Tıxac problemi TIXACA DÜŞÜB... - “Məmurların kefi harada istəyir...”

18-06-2022, 10:42           
Tıxac problemi TIXACA DÜŞÜB... -
Nəqliyyat sisteminin ən ciddi problemlərindən biri də tıxaclardır.

Hər zaman bu problem ön plana çəkilsə də, aidiyyəti qurumlar tərəfindən düzgün iş görülməyib, yekun addım atılmayıb. Nəticədə hər gün şəhərin müxtəlif yerlərində uzun tıxaclaclar müşahidə edirik və bu, hər birimizin həyatına, zamanına təsir edir. Teref.az-ın məlumatına görə, nəqliyyat eksperti Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında bildirib ki, tıxac problemi artıq Bakının həyat tərzinə çevirilib:

“İş o yerə çatıb ki, insanlar tıxac olmayanda təəccüblənirlər. Yol təsərrüfatı ilə bağlı işlər təcrübə əsasında yox, nəzəriyyə əsasında aparılır. Bir çıxıb küçəyə baxmırlar ki, burada vəziyyət necədir, niyə belə tıxac var. Kabinetdə oturub qərar verirlər ki, gedək, filan yerdə filan yolu çəkək. Daha fikirləşmirlər ki, o artırdıqları zolağın yükü gəlib haradasa düyünlənib qalacaq.

Məsələn, Bakı-Sumqayıt yolu. Bir zolağı həm Xırdalan istiqamətində, həm şəhər istiqamətində genişləndirdilər. Bir istiqamətdə gedənlər rahat gedə bilir, Xırdalan dairəsinə daxil olanda aləm bir-birinə dəyir. Çünki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində layihəni baş-ayaq hazırlayıb. Orada geniş kompleks işlər görülməlidi idi. Mən təklif etmişdim ki, metronun “Koroğlu” stansiyasının üstündəki asma körpünün mini forması həmin ərazidə qurulmalıdır. Amma bunlar gətirib yenə zolağı genişləndirdilər. Yəni, bunun həlli yolu beynəlxalq təcrübə, İran, nə bilim, ingilis, Çin işi deyil. Bizim mütəxəssislər belə, bunu səmərəli şəkildə həll edib yoluna qoya bilərlər. Amma şəxsi maraqlar güdülməsə, ciblər güdülməsə həlli yolu çoxdur”.

Ekspert bildirib ki, 10 il sonra da eyni problemi yaşaya bilərik:

“Yollara ayrılan pullarla indi Bakıda ikimərtəbəli yollar da tikmək olardı. Amma hanı? Bu gün yolu tikirlər, bir ay sonra o yol çökür, dağılır. Nəqliyyat planlaması xüsusi istedad tələb edir, acgözlük, hərislik yox. Orada rol oynayan dövlətin maraqları olmalıdır. Tıxac dövlət iqtisadiyyatına da ziyan vuran bir amildir.

İşə gecikən müəllim gedib normal dərs deyə bilmir, eləcə də mühəndis gedib necə effektiv iş görə bilər. Bunun qarşısını almaq üçün yollar olmalıdır. İndi deyirlər ki, Azərbaycanda avtomobilləşmə yüksək səviyyədədir, çatdırmaq olmur. 10 milyon əhalimiz var, 100 nəfərə 14 avtomobil düşür. İsveçin bir şəhərində əhalidən iki qat artıq maşın var. Necə tənzimləyirlər? Çünki bizdəkilər kimi öz ciblərini güdməyiblər. Bizdə hansı məmurun kefi harada istəyir, bina tikir. İndi gəlin, görək, biz o binanı sökə bilərikmi? Xeyr. Bu kimi problemlər də tıxac yaradır. Bu hələ bizim yaxşı vəziyyətimizdir. Yollar 10 ildən sonra bundan da pis vəziyyətdə olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.