İki nazirin fiaskoya uğrayan maaş əməliyyatı - Səxavət Məmməd yazır

24-01-2021, 10:29           
İki nazirin fiaskoya uğrayan maaş əməliyyatı - Səxavət Məmməd yazır
Bir neçə gündür ki, cəbhədə xidmət edən hərbçilərin maaşlarının bir qata endirilməsi ilə bağlı müzakirələr gedir. İnformasiyanı əldə etdiyim günün səhərisi, yəni, 19 yanvar 2021-ci il tarixində Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladım. Nazirlikdən rəsmi olaraq bildirildi ki, “belə bir məsələ yoxdur”.

Ancaq elə həmin gün, axşam saatlarında korpuslarda iclaslar bitəndən sonra məlumat əldə etdim ki, iclasda maaşların bir qat hesablanacağı açıqlanıb. Artıq dünən axşam saatlarında hərbçilərin maaşları kartlarına vurulduqdan sonra nazirliyin belə bir məsələ yoxdur deməsinə də, hərbçilərin narahatlığına da, tam aydınlıq gəlmiş oldu. Bəli, bütün hərbçilərin maaşları bir qat olaraq hesablanıb. Yalnız pilotların və Xüsusi Təyinatlı Qüvvələrin maaşları olduğu kimi qalıb. Korpusların Xüsusi Təyinatlı Qüvvələri də maaşlarını bir qat alıblar.

Məsələ ilə bağlı Maliyyə Nazirliyinin veridiyi açıqlama isə başlı-başına skandal idi. Maliyyə Nazirliyi açıqlamasında bildirir ki, Müdafiə Nazirliyində ikiqat pul təminatı alacaq hərbi qulluqçuların sayının dəqiqləşdirilməsi həyata keçirilir.

Hər gün saat 17:00-18:00 arası bütün hərbi hissələr Müdafiə Nazirliyinə şəxsi heyətin say tərkibi barədə məlumatlar verir. Bu məlumatda hər şey qeyd olunur. Müdafiə Nazirliyinin bunun üçün xüsusi bir araşdırma aparmasına gərək yoxdur. Maliyyə Nazirliyi bu açıqlamanı verməklə dolayısı ilə Müdafiə Nazirliyinin öz hərbçilərindən xəbərsiz olduğunu demiş olur. Belə desək, Samir Şərifov Zakir Həsənovun ordudan xəbərsiz olduğunu deyir. Maliyyə Nazirliyinin bu açıqlamasına Müdafiə Nazirliyinin cavabsız qalması isə çox şeydən xəbər verir…

Gəlin hərbçilərin, ekspertlərin və cəmiyyətin böyük hissəsinin maaş məsələsi ilə bağlı narahatçılıq və narazılığı barədə danışaq.

Müharibə bitibmi? Əslində yox! İki ölkə arasında Bəyanatdan başqa heç nə yoxdur. Rusiyanın sülhməramlıları gəlib, ölkə rəhbərləri bir dəfə görüşüb, ola bilsin ölkə rəhbərləri bir-birilərinə hansısa sözlər verib, ancaq ortada sülhdən söhbət gedə bilməz. Faktiki olaraq sülh müqaviləsi imzalanmayıb. Bəyanat imzalanandan sonra anti-terror əməliyyatı keçirildi, hərbçilərimiz şəhid oldu, minaya düşənlər, hətta qarşı tərəfdən Azərbaycana əsir düşənlər də oldu. Bütün bunları nəzərə aldıqda, sülh olmadan döyüş şəraitinin bitdiyini demək yüngül desək naşılıq olar.

Bundan əlavə müharibədən öncə cəbhədə xidmət edən hərbçilərin ən azı stabil həyat şəraiti var idi. Kazarmalarla, hərbi şəhərciklərlə yanaşı, kirədə yaşamaq imkanları var idi. Hazırda hərbçilərin böyük əksəriyyəti ailələrindən uzaq, ya çadırlarda, ya da bölmələrin yerləşdiyi ərazidə salamat evlər qalıbsa orda qalmalı olurlar. Kimsə deyə bilər ki, hərbçilərin alın yazısı budur. Bunun əksini deyən yoxdur, sadəcə bu əziyyətin bir qarşılığı olmalıdır.

Hərbçilər öz həyat şəraitlərinin yaxşılaşdırmaq üçün kifayət qədər banklara borclanıblar. İpoteka ilə evə götürənlər kim, maşın alanlar kim. Bu gün bir hərbçi ilə danışıram, deyir, ipoteka ilə ev götürmüşəm, maaşımın 700 manatı ona gedir. Maaş bir qat olduqda isə yaşamağa, ailəyə verməyə heç nə qalmır. Maaşların azaldılmağı hərbçiləri borc bataqlığına salacaq. Nəticədə başqa maliyyə qaynaqları axtarılacaq. Belə olduqda isə, ya ordu sıralarından kütləvi tərxislər olacaq, ya da rüşvətxorluq baş alıb gedəcək.

Dövlət müharibədə qalib çıxdıqdan sonra bəzi maliyyə yükündən qurtulmaq istəyir. Nədənsə ilk gözə gələn elə hərbçilərin maaşı olub. Bir yandan Müdafiə Nazirliyi MAXE və gizirləri işə götürür, digər yandan da bu addımı atır. Olmazdımı ki, MAXE və gizirlərin sayının artımına gedilməsin? Maliyyə yükündən qurtulmağın başqa bir çıxış yolu isə Türkiyədəki kimi pullu əsgərlik də ola bilər. Onsuzda Səfərbərlik xidmətinin pul alıb, insanları “xəstə” çıxardığı dillər əzbəridir. O pullar isə kimlərinsə cibinə axır. Dövlət bunu rəsmiləşdirsə, kifayət qədər maliyyə qaynağı əldə edə bilər.

Açığı müharibə bitəndən sonra hərbçilərin gözlədiyi maaşlarının daha da qalxması idi. Qələbədən sonra hərbçilərin hamısı deyirdi ki, yəqin maaşımızı daha da artıracaqlar. Deyir, sən saydığını say, gör nazirlər nə sayır. Eynən də bu misal kimi oldu.

Bütün bunları nəzərə aldıqda Maliyyə Nazirliyi ilə Müdafiə Nazirliyinin maaş əməliyyatı Azərbaycan ordusuna ermənilərin istəyib də, vura bilmədiyi zərbədən ağır olacaq.

Çox maraqlıdır ki, Azərbaycan ordusunun hər bir uğuru daha sonra bir skandalla yadda qalır. 2016-cı il aprel döyüşlərindən sonra Azərbaycanda hərbçilərə münasibət üst səviyyədə idi. Ancaq həmin döyüşlərin bir ili tamam olmamış cəsusluq qalmaqalı ortaya atıldı. Cəmiyyətdə orduya olan münasibət 180 dərəcə dəyişdi. Bu dəfə isə orduya cəmiyyətin yox, elə ordunun tərkibində olanların münasibəti dəyişdirilmək üzrədir. Ümid edirəm ki, Samir Şərifov və Zakir Həsənovun ordu üzərindəki bu əməliyyatına “dur” deyiləcək. Artıq bu barədə bəzi məlumatlar da gəlməkdədir. Əldə etdiyim məlumata görə, maaşlar tam ödəniləcək, maaşların bir qat məsələsinə isə 2022-ci ildə baxılacaq.

Müharibə dönəmində varlığı ilə yoxluğu bilinməyən Müdafiə Naziri Zakir Həsənov bilmir ki, tabeçiliyində olduğu hərbçilər hansı şəraitdədilər? Zakir Həsənov bilməlidir axı maaş məsələsi orduda çox ciddi probemlərə yol aça bilər.

Bir məsələyə də münasibət bildirməsəm olmaz. Maliyyə Nazirliyinin açıqlamasında sonuncu abzasında “müxtəlif ekspertlər” tərəfindən məsələnin mahiyyətinə varmadan tələsik rəylərin verilməsini pisləyir” deyilir. Əvvəla tələsik deyildi, bu gün sübut oldu ki, maaşlar bir qat hesablanıb. İkincisi isə bir tənqid olunan kimi, dərhal tənqid edilənlər dırnaqarası olur. Səbəb? Gördünüz ki, dırnaqarası əslində özünüzsünüz? Digər məsələ isə Samir Şərifovla bağlıdır. Samir Şərifov haqqında kifayət qədər iddialar var. Özü də bu iddiaları hansısa mətbuat orqanı yox, məxfi sənədlərin satıcısı, Sovet kəşfiyyatçısı olmuş, hazırda isə Amerikanın maliyyə analitiki Yuri Şvets açıqlayıb. Ekspertləri dırnaqarası çıxaran qurum, indi biz nə bilək ki, hərbçilərin maaş məsələsi hansısa başqa qüvvənin sifarişi deyil?..

Səxavət Məmməd

www.yenicag.az
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.