Bakıda rus mərkəzinin planlaşdırdığı "Georgi lenti" aksiyasından narazılıq artır - "Georgi lenti" 1768—1774 Rusiya Türkiyə savaşında Rusiyanın Türkiyə üzərində qələbəsi şərəfinə təsis edilib

29-04-2022, 07:44           
Bakıda rus mərkəzinin planlaşdırdığı "Georgi lenti" aksiyasından narazılıq artır -
("Georgi lenti" 1768—1774 Rusiya Türkiyə savaşında Rusiyanın Türkiyə üzərində qələbəsi şərəfinə təsis edilib Teref.az)
Azərbaycanın Rus Gəncləri Assosiasiyası İctimai Birliyi Bakıda yerləşən Rus Evinin dəstəyi ilə aprelin 30-da "Georgi lenti" aksiyası keçirəcəyini bəyan edib. Bu barədə Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəsmi Twitter hesabında məlumat verilib.

Aksiya ilə bağlı xəbər sosial şəbəkələrin Azərbaycan seqmentində ciddi narazılıqla qarşılanıb.

Sosial şəbəkə istifadəçiləri bunu "rəzillik" adlandıraraq, bu tədbirin qarşısının "alınmalı olduğunu" bildiriblər.

"Georgi lenti" aksiyasi 2005-ci ildən etibarən Rusiya hökuməti tərəfindən beynəlxalq səviyyədə keçirilir.

Aksiya öz adını 1769-cu ildə Rusiya çariçası İkinci Yekaterinanın göstərişi ilə təsis edilən Müqəddəs Georgi Ordenindən götürüb.
("Georgi lenti" 1768—1774 Rusiya Türkiyə savaşında Rusiyanın Türkiyə üzərində qələbəsi şərəfinə təsis edilib. Teref.az)

2005-ci ildən sonra isə "Georgi lenti" aksiyası daha çox İkinci Dünya Müharibəsində 9 May qələbəsinin simvolu kimi göstərilib.
Lentdə əks olunan narıncı rəng alovu, qara rəng isə tüstünü simvolizə edir.

Bakı şəhər İcra Hakimiyyətinin ictimai-siyasi, humanitar və ümumi şöbəsindən BBC-yə bildirilib ki, "Georgi lenti" aksiyası ilə bağlı onlara heç bir müraciət daxil olmayıb.

"Bütün növ toplantı, aksiya, nümayiş, yürüş, piket keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilməli və icazə alınmalıdır. Bu proseslər sərbəst toplaşma haqqında qanunla tənzimlənir.

"Georgi lenti" aksiyası ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb", şöbədən bildirilib.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov BBC-yə deyib ki, əgər aksiya Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayıbsa, şənbə günü keçirilməsi planlaşdırılan bu aksiya qanunsuz sayılacaq və qarşısı alınacaq.

O, əlavə edib ki, Daxili İşlər Nazirliyi yalnız Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılan aksiyalarda iştirakçıların təhlükəsizliyini təmin edir.

"Əks halda isə bu cür tədbirlərin keçirilməsinə icazə verilmir", Ehsan Zahidov deyib.

Bakıda Ukraynanın Azərbaycandakı səfirliyi qarşısında fevralın 27-də ukraynalılara dəstək aksiyası keçirilib

Daha çox keçmiş Sovet ölkələrində keçirilən belə aksiyalar, 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən sonra həmin dövlətlərdə, eləcə də Avropada "neo-faşizmin və Rusiya təbliğatı"nın rəmzi kimi qəbul edilir.

BBC Ruscanın yaydığı xəbərə görə, bugünədək Moldova, Ukrayna, Latviya, Litva və Estoniyada "Georgi lenti" aksiyası və bu lentin paylanılması rəsmi olaraq qadağan edilib. Gürcüstan, Qazaxıstan, hətta Belarusda üstüörtülü şəkildə bu aksiyanın keçirilməsinə icazə verilmir.

Azərbaycanda 2014-cü ildə keçirilən "Georgi lenti" aksiyası ölkədə ciddi narazılıqlara səbəb olmuşdu. Bundan sonra Azərbaycanda da bu aksiyanın qadağan edilməsi gündəmə gəlsə də, hələlik bununla bağlı rəsmi qərar qəbul edilməyib.
BBC












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.