ELM ADI ALTINDA MƏNİMSƏNİLƏN MİLYONLARIN HESABI SORULMALIDIR – İdris Abbasov

20-06-2022, 17:23           
 ELM ADI ALTINDA MƏNİMSƏNİLƏN MİLYONLARIN HESABI SORULMALIDIR –
Maliyyə naziri Samir Şərifov Milli Məclisdəki çıxışında elm sahəsi üzrə xərclərin az maliyyələşdirilməsi iddiasına cavab olaraq deyib ki, keçən il üzrə elmə ayrılmış vəsait 15% az istifadə olunub. Nazir bunun əsas səbəbini Milli Elmlər Akademiyasının strukturundakı elmi müəssisələrdə vakansiyaların çoxluğu ilə izah edibsə, digər köklü səbəbi Elmin İnkişafı Fondunun vəsaitlərinin tam istifadə edilməməsində görüb.

“Dövlət büdcəsi xərclərinin səmərəli istifadəsinin şahidi olacağıq” cümləsi istisna olmaqla, cənab nazirin efirdə gedən 1,5 dəqiqəlik çıxışı, düzü, mənim üçün xeyli dolaşıq oldu. Nə deyim? Başa düşməməyimi iqtisadiyyatçı olmamağımla da əlaqələndirmək olar. Məsələn, nazirin dilindən səslənən akademiyada “vakansiyaların çoxluğu”, “Elmin İnkişafı Fondunun vəsaitlərinin tam istifadə edilməməsi” ifadələri çox müəmmalı və qəribə görünür. Sanki Fondun ayrıdığı milyonlarla qrantların mənimsənilməsindən 16 illik nazir heç mətbuatdan da xəbər tutmayıb. Nə bilmək olar? Bəlkə də, məmur abırına qısılıb akademik-alimləri rüsvay etmək istəməyib?! Bəlkə nazir üstüörtülü şəkildə deyib ki, ay aidiyyəti orqanlar, “elm sahəsi üzrə xərclər az maliyyələşdirilir” təklifinin müqabilində akademiyanı və universitetləri yaxşı-yaxşı təftiş edin?! Bax, beləcə, sayğıdəyər nazirimizin qısa çıxışı bir çox mülahizələrə yol açır...

Dövlət büdcəsindən elmə ayrılan vəsaitlər saxta yolla yeyilir, mənimsənilir. Hamının gözü qabağında milyonlar, yüz minlər elm adı altında göyə sovrulduğu halda, dövlət əhəmiyyətli fundamental əsərlərin çapına və onların müəlliflərinin stimullaşdırılmasına vəsait ayrılmır. Elmin nüvəsinə girmiş qara qüvvələr dövlətin sütunlarına ard-arda zərbələr endirərək büdcə ayırmalarını şəxsi ciblərinə yığırlar.

Vakansiyaya gəlincə, xatirinizdədirsə, hələ 2014-cü ildə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli and-aman edib demişdi ki, akademiyada vakansiya yoxdur.

Mən isə nəyin olub, nəyin olmamasını bilmirəm, ancaq bir şeyi bilirəm ki, Milli Elmlər Akademiyasında şəffaflıq yoxdur. Şəffaflıq olmayan yerdə isə dövlətə xidmət yoxdur. Bəlkə belə bir sual vermək maliyyə nazirinin səlahiyyətində deyil, amma mən o sualı verəcəyəm:

Şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan möhtərəm alim-akademiklər və onların həndəvərində özlərinə “gün” ağlayanlar! Deyin görək, son 10-15 ildə əsasən Milli Elmlər Akademiyasına və qismən də universitetlərə – Elmin İnkişafı Fondu daxil olmaqla –dövlətdən ayrılan külli miqdarda vəsaitlərin taleyi necə oldu? Məsələn, son 10 ildə – akademiyanın o biri institutlarını hələ demirəm – təkcə Dilçilik İnstitutuna ayrılan milyonların, yüz minlərin aqibəti necoldu? Saxta kitablar çap etmək, ucuz avadanlıqları baha qiymətə sənədləşdirməklə və digər rəngarəng maxinasiyalarla saxta pulmənimsəmə, milyonları göyə sovurma əməliyyatlarının arxasında kim, yaxud hansı şəbəkə dayanır? Faydalı iş görmək əvəzinə, saxta kitab təqdimatı şənlikləri, iclasbazlıq, reklamşünaslıq, daxili auditoriyanı aldatmalar, gözə kül üfürmələrlə ört-basdır əməliyyatlarının təşkilatçıları kimlərdir? Ölkə Prezidentinin Sərəncamına uyğun dünya kitabxanalarında mühafizə olunan fundamental milli-mənəvi abidələrimizin böyük zəhmətlər hesabına tədqiqi və yenidən canlandırılması ilə elmi ictimaiyyəti təəccübləndirən bir akademiya əməkdaşını düz söz dediyinə və büdcəni dağıdanlara qarşı çıxdığına görə təqib edən, haqqını yeyən, onu mənəvi-psixoloji təzyiq və təhdidlərə məruz qoyan, maddi məhrumiyyətələrə düçar edən, əksinə, elmdə saxtakarları, oğru, rüşvətxor və dağıdıcıları stimullaşdıran hansı şəxslər və ya qruplardır?

Şəffaflıq mühiti yaradılmadıqca, qanlı neştərlərini “elm” adlı zərif nahiyəyə dirəyərək dövlətin qanını sorub şişənlər cəzalandırılmadıqca elmə vəsait ayrılması sadəlövhlük və mən deyərdim ki, dövlət əhəmiyyətli məsuliyyətsizlikdir.
P.S. Mənim fikrimcə, bir dövlətin maliyyə naziri müsbət mənada “xəsis” olmalıdır, büdcənin boşa xərclənən hər 1 manatı üçün göz yaşı tökməlidir, öz çıxışında səbəbkarları qorxmadan, çəkinmədən ifşa etməlidir və s.

İdris ABBASOV,
Professor //hurriyyet.az//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.