Səfər Əbiyev ədalət məhkəməsinin qarşısında dayanmalıdır
7-05-2015, 16:15
Bildiyiniz kimi, general-polkovnik Səfər Əbiyev 20 ilə yaxın müdafiə naziri postunda təmsil olunub. Və bu müddət ərzində Azərbaycan ordusu misli görünməmiş problemlərlə üz-üzə qalıb. Odur ki, hazırda sabiq müdafiə nazirinin həbs edilməsi üçün kifayət qədər əsas var. Belə ki, əgər Səfər Əbiyevin fəaliyyəti ilə bağlı obyektiv araşdırma aparılsa, o zaman keçmiş nazirin bir sıra xarici dövlətlərdə gizli bank hesablarının, eləcə də həm Bakıda, həm ölkənin digər şəhər və rayonlarında, həm də bəzi Avropa ölkələrində biznes obyektlərinin, mənzillərinin, villa və torpaq sahələrinin olması aşkarlana bilər.
Əldə etdiyimiz biligilərə görə, bir müddət öncə Macarıstanın OTR BANK-ı Səfər Əbiyevin 65 milyon avroluq bank hesabını dondurub. Bundan başqa, artıq o da məlumdur ki, Tovuz rayonundakı Ağdağ seolit yatağı uzun illər Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi, hazırda ev dustağı olan və Səfər Əbiyevlə yaxınlığı ilə seçilən Elçin Xəlilovun nəzarətində olub. Belə ki, 1995-ci ildən indiyədək yatağın Səfər Əbiyev və Elçin Xəlilovun ixtiyarında olduğunu, adıçəkilən şəxslərin Ağdağ seolit yatağından hər il milyonlar qazandığını iddia edən mənbənin sözlərinə görə, hazırda yuxarı dairələrdə sabiq nazirin həbsi ilə bağlı gərgin müzakirələr gedir: "Artıq yuxarılarda Səfər Əbiyevin müdafiə naziri olduğu müddət ərzində yol verdiyi nöqsanlar, yeyinti və mənimsəmə faktları ilə bağlı bütün bilgilər ən incə detallarınadək araşdırılır. Böyük ethimalla, yaxın vaxtlarda onun barəsində son qərar veriləcək. Görünən odur ki, bu qərar Səfər Əbiyevin xeyrinə olmayacaq. Çünki artıq onun həbsi reallaşır və bu, hər an baş verə bilər. Sözsüz keçmiş nazir və onun yaxın ətrafı artıq nələrin baş verdiyindən və bunun sonda nə ilə nəticələnəcəyindən məlumatlıdır. Odur ki, Səfər Əbiyev bu gün nə yolla olursa-olsun özünü sığortalamağa çalışır. Ancaq artıq gecdir. Yuxarılar onun barəsində heç də yaxşı fikirdə deyillər. Bu isə onu deməyə əsas verir ki, Səfər Əbiyev tezliklə dəmir barmaqlıqlar arxasına düşə bilər".
Bu arada, sabiq nazirin həbsini reallaşdıra biləcək başqa bir fakt isə hazırda Bakı Hərbi Məhkəməsində məhkəməsi davam etdirilən Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Şahin Sultanovla bağlı olan məsələlərdir. Belə ki, Şahin Sultanovun bəraət almaq istəyində olduğunu deyən "İnamla Hüquq" MMC-nin direktoru Bəxtiyar Məmmədov bildirib ki, apardığı araşdırmalar zamanı vitse-admiral və digər vəzifəli şəxslərin törətdiyi cinayətlər üzə çıxıb. Onun sözlərinə görə, Telman Sultanov adlı zabit Hərbi Dəniz Qüvvələrinin "N" saylı silah anbarında vəzifəni təhvil verib, komandanının arxa cəbhə üzrə müavini vəzifəsini qəbul edərkən əvvəlki xidmət yerində 1 ton 800 yüz kiloqram "ŞZ" markalı partlayıcı maddənin çatışmazlığını aşkar edib: "Şahin Sultanov vəzifə borcuna uyğun olaraq cinayət işi başlanması məqsədi ilə sənədləri təhqiqat orqanına və hərbi prokurorluğa göndərmək əvəzinə bu cinayət faktının ört-basdır edilməsi tapşırığını verib. Bu ört-basdırdan sonra isə Şahin Sultanov adıçəkilən Telman Sultanovu özünə arxa cəbhə üzrə müavin təyin etdirib. Çatışmayan 1 ton 800 yüz kiloqram "ŞZ" markalı partlayıcı maddələr isə Şahin Sultanovun özünün razılığı və göstərişi əsasında müxtəlif vaxtlarda Abşeron yarımadasında qanunsuz fəaliyyət göstərən və balıq ovu ilə məşğul olan brakonyerlərə satılıb. Sonrakı müddətlərdə Müdafiə Nazirliyi tərəfindən Hərbi Dəniz Qüvvələrinin silah anbarında yoxlamalar aparılarkən çatışmazlığı gizlətmək məqsədilə Hərbi Dəniz Qüvvələrinə məxsus digər anbarlardan partlayıcı maddələr müvəqqəti olaraq daşınaraq komissiyaya göstərilərək, yeni cinayətlər törədilib. Şahin Sultanov cinayətləri Səfər Əbiyevin himayəsi altında həyata keçirib".
Səfər Əbiyevin həbs olunma ehtimalını daha da gücləndirən digər məqam isə onun adının 1994-cü il mart ayının 28-də Gədəbəyin Şınıx kəndində mina partlayışı zamanı həlak olan polkovnik Cahangir Rüstəmovun ölümündə hallanmasıdır. Belə ki, polkovnikin oğlu Faiq Rüstəmov bununla bağlı verdiyi müsahibələrində atasının ölümündə məhz sabiq müdafiə nazirini ittiham edib: "O dövrlərdə atam korpus komandiri Səfər Əbiyevdən narazılıq edirdi. Deyirdi ki, işlərə, mühüm döyüş əməliyyatlarının keçirilməsinə mane olur… Atama sui-qəsdin üstündən 21 il ötüb, bizi zərərçəkən kimi tanıyıb cinayət işi ilə tanış etməyiblər. Atama sui-qəsddə ən çox şübhələndiyim şəxs Səfər Əbiyevdir. Atamı zəhərlədilər, istədiklərinə nail olmadılar. 4 ay sonra atamı öldürdülər. Onu sui-qəsd nəticəsində öldürüblər. Mən buna əminəm". Nəzərinizə çatdıraq ki, polkovnik Cahangir Rüstəmovun komandanı olduğu alayın bölüklərindən birinin komandiri olmuş Faiq Mahmudov da oxşar fikirlər səsləndirib: "Cahangir Rüstəmovun korpus komandiri təyin olunması söhbəti çıxandan sonra o dövrdə briqada komandiri olan Səfər Əbiyevlə münasibətləri korlanmışdı. Cahangir Rüstəmova sui-qəsddən sonra hamı bu işin arxasında Səfər Əbiyevin olduğunu deyirdi".
Xülasə, bütün bu bilgilər onu deməyə əsas verir ki, hazırda Səfər Əbiyevin həbsi üçün kifayət qədər fakt və şahidlər var. Odur ki, sözügedən həbs hər an reallaşa bilər…