"OpenAI" və "Oracle" arasında 300 milyard dollarlıq müqavilə
Bu gün, 16:34

Texnologiya nəhəngləri "OpenAI" və "Oracle" 300 milyard dollar dəyərində məlumatların emalı mübadiləsi sazişi imzalayıblar.
"Wall Street Journal"ın məlumatına görə, tərəflər iyul ayında "Softbank" və ABŞ prezidenti Donald Trampın da dəstəklədiyi daha geniş "Stargate" layihəsinin bir hissəsi olaraq 4,5 qiqavatt gücündə məlumat mərkəzləri tikmək üçün əməkdaşlıq edəcəklərini açıqlamışdılar. Lakin "OpenAI"ın bu infrastruktur üçün nə qədər vəsait ödəyəcəyi açıqlanmamışdı. Yeni müqavilənin isə 2027-ci ildən qüvvəyə minəcəyi bildirilir.
Hazırda illik 12,7 milyard dollar gəlir gözlənilən "OpenAI" eyni zamanda yarımkeçirici istehsalçısı "Broadcom" ilə süni intellekt çiplərinin hazırlanması üçün 10 milyard dollarlıq ayrıca müqavilə imzalayıb.
"Oracle"ın baş icraçı direktoru Safra Kats şirkətin son rüblük hesabatında üç anonim müştəri ilə ümumilikdə 4 milyard dollarlıq müqavilə bağlandığını bildirib. Onun sözlərinə görə, bu proses "Oracle"ın bulud infrastrukturu gəlirlərini il ərzində 77 faiz artırıb. Ümumilikdə şirkət, birinci rübdə gələcək müqavilə öhdəliklərinə 317 milyard dollardan çox əlavə edib. Bu nəticə şirkətin səhmlərinin dəyərini yüksəldib və rəhbərlərdən Lerri Ellisonun dünyanın ən varlı şəxsləri sırasında ön sıralara yüksəlməsinə səbəb olub.