Ermənistan təlatümlər içində: Paşinyan korrupsiyaçı generallara qarşı cəbhə açıb "va-bank" gedir

4-03-2021, 09:57           
Ermənistan təlatümlər içində: Paşinyan korrupsiyaçı generallara qarşı cəbhə açıb "va-bank" gedir
Ermənistanda son baş verən hadisələr ölkənin birmənalı şəkildə öz inkişafının mühüm bir mərhələsindən keçdiyini və hazırda tarixi bir seçim qarşısında olduğunu göstərir. Demək olar, Nikol Paşinyan məxməri inqilab nəticəsində hakimiyyətə gəldiyi ilk aylardan aydın idi ki, onun Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan və ölkənin silahlı qüvvələrinin rəhbərliyinin timsalında ciddi rəqibləri var və qalır. Bunun qəti olaraq belə olduğunu Nikol Paşinyan çox gec anladı. Fevralın sonunda keçirilən mitinqdə o, nəhayət etiraf etdi ki, “məxməri inqilablara son qoymaq zamanıdır”.

Bəs Ermənistandakı daxili siyasi böhranın növbəti dalğasının başlamasına nə təkan verdi?

Məsələ ondadır ki, Robert Köçəryan və daha sonra Serj Sərkisyanın hakimiyyətdə olduğu dövrdə Ermənistanın hərbi-texniki təminatı hazırda Baş Qərargahda vəzifə tutan və korpuslara rəhbərlik edən erməni məmurların bütöv bir zümrəsi üçün əsas korrupsiya gəlir mənbəyi olub. Təkcə 40 qiyamçı general deyil, praktik olaraq Ermənistan silahlı qüvvələrinin bütün komandanlığı bu və ya digər şəkildə hərbi sistemdəki korrupsiya piramidası ilə əlaqəlidir.



Serj Sərkisyan və Robert Koçaryan

Bu mənada keçmiş müdafiə naziri David Tonoyanın Azərbaycana qarşı hərbi kampaniya başlatmaq istəməsi təbii idi. Çünki yalnız bu halda böyük yeyintiləri silmək, oğurluqları gizlətmək, döyüş meydanında qələbə qazanılacağı təqdirdə isə korrupsiyalaşmış generalitetin mövqeyini daha da möhkəmləndirmək mümkün ola bilərdi.


Nikol Paşinyan və David Tonoyan

Lakin hər şey tam fərqli oldu və David Tonoyanın yeni ərazilər uğrunda müharibəsi Ermənistan ordusunun məğlubiyyətinə gətirdi. Məğlubiyyət həmçinin ordudakı korrupsiya və mənimsəmələrin miqyasını çılpaqlığı ilə üzə çıxardı. Erməni ordusunda təkcə əsgərlər üçün gündəlik 100 qramadək azaldılan çörək, texnika üçün qənaət edilən yanacaq hesabına yox, həm də bağlanmış strateji müqavilələr sayəsində oğurluq halları ölkənin yeni hakimiyyət orqanlarına bəlli oldu. Ermənistan özünün belə bir çürümüş və iflas olmuş hərbi rəhbərliyi ilə məhvə məhkum idi. Nəticədə generalitet hər hansı toxunulmazlığı itirdi və baş nazir Nikol Paşinyan silahlı qüvvələrdəki – Baş Qərargahdakı “müqəddəslər müqəddəsi korrupsiya maşın”ını islah etməyə girişdi.

Bildirək ki, bəzi asılı media resursları hesabına Nikol Paşinyanla Baş Qərargah arasındakı münaqişə səhvən baş nazirin “İsgəndər” operativ-taktiki raket kompleksləri haqda söylədiyi məlum ifadə ilə əlaqələndirilir. Paşinyan tərəfindən Baş Qərargah rəisi vəzifəsinə təyin edilən və general-polkovnik rütbəsi verilən Onik Qasparyan guya baş nazirə bu ifadəyə görə açıq şəkildə istehza etdiyi üçün Paşinyan onun işdən çıxarılmasına qərar verib. Bu zaman öncəki hakimiyyət orqanlarındakı korrupsiyaya qarşı mübarizə dalğasında hakimiyyətə gələn baş nazirlə Ermənistandakı sistemli korrupsiyasının faktiki son qalası olan Baş Qərargah arasında dərin fikir ayrılığının olması kölgədə qalır. Diqqət çəkicidir ki, silahlı qüvvələrdə korrupsiyanın yem təknəsinə dəxli olmayan orta və aşağı heyət bu qarşıdurmada generalların yox, baş nazirin tərəfini tutdu.

Baş nazirin səbrini daşıran son damla isə fevral ayında Baş Qərargah rəisi Onik Qasparyanın göstərişi ilə Dağlıq Qarabağda xidmət etmək istəməyən erməni çağırışçılarına qarşı güc tətbiq edilməsinə başlamaq oldu. Onlardan bəzilərini gizli şəkildə, mülki şəxs adı altında gecə vaxtı Azərbaycana xidmətə göndərməyə çalışdılar. Bütün bunlar Azərbaycanın 10 noyabrdan sonra Dağlıq Qarabağa gələn erməni hərbi qulluqçularını diversant kimi qəbul eləməyə başlaması fonunda baş verdi. Bunun sübutu kimi Bakının öncəki hərbi əsirlərdən fərqli olaraq, diversantları Ermənistana təhvil verməkdən imtina etməsini göstərmək olar.



Onik Qasparyan

Qeyd edək ki, erməni çağırışçıların valideynləri bu arada bir sıra etiraz aksiyaları keçiriblər və həmin aksiyalarda mütəşəkkil şəkildə övladlarının Azərbaycan ərazisində xidmət etməsinə qarşı çıxıblar. Cavabında isə valideynlər cinayət təqibi ilə təhdid ediliblər. Çağırışçılara qarşı zorakı hərəkətlər davam edib.

Belə ki, hərbi hissələrdın birindən hərbi polisin köməyi ilə bir qrup çağırışçı- gənc döyülərək, zorla və gecə saatlarında avtobusla Dağlıq Qarabağa göndərilib. Bunu öyrənən valideynlər Exeqnadzor bölgəsində avtobusa çatıblar və övladlarını zorla geri qaytarıblar.
Çağırışçıların valideynləri ilə Koçaryanın hərbi cani Balasanyan timsalında emissarları arasında gecə döyüşləri heç də Nikol Paşinyanın 2018-ci ildə erməni xalqına verdiyi vədlər sırasına daxil deyil. Bu vədlərdən çox uzaqdır. Təsadüfi deyil ki, məhz baş verənlərdən sonra N.Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərdi. Rüşvətxor erməni generalları isə onlar arasında konfliktdən istifadə edərək silahlı qüvvələrdəki mənimsəmələrə görə məsuliyyətindən yayınmaq niyyətindədilər… konkret.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.