ÜST mayın ortalarında pandemiyanın bitdiyini elan edəcək

6-05-2022, 08:17           
ÜST mayın ortalarında pandemiyanın bitdiyini elan edəcək
Pandemiya bitsə belə, koronavirusla mübarizə həm fərdi, həm də toplum şəklində davam etdirilməlidir

Artıq dünyanın əksər ölkəsində COVİD-ə yoluxma halları demək olar ki, sıfıra enib. Hətta karantin qaydaları belə ləğv edilib. Bir sözlə, koronavirus yaddan çıxmaq üzrədir, amma dünyada hələ də pandemiya statusu aradan qaldırılmayıb. COVİD-19 nəyə görə hələ də pandemiya olaraq qalır?

Qeyd etmək yerinə düşər ki, bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada COVİD-19-a yoluxma və koronavirusdan ölüm hallarının sayının azalmaqda davam etdiyini açıqlayıb. Həftəlik pandemiya hesabatında dünyada keçən həftə təxminən 3,8 milyon yeni infeksiya və 15 000-dən çox ölüm qeydə alınıb ki, bu da bir həftə əvvəlki statistika ilə müqayisədə müvafiq olaraq 17% və 3% azalma deməkdir. Ölkələrin sınaq testlərindən və karantin tədbirlərindən imtina etdiyi nəzərə alınsa, bu rəqəmlər COVİD-19-un həqiqi sayından xeyli aşağıdır.

Bununla belə, ÜST qeyd edib ki, koronavirusa yoluxma halların sayı Afrikada təxminən üçdə bir, Amerikada isə 13 faiz artıb. Cənubi Afrika səlahiyyətliləri keçən həftə ölkədə “Omikron”a yoluxmaların artdığını deyiblər. Bununla belə, bu faktın virusun yeni dalğasına gətirib çıxaracağını düşünmürlər. BA.4 variantının “Omikron”un özündən daha çox yoluxucu olduğu deyilsə də, ÜST-dən hesab edirlər ki, bu variantla xəstəxanaya yerləşdirmə və ya ölüm hallarının əhəmiyyətli dərəcədə yüksək olmasına səbəb olduğuna dair heç bir sübut yoxdur.

ÜST-in fövqəladə hallar üzrə rəhbəri Mikael Ryan isə COVİD-19-un mövsümi xarakter alıb-almadığının tezliklə məlum olacağını söyləyib. O, bir çox Qərb ölkələrinin etdiyi kimi, ölkələrə məhdudiyyətləri çox tez qaldırmamaq barədə xəbərdarlıq da edib.

Bu arada, Çin, Pekin də daxil olmaqla, bir sıra şəhərlərə qarşı sərt məhdudlaşdırıcı tədbirlər tətbiq etməkdə davam edir. Paytaxtda virusun yayılmasının qarşısını almaq üçün metro stansiyalarının 10%-dən çoxu bağlanıb. Bundan əvvəl Pekində yeməkxanalar, idman zalları və məktəblərin fəaliyyəti dayandırılıb.

İnfeksionist-hepatoloq Mərdan Əliyev “Yeni Müsavat”a deyib ki, hazırda insanlar arasında tək-tək xəstələnmə halları baş verir: “Yəqin ki, pandemiya statusu yaxın zamanlarda aradan qaldırılacaq. Bəzi ölkələr, misal üçün, Çində hələ də koronavirus sürətlə yayılmaqdadır. Nəzərə alsaq ki, Çin böyük ölkədir, bir milyard yarım əhalisi var, orada yoluxma artarsa, dünya üçün bunun da təsiri var. Pandemiyanın bitməsini əngəlləyən bəlkə də Çinlə qonşu olan ölkələrdə yoluxma sayının artmasıdır. Amma düşünürəm ki, ÜST tərəfindən yaxın zamanlarda, yəni may ayının ortalarında bununla bağlı məlumat veriləcək, pandemiyanın bitdiyi elan olunacaq. Yubanmanın səbəbi hələ də bəzi ölkələrdə yoluxma sayının yüksək olması ilə bağlıdır, bununla bağlı ehtiyatla davranırlar. Amma dünyanın bir çox ölkələrində artıq epidemioloji vəziyyət stabilləşib. Hazırda yoluxma sayı az da olsa, hələ ki dünya ölkələrində var. Amma epidemiya səviyyəsində deyil”.

Həkim-infeksionist Nicat Əzimli isə bildirib ki, hazırda ümumi dünya statistikasına baxdıqda, xüsusilə son 2-3 ay ərzində yoluxma sayları ilə bağlı demək olar ki, yalnız müsbət dəyişikliklər görülür: "Elə Azərbaycanda da eyni tendensiya mövcuddur. Nəticə olaraq, gedişat belə davam edərsə, rəsmi qurumların ümidverici fikirlər səsləndirməsi normaldır. Payız aylarında da bu cür vəziyyət hökm sürsə, Ümumdünya Səhiyyə Təşkilatının pandemiyanın sonlandığını elan etməsi ehtimalı gözlənilən olacaq. Mövsümi olaraq infeksion, hava-damcı xəstəliklərinin sayında artım olması həmişə təbii hal hesab olunub. COVİD-19-la bağlı da bu cür artım gözlənilir. Lakin yoluxma sayının keçənilki qədər yüksəlməyəcəyini düşünürəm. Əgər yeni bir mutasiya baş verməsə, bu artım ciddi səviyyədə narahatlıq doğurmayacaq. Qadağaların tətbiq edilməsinə səbəb olmayacaq. Çünki hazırkı variantlara qarşı yaranmış kollektiv immunitet bunun baş verməsinin qarşısını almaq gücündədir. Pandemiya bitsə belə, koronavirus insanlar arasında dövr etdiyi təqdirdə buna qarşı hər zaman tədbirlər həm fərdi, həm də kütləvi şəkildə davam etdirilməlidir. Çünki çətin dönəmdə çox sayda COVİD-19 xəstəsi ilə işləmiş bir həkim olaraq, qeyd edə bilərəm ki, bu, adi respirator xəstəlik deyil".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.