Azərbaycan və Belarus arasında strateji əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir - İsrafil Kərimovun yazısı

16-05-2024, 17:26           
Azərbaycan və Belarus arasında strateji əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir -
Azərbaycan və Belarus arasında strateji əməkdaşlıq əlaqələri xüsusi əhəmiyyət kəsb edir
Azərbaycanın xarici siyasətində MDB dövlətləri ilə əməkdaşlıq əsas
istiqamətlərdən birini təşkil edir. Bu baxımdan Belorus ilə Azərbaycan
arasında qarşılıqlı anlaşma mühiti mövcuddur.
Azərbaycan-Belarus münasibətləri möhkəm dostluğa, qarşılıqlı
etimada və strateji tərəfdaşlığa əsaslanır. İki ölkənin möhkəm təməllər
üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Belorus və
Azərbaycan bütün beynəlxalq təşkilatlarda bir-birinin mövqeyini dəstəkləyir.
Qeyd edilməlidir ki, Azərbaycan-Belarus münasibətlərində qarşılıqlı
siyasi etimadın formalaşmasının səbəblərindən biri də rəsmi Minskin Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı tutduğu prinsipial mövqe və Azərbaycanın və
Belarusun təmsil olunmadığı beynəlxalq təşkilatlarda bir-birlərini
dəstəkləmələridir. Məsələn, Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi
Təşkilatında Ermənistanın müttəfiqi sayılsa da, ərazi bütövlüyü
məsələsində Azərbaycanın mövqeyini dəstəkləyib. Həmçinin iki ölkə
arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində dövlət
başçıları arasında səmimi dostluq, qarşılıqlı etimad və dialoq mühüm rol
oynayır.
Mayın 16-da Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə
Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Rəsmi qarşılanma
mərasimindən sonra hər iki dövlət başçısının təkbətək və geniş tərkibdə
görüşləri keçirilib. Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr
Lukaşenko ilə geniş tərkibdə görüşdə deyib: “Ölkələrimiz arasında etimada,
qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı
çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və
zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə
doğurmur”. Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası
münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə
bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.
Geniştərkibli görüş zamanı Belarus lideri Aleksandr Lukaşenko qeyd
edib ki, Azərbaycanın azad edilən ərazilərində dirçəliş dövrü başlayıb.
Bildirib ki, ölkəsi azad edilmiş ərazilərin bərpasına kömək göstərə və bu
prosesdə iştirak edə bilər: "Sizin kifayət qədər köməkçiləriniz var, amma biz
bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə
bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş
yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin
mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə
yarayarsa texnikamız burada olar və işləyər”.
Sonradan Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi
keçirilib. Mərasimdə bir sıra mühüm sənədlərin, o cümlədən “Azərbaycan
Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında
malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı
tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus
Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində
əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər
edilməsinə dair Protokol”u və “Azərbaycan Respublikası Hökuməti və
Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq
haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə
dair Protokol”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə
Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm
sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər
Planı”nı, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus
Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında
rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və
reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında
Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin
“İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında
Anlaşma Memorandumu” imzalanıb.
Mərasimdə həmçinin “Bakı şəhəri (Azərbaycan Respublikası) ilə Minsk
şəhəri (Belarus Respublikası) arasında, “Gəncə şəhəri (Azərbaycan
Respublikası) ilə Qomel şəhəri (Belarus Respublikası) arasında, “Qəbələ
şəhəri (Azərbaycan Respublikası) ilə Qrodno şəhəri (Belarus Respublikası)
arasında qardaşlaşma əlaqələrinin qurulmasına dair Anlaşma
Memorandumlar”ı imzalanıb.
Mərasimin sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Belarus
Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər.
Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda Azərbaycan
Prezidenti İlham Əliyev ilə danışıqların yekunu üzrə jurnalistlərə
açıqlamasında deyib ki, Azərbaycan son illərdə böyük uğurlara nail
olub. Onun sözlərinə görə, Azərbaycan son illərdə, hər şeydən əvvəl,
əsas problemini həll etməklə (uzun müddət ərzində sadəcə səhraya
çevrilən torpaqlarını qaytarmaqla) çox böyük uğura nail olub.
Qeyd edilib ki, Belarus və Azərbaycan sənaye sahəsində
əməkdaşlığı əhəmiyyətli dərəcədə genişləndirməyə hazırdır. “Biz bütün
məsələləri müzakirə etdik, açıq qalan məsələlər yox idi. Buraya təkcə
MAZ avadanlıqlarının deyil, həm də yanğınsöndürmə texnikasının birgə
istehsalı daxildir. Üstəlik, buraya lift avadanlığının istehsalı (sovet
evlərində köhnə liftlərin dəyişdirilməsinə ehtiyac var) daxildir. Biz bu
istehsalı saxlamışıq və azərbaycanlı dostlarımızla burada bu avadanlığı
istehsal etməyə hazırıq”, - o bildirib.
Həmçinin Prezident Aleksandr Lukaşenko Belarus Azərbaycana
birgə əczaçılıq müəssisələri yaratmağı təklif edib. “Əczaçılıq
məhsullarına gəlincə, biz hətta sabah belə, sizə lazım olan dərmanların
tədarükünə başlamağa və Belarusda istehsal edə biləcəyimiz
dərmanlar və baytarlıq preparatları üçün burada birgə istehsal
yaratmağa hazırıq. Bu da çox böyük proqramdır. Bu, Azərbaycanda
heç kimin işləməsinə mane olmayan proqramdır. Biz bu zaman burada
heç kimlə rəqabət aparmırıq. Baxmayaraq ki, bu sahədə rəqabət
olmalıdır”, - o bildirib.
Əminliklə bildirmək olar ki, Azərbaycan və Belarus arasında olan
strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından,
xüsusi əhəmiyyət kəsb edir. Bu əlaqələr, eyni zamanda, regionun gələcək
tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.