Biz hardayıq, irəlidə, yoxsa, çox geridə?...

19-06-2022, 11:32           
Biz hardayıq, irəlidə, yoxsa, çox geridə?...
Yarımçıq olmaq ağırdır. Biz hamımız toplum olaraq yarmçıq yaşadıq. Nə qul kim tam qul, nə də azad insan olaraq bu azadlığı duya bilmədik. Bu, bizim xarakterimizdən, altşüurumuzdan qaynaqlanır. Spartak bu coğrafiyada kölə olsa idi, heç vaxt üsyan etməzdi. Sezar da bu sərhədlər daxilində özünü azad saymaz, suallara cavab tapmağa cəhd göstərməzdi. Hər ikisi həyatını yaşayardı. Sadə dillə desək, başlarını aşağı salıb işlərini görərdi...

Bu coğrafiyada təfəkkür fərqlidir. Düşüncə fərdidir. Köləlik qabulolunandır. Hökmranlıq şahsevərlik və ibadətdir. Dindarlıq ənənədir. Şairlik möcüzə kimi qəbul olunandır. Yazıçılıq baş əyməkdir. Sərkərdəlik sadəcə əfsanədir. Yaşamaq isə sənin iradən daxilində deyil, yaradanın istəyidir.

Bütün bunların hamısı da tam deyil. Yarımçıqdır. Əgər sözünü deyə bilirsənsə, bu sənin xidmətin deyil, kimisə borclusan. Əgər pul qazana bilirsənsə, bu sənin fərasətin deyil, sənə yaradılan imkanla bağlıdır. Əgər nərdivanın hansısa pilləsinə ayaq qoya bilirsənsə, bu da kiminsə icazəsi ilədir. Kimsən ki sən?! Qələt edib, başını da daşa döyərsən...

Sən tam ola bilməzsən. Bədbəxtliyin də, köləliyin də tam ola bilməz. Hətta sən sufi olsan da, yolunu şeytanlar kəsər. Sən şeytanla bazarlıq etməlisən, şərik olmalısan ki, öz mənəvi dünyanda yaşaya biləsən. Mənəvi dünya da sənin üçün tam açıq deyil. Yarımçıqsan. Şəriksən. Tək başına heç kimsən. Bədbəxtsən...

Bunu qəbul etdik. Biz buyuq...

Qəbul etdik ki, xoşbəxt olan adam həmişə xoşbəxt olan adam deyil. Bu an məsələsidir. Bununla təskinlik tapdıq.

Hətta onu da qəbul etdik ki, xoşbəxt adam hər yanda bədbəxtlik olanda xoşbəxt olmağı bacara biləndir. Bu, fəlsəfədir. Biz bu fəlsəfəni hər şeyə göz yumaraq qəbul etdik. Anlamağa çalışdıq. Bildik ki, xoşbəxt adam həyatı başa düşən və onun bütün ziddiyyətlərini qəbul edəndir. Və onu da balaca ağlımızla bilirik ki, həmişə xoşbəxt olmaq arzusunun özü axmaq bir düşüncədir. Həyatın dəniz dalğası olduğunu da anladıq. Bilirik ki, həmişə xoşbəxt olmaq arzusu ilə xəyallarla yaşamaq sonunda bədbəxtlik yaradır, həyat isə sürprizlərini hər an qarşımıza çıxarır. Arzuladığımız həyata çatmadığmız müddətcə daha çox bədbəxt oluruq. Bu, bizim tamahkarlığımızdan başqa bir şey deyil. Olsun! Coğrafi şərtlər elədir ki, arzular da məhdud olmalıdır. Burada təxəyyülə yer yoxdur. Hər şey real, hər şey dəqiq olmalıdır. Reallıq hissini itirmək səfehlikdir.

Yuxularda belə azad ola bilmirsən. Sayaqlama da səni ələ verir bəzən. Sənin sayaqlaman məhkəmə salonlarında dəlil olaraq təqdim oluna bilər. Biz bütün dünyadan çox irəlidəyik. Dünya hüquq sistemi hələ də hipnoz altında alınan ifadənin sübut kimi qəbul edilib-edilməməsi üzərində baş sındırdığı bir zamanda biz sayaqlamanı cinayət faktı kimi qəbul edirik...

Biz hardayıq?! İrəlidə, yoxsa, çox geridə?...

Ümumiyyətlə, hansı hüquq, fəlsəfi və teoloji sistemdəyik? Bizdən kim baş aça bilər ki? Biz bir möcüzəyik...

Elnur Məmmədli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru