Bəzi ölkələrdə satılacaq "iPhone 17 Pro"nun batareya ömrü daha uzun olacaq - Səbəb nədir?
Bu gün, 16:14

"Apple" "iPhone 17" və "iPhone Air" ilə yanaşı yeni flaqman seriyası "iPhone 17 Pro"nu da təqdim edib. Yeni model alüminium gövdə dizaynı, A19 Pro prosessoru, təkmilləşdirilmiş kamera sistemi və daha uzun batareya ömrü ilə diqqət çəkir.
Valyuta.az xəbər verir ki, şirkət bəzi ölkələrdə satılacaq "iPhone 17 Pro" və "iPhone 17 Pro Max" modellərində fiziki SIM kart yuvasını tamamilə ləğv edərək yalnız eSIM dəstəyinə keçib. Bu qərar, cihazların içində əlavə yer açaraq daha böyük batareya yerləşdirilməsinə imkan verib. Nəticədə, bu xüsusi modellər standart versiyalara nisbətən daha uzun istifadə müddəti təqdim edir.
"Apple"ın açıqlamasına görə, Bahreyn, Kanada, Qvam, Yaponiya, Küveyt, Meksika, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Virciniya adalarında satılacaq eSIM-lı modellər, video izləmə müddətində iki saata qədər əlavə istifadə imkanı verir.
Rəsmi göstəricilərə əsasən:
* Standart "iPhone 17 Pro" 31 saat video oynatma, 28 saat onlayn video izləmə imkanı təqdim edir. eSIM-only versiyası isə 33 saat video oynatma və 30 saat onlayn izləmə müddəti ilə fərqlənir.
* "iPhone 17 Pro Max"in fiziki SIM-lı modeli 37 saat video oynatma, 33 saat onlayn izləmə imkanı təqdim edərkən, yalnız eSIM dəstəkli versiyası bu göstəriciləri 39 və 35 saata yüksəldir.
Bundan başqa, "Apple" iOS 26 versiyasında da səyahətlər zamanı eSIM idarəsini asanlaşdıracaq yeni funksiyalar təqdim edəcəyini bildirib.