oldu” sualını verərkən səmimi olduğuna şübhəmiz yoxdur. Və nəinki direktor, heç müəllim adının yaraşmadığı şəxslərin böyük-böyük məktəblərə rəhbərlik etməsi heç də sistemdə baş varən yüz haldan bir xəta deyil, bunu nazirin özü də gözəl bilir.

“NECƏ OLDU Kİ, BU ADAM DİREKTOR OLDU?” –

Bununla yanaşı, E.Əmrullayevin bu sualı kimə, yaxud kimlərə ünvanladığını müəyyən etmək bir qədər çətindir – bilmək olmur hörmətli nazirimiz kimdən kimə şikayət edir. Əgər özündən əvvəlki nazirləri nəzərdə tutursa, necə deyərlər, onların "bostanına daş atırsa", xatırladaq ki, onun sələfləri Ceyhun Bayramov və Mikayıl Cabbarov indi də hökumət üzvləridirlər və strateji postlar tuturlar. E.Əmrullayevin özü isə məhz onların komandasında təmsil olunan kadr kimi tanınıb. Həmin komanda 2013-cü ildən Təhsil Nazirliyinə rəhbərlik edir və bu, az müddət deyil, E.Əmrullayevin özü də ötən ildən nazirdir. Məntiqlə, bu sualı E.Əmrullayev yox, əksinə, cəmiyyət, mətbuat ona verməlidir ki “Necə olub ki, Nailə Məmmədova kimi adamlar direktor olub və onların pedaqoq adına yaraşmayan qeyri-qanuni, qeyri-peşəkar əməllərini bu illər ərzində nazirlik görməyib?” Həm də bu faktlar yalnız ayrı-ayrı təsadüfi videogörüntülər əsasında üzə çıxıb, onlar olmasaydı həmin adamlar yenə də vəzifələrində qalacaq, elə əvvəlki kimi də davam edəcəkdilər. Hələ onu demirik ki, N.Məmmədova ilə bağlı qalmaqalı nazirlik töhmətlə “yola verməyə” cəhd etdi, yalnız güclü ictimai etirazdan sonra onu vəzifəsindən azad etdilər. Üstəlik, belə direktorlar indinin özündə də kifayət qədərdir.

Deməli, cənab nazir verdiyi suala birinci növbədə elə özü cavab tapmalı, onu cəmiyyətə təqdim etməli və problemin həllinə çalışmalıdır, özü də buna “filankəslər necə icra başçısı, prokuror, “jek”müdiri oldusa, bunlar da o cür direktor oldu”, yəni “sistemin yaratdığı problemdir” deyib, üstündən keçmədən. Çünki nazir özünün rəhbərlik etdiyi sahədə söz sahibi olmağa qadir və borcludur…

"Azərbaycanın ali təhsil müəssisələrində təhsil haqqı təxminən 2 500 manatdır. Ali məktəblərdə ödənişli təhsilin qiyməti 500 manat olarsa, daha çox şəxs ali təhsil ala bilər, amma bizə “o ali təhsilli şəxslər uzun vədədə iqtisadiyyata və gündəlik rifaha hansı əlavə dəyəri qatacaqlar” sualı məncə daha vacib sualdır." Bunu da cənab nazir deyib və onun bu fikri cəmiyyətdə, sosial şəbəkələrdə daha çox müzakirə olunur. Nazir sonradan bu fikirlərinin düzgün anlaşılmadığını desə də, necə deyərlər, ox yaydan çıxıb. Nazirin bu fikrinin “tərcüməsi” odur ki, təhsil haqqı 500 manat olsa, daha çox insan (Oxu kasıblar da-red.) təhsil ala bilər, lakin onların yaratdığı dəyər elə də yüksək olmaz. Ancaq əslində, yüksək səviyyəli Qərb təhsili almış bir şəxsin kimin dəyər yaradıb-yaratmamasından asılı olmayaraq, ölkədə ali təhsillilərin mümkün qədər çox olmasını stimullaşdırmağın əleyhinə çıxması qəribə görünür.

Əvəzində, ölkədəki minimum və orta aylıq əməkhaqqıdan, əhalinin sosial durumundan məlumatlı olan nazirin məntiqindən, eləcə də acı reallıqdan belə görünür ki, yüksək bal toplayan kasıb balasının 5000-6000 manat təhsil haqqını ödəyə bilməməsi səbəbindən oxuya bilmədiyi fakültələrdə az bal toplayan varlı balası pulunu verib oxumalıdır və bu, normal haldır. Doğrusu, bunu yüksək intellektə malik olduğu şübhə doğurmayan nazirimiz yox, Hadı Rəcəbli, yaxud Siyavuş Novruzov desəydi, haradasa anlamaq olardı…

Nazir bu tip açıqlamaların cəmiyyətdə necə qarşılanacağını bilməlidir. Çünki Təhsil naziri vəzifəsi həm də bir növ siyasi postdur. Əgər bu postda oturan şəxs cəmiyyətin təhsillə bağlı ağrılı problemlərinə quru rəqəmlər, standart, soyuq mülahizələr əsasında biganə münasibət sərgiləyəcəksə, o zaman onunla özünün tənqid etdiyi məktəb direktorları arasında hansısa fərq olacaqmı? …

Cəlal Məmmədov

“AzPolitika.info”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.