Dejurnı” veteranları başlarına yığıb, özlərini təriflətməyə, qazilərə dəstək verdiklərini dilə gətirməyə başlayıblar

16-07-2022, 12:15           
Dejurnı” veteranları başlarına yığıb, özlərini təriflətməyə, qazilərə dəstək verdiklərini dilə gətirməyə başlayıblar
Azərbaycan bəlkə yeganə ölkədir ki, qazilər, şəhid ailələri və əlillərlə bağlı məsələlərdə başqa dövlətlərin təcrübəsinə müraciət etməməlidir. Çünki Azərbaycan nəinki müstəqillik dövründə, hətta müstəqilliyin bərpasından əvvəl də şəhidlər verməyə başlayıb. O baxımdan, müharibə veteranı və əlilləri də ölkənin müstəqillik tarixi ilə eyni yaşdadır.
Aylar öncə ordu daxilindəki problemləri, şəhid ailələri, əlillər və veteranların problemlərini araşdırmaq üçün ictimai əsaslarla təşkilat yaratmağa cəhd etdik. Məqsəd araşdırmaq və təkliflərlə çıxış etmək idi. Bir toplantı gerçəkləşdirdik. İlk şərt bu olmuşdu ki, təşkilat öz üzvlərinin müstəqilliyinə mane olmayacaq. Hər kəs əvvəlki kimi fəaliyyətini davam etdirəcək.
Yığıncaqla bağlı informasiya yaydıq. Nəticə nə oldu? Bir neçə internet kanalları bunu müzakirəyə çıxardı və hamısı bir ağızdan bildirdi ki, satılıblar, pul alıblar, qrant almaq üçün yığılıblar. Deyir, xain xoflu olar. Bir təşkilat yarananda heç vaxt düşünmürəm ki, satılıblar və ya satılmaq üçün bu işə girişiblər. İzləyib, sonra qərar verirəm. Kimlər ki pul alıb iş görürsə və ya niyyəti pul qazanmaq üçün iş görməkdirsə, onlar məhz bu məqamdan yapışdılar.
Özünə hörmət edən şəxslər də yığıncaqda qərar verdilər ki, bir daş altdan, bir daş üstdən. Beləcə, o təşkilat heç ölü də doğulmadı. Sual yaranacaq ki, bunları niyə yazırsan? Ona görə ki, son günlər qazilərin intiharının artmasından sonra insanlar yazırlar, uyğun bir təşkilata ehtiyac olduğunu bildirirlər.
Həmin o adamlar bunu deyib, yazır ki, ictimai əsaslarla qurmaq istədiyimiz işə 50 damğa vurdular. Bəziləri var ki, prosesi qızışdırır, sonra qurumlara gedib deyir ki, biz onları sakitləşdirəcəyik və qarşılığında da yaxşıca qazanırlar. Veteranlarla bağlı hər dəfə yazanda bildirmişəm ki, onları bölmək olmaz, ikisi də bir torpaq uğrunda döyüşüb. Biri daha çox ərazilərimizin işğal olmasının qarşısını alıb, digəri isə gedib itirilmiş torpaqlarımızı geri qaytarıb.
Ancaq ikinci müharibənin veteranlarına daha çox diqqət ayrılanda, birinci müharibənin bəzi veteranları gileylənirdi. Anlamırdılar ki, təzədirlər. İndi həmin veteranlar deyirlər ki, bəs o vaxt bizi də sıxırdılar, bizim də çətinliklərimiz var idi, ancaq biz intihar etmirdik, siz niyə edirsiniz? Heç hənanın yeridir? Bu bilirsiniz nəyə oxşayır? Biri özünə yeni nəsə almaq istəyəndə, əslində, xain xislətli, loru dildə desək, qarnı qurdlu bir qohumu böyürdən çıxıb deyir ki, dədən-baban ondan işlədib, sən neynirsən?
“Birinci”lərin də bu cür məsləhəti eynilə o xain xislətli qohumun iradına bənzəyir. Son baş verənlərdən sonra qazilərə münasibətdə “sınanmış” üsula əl atılıb. Parçala və hökm et. Artıq qazilər bir-birinə qarşı qoyulur. Bir-birilərini “satılmaqda” ititham edən qruplaşmalar yaranır. Ortada bir problem var. Ondan çıxış yolu tapmaq lazımdır. Parçalamaq, üz-üzə qoymaq problemin həlli ola bilməz! Bu, sadəcə problemi dərinləşdirəcək.
Son günlər bir çox məmurlar da hərəkətə keçiblər. “Dejurnı” veteranları başlarına yığıb, özlərini təriflətməyə, qazilərə dəstək verdiklərini dilə gətirməyə başlayıblar. Kimsə deyəcək ki, niyə o veteranlara “dejurnı” deyirsən? Çünki başqa cür ifadə seçmək mümkün deyil. Hər zaman əl altındadırlar, hara çağırsalar, gedirlər, veteran yoldaşlarını məmurun bir təbəssümünə qurban verirlər.
Bir qrup şəhid ailəsini, qazini və əlili də “media ulduzu”na çeviriblər. Hər yerə eyni adamları dəvət edirlər, hər tədbirdə eyni adamlar çıxış edir və hər şeyin yaxşı olduğunu demək lazım olanda da o adamlara mikrafon uzadılır. Digərlərinə hörmət etmirsiniz, heç olmasa, özünüzə hörmət edin. Yazdıqlarımın yiyəsi çoxdur, kimin boynuna nə qədər yük düşər, düşər. Onu da mən bölməyəcəm ki…
Səxavət Məmməd
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.