Eldar Mahmudov komandasını satıb
3-05-2016, 09:55
«MTN işi» ilə bağlı ilginc təfərrüatlar
Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərovdan sabiq MTN şefi Eldar Mahmudovun əleyhinə ifadə almağa çalışırlar. Bu barədə redaksiyamıza verilən məlumatda bildirilir ki, Vəli Ələsgərova qarşı işgəncələrin kökündə də bu dayanır.
Vəli Ələsgərovun vəkili Vüqar Xasayev isə “Azadlıq”a bildirib ki, rəsmi dindirmədə müdafiə etdiyi şəxsdən bu barədə soruşmayıblar. Amma vəkilin fikrincə, Vəli Ələsgərovun həbsi Eldar Mahmudovla bağlıdır. “Lakin müdafiə etdiyim şəxsin Eldar Mahmudovla münasibətləri yaxşı olmayıb. Onun Eldar Mahmudovla işbirliyində olması mümkün deyil”,- deyə vəkil bildirib.ÿ
Bəzi məlumatlara görə, Vəli Ələsgərova qarşı sərt rəftar onun Eldar Mahmudovun təklifləri barədə Vasif Talıbova məlumat verməməsi ilə bağlıdır. Başqa məlumatlarda isə bildirilir ki, Vəli Ələsgərov Vasif Talıbovdan xəbərsiz milli təhlükəsizlik naziri olmaq üçün iş apardığına görə hədəfə gəlib.
Bu arada redaksiyamıza Eldar Mahmudovla bağlı da ilginc məlumat daxil olub. Məlumatda deyilir ki, faktiki olaraq ev dustağı olan Eldar Mahmudov komandasını satıb. O, MTN-in adı ilə bağlı pul əməliyyatları və işgəncə faktlarından xəbərsiz olduğunu bildirib. Bununla da Eldar Mahmudov faktiki olaraq bütün məsuliyyəti komandasının üzərinə atıb. Məlumatda həmçinin bildirilir ki, hakimiyyətdə bir qism Eldar Mahmudovun üzərinə çox gedilməsini istəmir. Onların bu mövqedə olmaları barələrində Eldar Mahmudovda hansısa kompromatların olmasından ehtiyat edirlər. Amma hakimiyyətdəki Naxçıvan qruplaşması Eldar Mahmudovun cəzalandırılmasına israr edir. Vasif Talıbovun Vəli Ələsgərova qarşı tutduğu sərt mövqe də bununla bağlıdır.azadliq.info/