Çörəyin qiyməti ucuzlaşır? -ŞOK AÇIQLAMA
17-05-2024, 10:28
Azərbaycanda unun topdansatışı ilə məşğul olan şirkətlər tərəfindən verilən məlumata görə hazırda 50 kiloqramlıq un kisəsinin qiyməti 24,6-26,7 manat arasında dəyişir.
Təxminən 25 gün əvvəl 50 kiloqramlıq un kisəsinin qiyməti 26-28,5 manat arasında dəyişib. Açıqlanan məlumatlardan da göründüyü kimi, son 25 gün ərzində unun topdansatış qiyməti 6%-dən çox ucuzlaşıb. Qeyd edək ki, hazırda 50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 24,6 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 26,7 manata “Azeri-Arapoğlu U.S və T.LTD” BM satır.
Məlumat üçün bildirək ki, ötən ilin yanvar ayında topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 37-38,5 manat arasında dəyişib.
Rəqəmlərdən də göründüyü kimi, ötən ilin yanvar ayından bu ilin aprel ayına kimi olan dövr ərzində 50 kiloqramlıq un kisəsinin qiyməti 33,5% ucuzlaşıb.
Maraqlıdır ki, ötən ilin əvvəlindən bu günə kimi unun qiymətində 30%-ə yaxın ucuzlaşma olsa da, çörəyin qiymətində ciddi dəyişiklik olmayıb.
Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumata görə, ötən ilin yanvar ayında 1 kiloqram çörəyin qiyməti 1,34 manat olub. Bu ilin aprel ayının əvvəlinə olan rəsmi məlumatda isə göstərilir ki, 1 kiloqram çörəyin qiyməti 1,19 manat təşkil edib.
Açıqlanan rəsmi məlumatdan da göründüyü kimi, ötən ilin yanvar ayından bu ilin aprel ayına kimi 1 kiloqram çörəyin qiyməti cəmi 11% ucuzlaşıb.
İqtisadçı ekspert, Natiq Cəfərli "Sherg.az"a bildirib ki, unun ucuzlaşmasının səbəbi dünyada taxılın qiymətinin aşağı düşməsidir:
“Son aylar taxılın qiymətlərində ucuzlaşma müşahidə olunur. Bilirsiniz ki, Azərbaycan taxılı xaricdən alır. Taxılın ucuzlaşması isə un məmulatlarınınında ucuzlaşması ilə nəticələnir. Bu ucuzlaşma böyük həcmdə deyil ki, həmin an çörək və un məmulatlarına təsir göstərsin. Lakin irəliləyiş yaxşı haldır. Sözügedən tendensiya davam edərsə, un məmulatlarının qiymətinə müsbət təsir göstərə bilər. Yəni onların azda olsa ucuzlaşmasını görə bilərik.”
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov isə bildirib ki, bu günkü gündə 50 kiloqramlıq unun qiyməti 26-27 manat arasındadır:
“Təhlil onu göstərir ki, qiymət qalxan xətt ilə müəyyən həddə qədər davam edəcək. 2 gündü artıq qiymətlərdə artım müşahidə edilir. Qiymətin bu səviyyədə dəyişməsi sosial çörəklərin qiymətinə təsir etmir. Çünki onlar qiyməti sabit saxlamağa çalışırlar. Sosial çörəyin üzərində İqtisadiyyat Nazirliyinin ciddi nəzarəti var. Qeyd edim ki, bu nəzarət qeyri-qanunidir. Əslində sosial çörəklərində qiyməti sərbəst olmalıdır. Lakin qeyri-qanuni təzyiq var ki, sosial çörəklərin qiyməti qalxmasın. Əgər o təzyiq davam edərsə yəqin onlar da qiyməti sərbəst olan çörəklər sırasına keçə bilərlər. Hökumət elə şərait yaratmalıdır ki, xammalın qiyməti aşağı olsun. Sosial çörəyin qiymətinin qalxmasında marketlərin də böyük rolu var. Marketlər çörək satışının üzərinə öz faizlərini əlavə edirlər. Ümumiyyətlə bu sahədə böyük problemlər yaşanır.”