Kimlər `drujinaçı` ola bilər? - DİN-dən açıqlama
10-03-2016, 14:33
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə fərman imzalayıb. Bu fərmanla qanunçuluğun və hüquq qaydasının qorunmasında vətəndaşların geniş iştirakının təmin edilməsi, polis orqanlarına ictimai dəstəyin təşviqi, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədilə “İctimai asayişin qorunmasında vətəndaşların iştirakı Qaydası” təsdiq edilib.
Ölkə başçısının imzaladığı fərmana əsasən vətəndaşlar polislə əməkdaşlıq edəcək. Həmin şəxslər hüquqazidd hərəkətlərin qarşısının alınmasında polis orqanlarına dəstək olacaqlar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzVision.az-a açıqlamasında bildirib ki, bu qərar polis-vətəndaş münasibətlərinin rəsmiləşdirilmiş variantıdır və pilot layihələr arasında ən uğurlusudur. Şöbə rəisinin sözlərinə görə, artıq bu istiqamətdə ilkin addımlar atılıb:
“Martın 15-də daxili işlər naziri general-polkovnik Ramil Usubov tərəfindən Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan və Xocalı şəhər, rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Bərdə Rayon Polis Şöbəsində sıra baxışı keçiriləcək. “İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli Fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə də Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək.
Sıra baxışında müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən yuxarı, yaşı 20-dən 24-dək olan, özü və yaxın qohumları məhkum olunmamış Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Qeyd edilən tələblərə cavab verən və işə qəbul edilən vətəndaşlar polis orqanlarının vəzifəli şəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilmiş təminatlar şamil olunacaqdır. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq etmiş şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcəkdir. Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər”.