Peyvənd sırası övladlara çatır, amma valideynlər əleyhinədir

8-10-2021, 07:45           
Peyvənd sırası övladlara çatır, amma valideynlər əleyhinədir
Övladlarınızı COVID-19 əleyhinə peyvənd etdirməyi düşünürsünüzmü? – SORĞU

Artıq ölkəmizdə 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT “Pfizer” (“Comirnaty”) peyvəndi vurulacaq. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, cari epidemioloji vəziyyəti, Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının yeniyetmələrə mRNT “Pfizer” (“Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrini nəzərə alaraq, Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının qəbul etidiyi qərara görə, müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən, 12-15 yaşı tamam olmuş yeniyetmələrə COVID-19 xəstəliyi əleyhinə mRNT “Pfizer” (“Comirnaty”) peyvəndi vurula bilər.

Qeyd edilib ki,12-15 yaşlı yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq.

Övladınızı peyvənd etdirmisinizmi və ya etdirmək fikriniz varmı? Peyvənddən sonra narahat edən simptomlar özünü ən çox “Pfizer” peyvəndi vurduranlarda göstərir. “CoronaVac” peyvəndinin isə o qədər də effektiv olmadığı söylənilir. Bunları nəzərə alsaq, siz övladınıza hansı peyvəndin vurulmasına üstünlük verirsiniz?

AYNA sualları sosial şəbəkə istifadəçilərina ünvanlayıb. Cavabları təqdim edirik:

Gülər Seymurqızı: Mən "Pfizer"dən sonra qripə yolxudum. Uşaqlara gəlincə, "Pfizer" çox güclü peyvənddir. Mütləq onların sağlamlığı dəqiq yoxlanılmalı, sonra peyvənd olunmalıdırlar”.

Raminə Eyvazqızı: “Mənim kiçik oğlum vaxtilə vurulan peyvənd nəticəsində pisləşmişdi, allergiyası varmış. Əsla buna razı ola bilmərəm. Böyüklərdə xeyli fəsad ortaya çıxıb, həkimlər isə ağzına su alıb oturublar. Heç olmazsa uşaqlar mütləq müayinə olunmalıdır. İndiki uşaqların çoxu allergiya ilə doğulur”.

Coşqun Eldaroğlu: “Yoldaşımla mən peyvənd olunmuşuq. "Pfizer"in ikinci dozasını ağır keçirmişik. 11 yaşlı qızım hələ buna qədər peyvənd olunmaq istəmədiyini demişdi. Bundan sonra da özü qərar verəcək”.

Etibar Tağıyev: “Valideyn olaraq mənə “CoronaVac”ın iki dozası vurulub. Uşaqların peyvənd olunmasını məqbul saymırıq”.

Kəmalə Bağırova: “O yaşda uşaqlar yetkinlik çağını yaşayırlar. Bu yaşda heç bir peyvənd məqbul sayıla bilməz”.

Zeynəb Abdullayeva: “Mən uşaqlarımın digər peyvəndlərindən də imtina etmişəm. Bu vaksinin də uşaqlara vurulmasının əleyhinəyəm”.

Azad Nurulu: ““Pfizer” peyvəndinin təsir qüvvəsi daha çoxdur, bunu həkimlər də deyirlər. Məncə, “Pfizer” vaksinini vurduran uşaqlar mütləq müayinədən keçməlidir, yəni həkim rəyi olmalıdır. Normalda peyvənd vurduran adamların hamısı müayinədən keçməlidir. Təəssüf ki, bizdə buna əməl edən olmadı, insanlara məcbur peyvənd vurdurdular. Ümid edirəm, uşaqlarda bu cür olmaz”.

Dəniz Kirşani: “Özüm “CoronaVac” peyvəndi vurdurmuşam. Övladıma heç birini istəmirəm”.

Sevinc Namazova: “Övladım hələ o yaşda deyil, amma ailəlikcə COVID-19-a yoluxmuşduq. Antitel yaranıb. Məcbur olmadıqca peyvənd olunmasını istəməzdim. Əgər məcbur qalsaq, “Pfizer” peyvəndinə üstünlük verərdim”.

Mədinə İsayeva: “Mən uşaqlara bu peyvəndlərin vurulmasının əleyhinəyəm. Peyvəndlərin tərkibi açıqlanmır. Nə bilmək olar ki, orqanizmə necə təsir göstərəcək? Bir sözlə, uşaqlara bu peyvəndlərin vurulmasını istəmirəm”.

Natəvan Siraclı: “Mənim iki övladım var. Oğluma 1-2 peyvənd vurdursam da, qızıma heç bir peyvənd vurdurmamışam. Özüm “CoronaVac” peyvəndi vurdurmuşam. Övladlarımın isə heç birinə peyvənd vurulmasına icazə vermərəm. Çünki özümdə peyvənddən sonra bütün narahatlıqlarım baş qaldırıb”.

Müəllif: Aləmdə Nəsib












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.