Krım hiyləsi: Moskva Amerika və Britaniyan necə tələyə saldı?
Bu gün, 16:38

Qərbin bir səhvi Avropanın “böyük talan”ı və Polşanın sovetləşdirilməsi ilə nəticələndi
Sülhün proloqu
1945-ci ilin fevralı. İkinci dünya müharibəsi sona yaxınlaşır. Qırmızı Ordu artıq Almaniya ərazisində döyüşlər aparır, müttəfiqlər isə azad edilmiş Krımda Avropanın gələcəyini müzakirə etməyə hazırlaşırlar. Yaltada keçiriləcək konfransın proloqu ABŞ və Böyük Britaniya liderlərinin Maltada baş tutan görüşü oldu.
ABŞ prezidenti Franklin Ruzvelt fevralın 2-də “USS Quincy” hərbi kreyseri ilə adaya gəlir. Artıq bir neçə gündür ki, Maltada olan Böyük Britaniyanın baş naziri Uinston Çörçill İosif Stalinlə danışıqlardan əvvəl amerikalı həmkarı ilə görüşməkdə israr edir. Çörçill narahatlığını ifadə edir: müttəfiqlər öncədən aralarında razılığa gəlməsələr, Stalin öz gündəliyini onlara sırıya bilər.
Malta — İkinci Dünya Müharibəsi dövründə üç mindən çox hava hücumuna tab gətirmiş sarsılmazlıq simvolu — müharibədən sonrakı gələcəyin müəyyənləşdiyi yer oldu. Britaniya və Amerika liderləri Almaniyanın taleyini, Polşanın sərhədlərini, “Böyük üçlük” ölkələrinin Avropadakı rolunu və Yaponiya ilə müharibəni müzakirə etdilər. Onlar Qırmızı ordunun Mərkəzi Avropada irəliləməsinin arzuolunmaz olduğu barədə razılığa gəldilər. Konfrans tələsik keçirilirdi, lakin o dövrün siyasi reallığı belə idi: tez anlaşmaq lazım idi, axı dünyanın yenidən bölüşdürülməsi artıq başlamışdı.
Yaltadakı ziddiyyətlər və manipulyasiyalar
Maltadakı danışıqlardan sonra Ruzvelt və Çörçill Krıma yollandılar — burada onları Stalinlə görüş gözləyirdi. Qarşıda müharibədən sonrakı Avropanın quruluşu ilə bağlı həlledici müzakirələr vardı, amma müttəfiqlər Yaltaya fərqli məqsədlərlə gedirdilər.
Britaniyalılar üçün əsas məsələ Polşanın taleyi idi. Çörçill və xarici işlər naziri Entoni İden Moskvanın ölkədə müstəqil hökumət yaradılmasına imkan verməyəcəyindən və əvəzində Kremlə loyal rejim quracağından narahat idilər. Böyük Britaniyaya Polşanın, heç olmasa, formal suverenliyini saxlayacağına təminat lazım idi.
Ruzvelt isə vəziyyətə daha geniş baxırdı. Onun başlıca məqsədi gələcək qlobal münaqişələrin qarşısını almağa qadir olacaq Birləşmiş Millətlər Təşkilatını yaratmaq idi. Bunun üçün o, kompromislərə getməyə hazır idi, o cümlədən Sovet İttifaqı ilə. SSRİ-yə şübhə ilə yanaşan Çörçildən fərqli olaraq, prezident inanırdı ki, etimad və aşkarlıq — dialoq qurmağın ən yaxşı yoludur.
Stalin isə öz növbəsində SSRİ-nin Avropadakı nüfuzunu gücləndirmək niyyətində idi və bu məqsədə çatmaq üçün Qərb müttəfiqləri arasındakı fikir ayrılıqlarından məharətlə istifadə edirdi. Ruzvelt general Eyzenhauer ilə Sovet Baş Qərargahı arasında birbaşa əlaqə qurmağı təklif edəndə, sovet lideri bu ideyanı dərhal dəstəklədi. O, ABŞ-nin daha böyük açıqlıq arzularını alqışlayırdı, eyni zamanda özü minimum informasiya verirdi.
Ehtiyatlı Çörçillə isə Stalin başqa taktika seçdi. Konfransda keçirilən görüşlərdən birində o, qəflətən Yunanıstandakı vəziyyətlə maraqlandı. Bəzi tarixçilərin fikrincə, bu, onların 1944-cü ilin oktyabrında bağladıqları “faiz sazişi”nə eyham idi: həmin razılaşmaya görə, Yunanıstan Böyük Britaniyanın nəzarətinə keçirdi, Balkan ölkələri isə SSRİ-nin. Stalinin sualı, bəlkə də, belə bir mexanizmin Polşa və Fransaya da şamil olunmasının mümkünlüyünü nəzərdə tuturdu. Lakin Çörçill ya bu mesajı anlamadı, ya da reaksiya verməməyi üstün tutdu. Böyük Britaniyanın Baş Qərargah rəisi ser Alan Brukun sonradan qeyd etdiyi kimi, baş nazir bu cür işarələrin bir çoxunu gözdən qaçırmışdı.
Amma Stalin təzyiqi azaltmaq fikrində deyildi. Digər iclasda o bildirdi ki, Polşada — sovetin arxa cəbhəsində — partizanlar tərəfindən 212 nəfər Qırmızı ordu əsgəri öldürülüb. Bu ittiham Çörçill və Ruzvelti “Armia Krajowa” — kommunistlərə tabe olmayan polyak gizli müqavimət hərəkatı — tərəfdarları tərəfindən “Qırmızı orduya hücumların yolverilməzliyi”ni tanımağa məcbur etdi. Nəticədə NKVD qüvvələri Polşada müxalifəti boğmaq üçün faktiki kart-blanş əldə etdilər.
Xəstəlikdən xeyli zəifləmiş Ruzvelt (konfransdan iki ay sonra, 1945-ci il aprelin 12-də vəfat etdi), Çörçill və Stalin arasında gedən mübahisələrə qarışmırdı. O, sadəcə olaraq, Polşada azad seçkilərin keçirilməsində israr edirdi — halbuki bu tələb öncədən uğursuzluğa məhkum idi, çünki həmin vaxt ölkədə bütün hakimiyyət vasitələri sovet komandanlığının əlində cəmlənmişdi. ABŞ prezidentinin baş müşaviri Harri Hopkins sonradan xatırlayırdı ki, Ruzvelt, görünür, danışıqlarda baş verənlərin yarısını belə dərk etmirdi.
Yalta konfransının yekununda tərəflər “Azad edilmiş Avropa haqqında Bəyannamə” qəbul etdilər. Bu sənəddə müharibədən sonrakı Avropa qitəsinin bütün xalqlarının özünüidarə və demokratik institutlar qurmaq hüququ bəyan edilirdi. Polşanın statusu xüsusi qeyd olunurdu: nəzərdə tutulurdu ki, ölkədə fəaliyyət göstərən sovetyönlü müvəqqəti hökumət bütün demokratik qüvvələrin, o cümlədən Polşa gizli hərəkatı ilə əlaqəli olan sürgündəki mühacir hökumətin nümayəndələrinin daxil olacağı daha geniş hakimiyyət orqanına çevriləcək.
Yunanıstan əvəzinə Polşa
Yaltada keçirilən görüşdən sonra baş verən hadisələr göstərdi ki, SSRİ Polşanın müstəqil olmasına heç də yol vermək fikrində deyildi. Artıq mart ayında NKVD müqavimət hərəkatının 16 tərəfdarını həbs etmişdi. Onlar təhlükəsizlik zəmanəti ilə müharibədən sonrakı hökumətə daxil olmaq üçün sovet hakimiyyəti ilə danışıqlara dəvət olunmuşdular. SSRİ ilə Polşa hökuməti arasında 1945-ci il aprelin 21-də imzalanmış “Dostluq, qarşılıqlı yardım və əməkdaşlıq haqqında müqavilə” müttəfiqlərə göstərdi ki, “Polşa məsələsi, həqiqətən də, dalana dirənib”.
Əslində, bu müqavilə ilə sovetin Polşanın siyasi həyatına təsiri onilliklərlə möhkəmləndirildi. London və Vaşinqtonun etirazlarına cavab olaraq, SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotov bildirdi ki, sovet tərəfi Qərbin Polşa işlərinə qarışmasına dözməyəcək. Aydın oldu ki, Kreml razılaşmaları Qərb müttəfiqlərinin başa düşdüyündən tamamilə fərqli şəkildə şərh edir.
Çörçill şübhələnməyə başladı ki, həm o, həm də Ruzvelt incə diplomatik manipulyasiyanın qurbanına çevriliblər. Sovet liderinə olan etimad onun Yunanıstan məsələsinə qarışmaması ilə izah olunurdu. Amma indi aydın oldu ki, Stalin sadəcə olaraq Yunanıstanı strateji baxımdan əhəmiyyətsiz hesab edib.
Yaltada müttəfiqlər Polşanın müharibədən sonrakı sərhədləri barədə razılığa gəldilər: şərq sərhədi Belarusiyada Qrodno və Brest, Ukraynada Lvovdan keçməli idi, qərb sərhədini isə Stalin düz Oder və Neyse çaylarınadək çəkməyi təklif etdi. ABŞ və Böyük Britaniya tərəddüd etdilər: qərb sərhədini bu qədər uzağa çəkməyə dəyərmi? Lakin tərəddüdlər uzun çəkmədi. Artıq iyulda keçiriləcək Potsdam konfransına qədər onlar bu şərtləri qəbul etdilər. Üstəlik, həmin ərazilər mart ayından sovet qoşunlarının nəzarətinə keçmişdi.
Potsdam konfransı “Böyük üçlük” liderlərinin danışıqlar silsiləsinə yekun vurdu. Gündəlikdə ilk növbədə darmadağın edilmiş Almaniyaya aid məsələlər yer alırdı. Nasist rejimi tamamilə ləğv olunmalı idi, bu səbəbdən müttəfiqlər Almaniya ilə təcavüzkar ölkə kimi dil tapmağa çalışmır, uzunmüddətli təhlükəsizliyin təmin olunmasını müzakirə edirdilər. SSRİ, ABŞ və Böyük Britaniya bütün dünyanın taleyini həll edirdilər: Avropanı necə bölüşdürməli, dağıdılmış ölkələri necə bərpa etməli, belə müharibələrin bir daha təkrarlanmaması üçün beynəlxalq münasibətlər sistemini necə qurmalı. Eyni zamanda İkinci Dünya müharibəsindən təsirlənmiş digər ölkələrin nümayəndələri danışıqlara dəvət olunmamışdı.
Müharibənin dəyəri
Müharibədən sonra Sovet İttifaqı formal olaraq Şərqi Avropanın sənayeləşməsinə kömək etsə də, eyni zamanda, hərbi təzminatlar tələb etdi ki, bu da regionun sənaye sisteminin genişmiqyaslı demontajı ilə nəticələndi. Tədqiqatçı Enn Eplbaum “Dəmir pərdə. Şərqi Avropanın ram edilməsi (1944–1956)” adlı kitabında bu prosesin təfərrüatlarını təsvir edir.
Sovet iqtisadçıları təzminatların mümkün nəticələrini hələ 1943-cü ildə müzakirə edirdilər. SSRİ-nin Dünya iqtisadiyyatı və dünya siyasəti institutunun rəhbəri Yevgeni Varqa xəbərdarlıq edirdi ki, bu cür tədbirlər yalnız Almaniyada deyil, qonşu ölkələrdə də “işçi sinfini uzaqlaşdıra bilər”. O, təzminatın qarışıq şəkildə — məhsul və əmlak, o cümlədən sənaye avadanlıqları şəklində verilməsini təklif edirdi. Həmçinin alman müəssisələrinin ləğvi və aqrar islahatlar da nəzərdən keçirilirdi — həyat səviyyəsini sovetinki ilə uyğunlaşdırmaq məqsədilə.
Bu ideyalar sovet rəhbərliyinin yuxarı eşelonlarında dəstək tapdı. Artıq Tehran və Yalta konfranslarında Stalin Almaniyadan texnikanın 80 faizə qədərini çıxarmağı planlaşdırdığını bildirmişdi. Onun dediyinə görə, dəymiş zərərə görə SSRİ-nin almalı olduğu təzminat 10 milyard dollar təşkil edirdi. Çörçill Birinci dünya müharibəsindən sonra tətbiq olunan sərt sanksiyaların Avropanı qeyri-sabitliyə sürükləməsini xatırladırdı. Amma Ruzvelt mübahisə etmədi. Hətta ABŞ maliyyə naziri Henri Morqentau Almaniyanın kənd təsərrüfatı ölkəsinə çevrilməsi ideyasını dəstəkləyirdi.
Təzminat üzrə yekun qərar qəbul olunmadı və praktikada sovet tərəfi müttəfiqlərin mövqeyini nəzərə almadan hərəkət etdi. 1945-ci ilin yayına qədər Almaniyadan texnika çıxarılmasını təşkil etmək üçün SSRİ-dən 70 min mütəxəssis gəlmişdi. Arxiv məlumatlarına əsasən, təkcə işğalın başlanğıcından 1945-ci ilin avqustuna qədər Şərqi Almaniyadan 1,28 milyon ton material və 3,6 milyon ton avadanlıq çıxarılmışdı.
Zavodlar hissələrə bölünür, SSRİ-yə göndərilirdi — çox vaxt xüsusi ehtiyac olmadan. Texnika ilə birlikdə incəsənət əsərləri, arxiv sənədləri və tərk edilmiş evlərdən şəxsi əşyalar aparılırdı. Bu işə çox vaxt təsadüfi adamlar cəlb olunurdu — onlar mürəkkəb dəzgahları lazımi hazırlıq olmadan sökürdülər. Nəticə gözlənilən idi: əmlakın böyük hissəsi yararsız hala düşürdü.
Əslində, təzminatlar bölgənin tam talanına səbəb oldu. Tarixçilər hələ də mübahisə edirlər: bu tədbirlər iqtisadi zərurətdən doğmuşdu, yoxsa Stalinin Almaniyanı bir daha sənaye gücünə çevrilmək imkanından məhrum etmək niyyəti ilə izah olunmalıydı.
Savaşdan sonra Şərqi Avropanın qarşılaşdığı yeganə problem iqtisadi iflas deyildi. Digər kəskin məsələ kütləvi deportasiyalar oldu. Potsdam razılaşmasında quru şəkildə qeyd edilirdi ki, “alman əhalisi və ya onun bir hissəsi” Polşa, Çexoslovakiya və Macarıstandan Almaniyaya “köçürülməlidir”. Lakin bu sənəd imzalanmamışdan altı ay əvvəl — 1945-ci ilin yanvarında SSRİ Rumıniyadan 70 min etnik almanı deportasiya etmişdi.
Polşanın sərhədlərinin qərbə doğru dəyişməsi ilə bağlı razılaşma da əhalinin kütləvi mübadiləsini nəzərdə tuturdu: ukraynalı polyaklar Polşa ərazisinə, polyak ukraynalılar isə SSRİ-yə köçürülürdü. Çexoslovakiyadan macarların, Macarıstandan isə slovakların köçürülməsi məsələsi rəsmən müzakirə olunmasa da, proses başladıqda beynəlxalq ictimaiyyət ciddi etiraz etmədi. Formal olaraq razılaşmalarda göstərilirdi ki, “bütün köçürmələr təşkil olunmuş və humanist şəkildə həyata keçirilməlidir”. Ancaq məsələn, Sudet bölgəsindən ilk deportasiya dalğaları xaos və qəddarlıqla müşayiət olunurdu.
Bundan əlavə, Polşaya verilməsi planlaşdırılan alman bölgələri NKVD-nin nəzarətinə keçmişdi. Buradakı repressiyalar digər sovet işğal zonaları ilə müqayisədə heç də az deyildi, bəzi hallarda isə daha sərt idi. Hətta NKVD generalı Nikolay Selivanovski Polşanın İctimai Təhlükəsizlik Nazirliyinə müşavir təyin olunmuşdu. Sovet hakimiyyəti ölkəni tam nəzarətinə keçirirdi, polyaklara müstəqillik üçün heç bir fürsət tanımadı.
Səhv, yoxsa xəyanət?
Hələ 1945-ci ilin martında Çörçill özəl yazışmalarda etiraf edirdi ki, Qərb SSRİ-nin Polşaya nəzarətinin qarşısını ala bilmədi. ABŞ-ın Moskvadakı səfiri Averell Harriman sonralar yazırdı: “Biz Stalinin Polşa ilə bağlı verdiyi vədlərə inanmaqda səhv etdik. O, heç vaxt bu vədləri yerinə yetirmək niyyətində deyildi”.
Polşanın özündə isə Yalta xəyanət kimi qəbul edildi. Razılaşmalar “dördüncü bölünmə” adlandırıldı — XVIII əsrdə ölkənin qonşu imperiyalar arasında üç dəfə bölüşdürülməsi ilə analogiya aparılırdı. Polşanın yeni tarixinin ən nüfuzlu tədqiqatçılarından biri olan Andjey Frişke bu bölünməni “qeyri-rəsmi, lakin əvvəlkilər qədər ağrılı” adlandırırdı.
“Dördüncü bölünmə” termini polyakların kollektiv travmasını əks etdirir — 1945-ci ildə yenidən böyük dövlətlər tərəfindən satıldıqları hissini”, — alman-polyak tarix dərsliklərinin müəllifi, beynəlxalq münasibətlər üzrə mütəxəssis Vlodzimej Borodzej “Tygodnik Powszechny” nəşrinə 2015-ci ildə verdiyi müsahibədə belə izah edirdi.
Hətta emosional ifadələrdən çəkinən tədqiqatçılar belə etiraf edirlər: Yalta, Qərbin səssiz razılığı ilə Polşanın SSRİ-dən asılılığını təsdiq etdi. Qdanskdakı İkinci dünya müharibəsi muzeyinin təsisçisi Pavel Maxtseviç yazırdı: “Polyaklar üçün Yalta — acizliyin simvoludur. Müttəfiqlər böyük oyun naminə bizi qurban verdilər”.
Hazırladı: Yadigar Sadıqlı