Putin Malayziyadakı sammitə dəvət olundu
Bu gün, 00:11

Malayziyanın Baş naziri Anvar İbrahim Kremlin sarayında keçirilən danışıqlar zamanı Rusiya prezidenti Vladimir Putini oktyabr ayında krallıqda keçiriləcək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) sammitində iştirak etmək üçün ölkəsinə dəvət edib.
Bu barədə TASS məlumat yayıb.
“Əgər Rusiya prezidenti ölkəmizə oktyabrda keçiriləcək ASEAN sammiti çərçivəsində gələ bilsə, bu, Malayziya xalqı üçün ən böyük hədiyyə olardı”, – deyə İbrahim bildirib.
İbrahim 13 may tarixində rəsmi səfərlə Moskvaya gəlib. Səfər 16 maya qədər davam edəcək. Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, dövlət başçıları arasında keçirilən görüşdə siyasi və iqtisadi sahələrdə ikitərəfli əməkdaşlığın vacib məsələlərinin müzakirə olunacağı planlaşdırılıb.
Putin İbrahimə bildirib ki, Rusiya Federasiyası ASEAN ilə münasibətlərin inkişafına ümid edir.
2025-ci il yanvarın 1-dən etibarən Malayziya ASEAN-a sədrliyi həyata keçirir. ASEAN — Cənub-Şərqi Asiyanın 10 ölkəsinin daxil olduğu siyasi, iqtisadi və mədəni regional hökumətlərarası təşkilatdır.