“Kupçasız” evlər məsələsi aktuallaşır: - Hökumət özünün tanıdığı əmlaka da sənəd vermir

26-01-2022, 18:14           
 “Kupçasız” evlər məsələsi aktuallaşır: -
Uzun illərdir ki, sənədsiz evlərlə bağlı problem həll edilməmiş qalır.

Ölkə başçısı tərəfindən bu istiqamətdə tapşırıq verilməsinə baxmayaraq, mövcud vəziyyət onu göstərir ki, minlərlə vətəndaş hələ də çıxarış əldə edə bilməyib. Bu gün Bakı və Abşeronda çıxarış verilə bilməyən, 500 mindən çox sənədsiz fərdi həyət evləri var ki, bunlar da birbaşa həm dövlət büdcəsini gəlirlərdən, həm də vətəndaşları mülkiyyət hüququndan məhrum edib. Onu da qeyd edək ki, bu gün ölkə ərazisində, xüsusilə də Bakı, Abşeron, Sumqayıt, Xırdalan ərazisində hər bir şəxsin həyətyani sahəsində su, işıq, qaz və həmin şəxslərin adına qeydiyyatdan keçmiş sayğaclar var. Bütün “Azərsu”, “Azəriqaz”, “Azərişıq”, bələdiyyə, mənzil istismar idarələri əgər bu mənzilin həmin şəxsə aid olduğunu qəbul edib, onun adına rəsmi arayışlar verirsə demək, əmlak artıq həmin şəxsin mülkiyyətindədir.

Hazırda çıxarış (kupça) verilməyən evlərə dövlət şirkətləri tərəfindən sayğacların quraşdırılması hansı əsasla aparılır? DİA.AZ-ın məlumatına görə, iqtsadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, kommunal xidmətlərin ödənilməsi həmin şəxslərə çıxarış almaq üçün hüquq verir:

“Dövlət həmin şəxslərə dövlət şirkətləri vasitəsilə xidmət göstərir və bunun əvəzinə pul yığır. Hətta bu barədə Avropa Məhkəməsinin Şərqi Avropa ölkələri ilə bağlı əmsal qərarı olmuşdu. Əgər kommunal xidmətlərin dövlət tərəfindən təmin edilməsi baş verirsə və bunun əvəzində vəsait də alırsa, həmin şəxslərin çıxarış almaq hüququ var. Ona görə də dövlət bu məsələni birdəfəlik kökündən həll etməldiir. Prezident fərmanı, yaxud Nazirlər Kabinetinin qərarı ilə çıxarışı olmayan evlərə birdəfəlik çıxarışların verilməsi, yaxud əmlak amnistiyasının elan olunmasına ehtiyac var. Dövlət faktiki olaraq onların mülkiyyət hüququnu tanıyıb. Bu da ondan ibarətdir ki, onlara kommunal xidmətlər göstərilir və bunun əvəzində dövlət şirkətləri vəsait alır. Bu baş verirsə və dövlət faktiki onların hüquqlarını tanıyırsa, həmin əmlakın çıxarışların verilməsi və rəsmiləşdirilməsi artıq qanunvericiliyə, Avropa İnsan Haqları Məhkəməsinin əmsal qərarlarında görə də Azərbaycanda baş verməlidir. Ona görə də bu məsələnin kökündən həlli birdəfəlik əmlak amnistiyasının elan olunub, həmin şəxslərə çıxarışların paylanması və çıxarış hüququnun əldə eduilməsidir. Doğrudan da 100 minlərlə insanın hüquqları pozulur”.

Ekspert deyib ki, çıxarış almadan dövlət qurumlarının kommunal xərcləri alması qanunsuz sayılmır: “Çünki kommunal xidmətlər göstərən dövlət şirkətləri faktiki göstərdikləri xidmətə görə haqq alırlar. Onların qanunvericilikdə elə bir məhdudiyyəti yoxdur ki, çıxarışlı, yaxud çıxarışsız evlərə bu xidməti göstərsinlər. Onlar sadəcə öz “məhsulunu” satır. Əgər alıcısı varsa, sayğac qoyur və “məhsulunu” satır. Ancaq onların göstərdiyi xidmət faktiki olaraq dövlətin həmin insanların orada yaşamaq hüququnu tanımaq deməkdir”.

Ekspertin sözlərinə görə, çixarışlarla bağlı məsələ illərdir müzakirə olunur və hər il də çıxarış əldə edə bilməyən insanların sayı artır: “Bu say getdikcə artırsa, deməli, dövlət bununla bağlı öz qərarını verərək, amnistiya elan edib, çıxarışı birdəfəlik paylamalı, bundan sonra qeyri-qanuni tikililərlə bağlı qanunlar sərtləşdirilməlidir ki, dövlətin nəzarət mexanizmləri işə düşə bilsin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.